“Azərbaycan”  qəzetinin səhifələrində  - 57-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 57-ci yazı

Sahir: "Üzüm bağları"

Üzüm ancaq Aralıq dənizi iqlimində, yəni yayları isti və quraq olan yerlərdə yetişir. Ekvatordakı isti və rütubətli məntəqələr, susuz çöllər, buzlu qütb ərazisi, meşəliklər, bir də yağışı bol mülayim iqlimli məntəqələr üzümlüklərin olmadığı yerlərdir. Yenə də bir çox dağlıq məntəqələrdə, sərin yaylaqlarda, dənizə yaxın rütubətli yerlərdə üzüm hasilə gəlməz. İran yaylası, səhralar istisna olunursa demək olar ki, başdan-başa üzüm bağları üçün ən əlverişli bir ölkədir.
Xüsusilə daha uyğun təbii şəraitə malik olan Azərbaycanın bir çox nöqtələrində geniş üzüm bağları keçmiş zamanlardan bəri əmələ gəlmişdir. Azərbaycanın üzümlük sahələri ən çox Şahi gölü ətrafında yerləşir. Belə ki, qərbdə Xoy, Salmas, Urmiyaya qədər və orada Sulduz və Qadar çayı boyunca olan yerlər də, cənubda isə Miyandoab, Məlik kəndi, xüsusilə Marağa, Marağa ilə Təbriz yolu üzündə düşən bütün yaşayış məntəqələri (Təbriz özü də) gözəl üzüm bağları ilə məşhurdur.
Sonra Şahi gölünün şimalında uzanan qarlar ilə örtülmüş firuzə rəngli Mişov dağı ətəkləri, cənubda Günəşli mahalı, şimalda isə Mərənd və Zünuz yerləri üzüm ağacları ilə bəzənmişlər. Qaradağda, Miyanada, Qızıl Üzən sahilləri üstündə olan yerlərdə də az-çox üzüm ələ gəlir. Azərbaycanın üzümü çeşitlilik, incəlik və şirinlik etibarı ilə Türkiyə, Fransa və bir çox başqa üzüm hasil edən ölkələrin məhsulundan üstündür.
Bu gün Azərbaycanın quru üzümü (kişmiş, səbzə və s.) Avropa bazarlarında böyük şöhrətə malikdir. Onun şərab və alkol istehsalı yaxın zamanlarda İranın hər yerində əhəmiyyət tapmışdır. Demək olur ki, Azərbaycanın üzümündən çəkilən şərablar Şampan, Burqundi və Siraqoz şərablarından daha üstün bir şəraitə malikdir. Yalnız bu günə qədər böyük şərabçılıq fabrikləri olmadığından bizim zəngin ölkəmizin şərab məhsulu o qədər inkişaf etməmişdir.
Azərbaycanın üzüm məhsulu əhalinin ehtiyacından daha artıq olur və bu üzdən get-gedə üzüm bağlarının sahəsi azalır. Belə ki, bir çox yerlərdə üzüm bağlarını buğda və s. az qiymətli əkin yerlərinə çevirməkdədirlər. Üzüm bizim ölkəmizin təbii və tükənməz bir sərvəti olduğu üçün şübhəsiz, gələcəkdə böyük iqtisadi əhəmiyyətə malik olacaqdır. Bizim ölkəmizin məhsulu dünya bazarlarını tutacaq. Həm də bundan sonra quru üzüm qutuları və rəngarəng şərab şüşələri üzərində hər yerdə “Azərbaycan” adını oxuyacaqlar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165, 05.04.1946

***

Qəhrəmanlar heç vaxt unudulmurlar!

“Marağa şəhərindən gəlmiş teleqrafa görə, Baş nazir cənab Pişəvəri tərəfindən cənab Cəfər Kavyan fədai dəstələrinin və xalq qoşunlarının təşkilində etdiyi fəaliyyətinə, cənab Qulam Daneşyan və cənab Rəbi Kəbiri isə indiyə kimi Azərbaycan milli hərəkatında yorulmadan göstərmiş olduqları fəaliyyətlərinə görə general dərəcəsinə, cənab Aram Zadiqyan, Qulamrza Cavidan, Qulu Sübhi fədai dəstələrinin başçılığında göstərdikləri ləyaqətə görə polkovnik dərəcəsinə nail oldular”.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 165, 05.04.1

***

Azərbaycan Milli Hökumətinin Himni

Ey vətənim Azərbaycan,
Əbədi odlardan nişan.
Adlı-sanlı keçmişin var,
Sən böyütdün qəhrəmanlar.
***
Qoca Şərqin çırağısan,
Azadlığın bayrağısan.
Tarix boyunca yadigar
İftixarlı asarın var.
***
Sənsən bizə ana vətən,
Sənsən bizə nemət verən.
Sənsən bizə ruhi-rəvan,
Yaşa, yaşa Azərbaycan!
***
Əl uzatdı yadlar sənə
Pozmaq üçün izzətini.
Qalxdı şərəfli firqəmiz
Hifz elədi hörmətini.
***
Azadlığı bərpa edib
Nişan verdi qüdrətini.
Arzu edir ellərimiz
Dünya boyu şövkətini
***
Sənsən biz ana vətən
Sənsən bizə qüdrət verən.
Sənsən bizə ruhi-rəvan
Yaşa, yaşa Azərbaycan!
***
Azərbaycan, Azərbaycan!
Aslanların məkanısan,
Sən qurduğun yeni həyat
Xalqımıza verdi nicat.
***
Gözəl günlər gətiribsən,
Səttarxanlar yetiribsən,
Qoy yurdumuz cənnət olsun,
Düşmən bağrı qanla dolsun!
***
Sənsən bizə Ana vətən,
Sənsən bizə şöhrət verən,
Sənsən bizə ruhi-rəvan,
Yaşa, yaşa Azərbaycan!

M. Etimad.

***

"Qəhrəman fədailərimizin xidmətləri unudulmazdır"

Milli Hökumətimizin qurulmasında xalqımızın hər cür fədakarlıq göstərməsi unudulmaz məsələlərdən birisidir. Qışın soyuq gecələri səhərə kimi küçələrdə keşik çəkən, gecəni səhərə kimi zirzəmilərdə işləyən, çöllərdə dizə kimi qar içində qalan qəhrəman fədailərimizin bu fəaliyyətləri onların yüksək adları ilə bərabər Azərbaycanın parlaq tarixində həmişəlik olaraq şəfəqlənəcəkdir.
“21 Azər medalı” Milli Hökumətimizin tərəfindən fədailərimizə qədirbilənlik və təşəkkür ünvanı ilə verilmişdir. Bu qəhrəmanlıq medalı gələcəkdə fədailərimiz kimi Azərbaycanın tərəqqisi yolunda çalışan şəxslərin də sinələrini bəzəyəcəkdir. Hər bir şərəfli azərbaycanlının vəzifəsidir ki, öz Milli Hökuməti üçün əlindən gələn yardımı əsirgəməsin. Bunu da bilmək lazımdır ki, Milli Hökumətimiz hər kəsin zəhmət və xidmətini layiqincə qiymətləndirib və qiymətləndirəcəkdir.
20 il istibdad dövrünün qanlı pəncələri altında əzilən xalqımız indi öz qəhrəman oğullarının fədakarlıqları sayəsində azadlığını əlinə alaraq şanlı ölkəmizi hifz etmək üçün var qüvvəsi ilə çalışacaqdır. Qoy Azərbaycan xalqının düşmənləri anlasınlar ki, Azərbaycanın qəhrəman fədailəri ac, susuz, soyuq və hər cür çətinliklərə dözməyə hazırdırlar. Amma istismarçı siyasət dəllallarının qanlı çəkmələrı altında əzilməyə hazır deyildirlər.
Biz Azərbaycan xalqı qəhrəman fədailərimizin xidmətlərini heç bir vaxt unutmayıb və ölkəmizin azadlığı uğunda hədsiz fədakarlıqlar göstərən oğullarımızı daima səmimiyyətlə qarşılayacayıq.
Azərbaycanın qəhrəman fədailərinə eşq olsun!
H. S.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 163, 02.04.1946

***
Səməd Səbahi: "Firqədə təşkilat və təbliğat işlərini yüksək səviyyələrə qaldırmalı"

Firqə üzvlərinin gücü dərin siyasi biliyə sahib olmasındadır. Siyasi savadı olmayan firqə üzvü yağsız maşına bənzər. Buna görə də firqə üzvlərinin siyasi təhsilini artırmaq və bu işi nümunəvi təşkil etmək lazım gəlir. Firqəmizin həyati məsələlərindən başlamış beynəlxalq siyasi məsələlərinə qədər öyrənmək və ondan lazimi nəticələr çıxartmaq firqə üzvlərimizin qarşısında duran mühüm məsələlərdən biridir. Etirafla qeyd etmək lazımdır ki, milli muxtariyyətimiz qurulduğu son 4 ay ərzində vətənimizdə bütün sahələrdə tarixi addımlar atılmışdır. Dövlət işləri sırasında Milli Məclisimzin və milli dövlətimizin gördüyü islahat işləri çox səmərələr vermişdir. Ancaq firqəmizin istər təşkilat, istərsə də təbliğat işləri sahəsində gördüyü işlər daha da sürətlə inkişaf etməlidir.
İndilikdə bizdə istər firqə kadrı, istərsə də dövlət kadrı hələ layiqincə kifayət qədər yoxdur. Milli dövlətimizin təşkil olunduğu ilk dövrdə dövlət heyətini sağlam kadrlarla təmin etmək məqsədi ilə firqəmizin ən fəal rəhbər işciləri dövlət işlərinə keçirildilər. O zaman ən qüvvətli firqə işçilərinin dövlət işlərinə keçirilməsi olduqca düzgün hərəkət xətti idi. Çünki dövlətimiz firqəmizə nisbətən daha cavan idi və dövlətimizin qarşısında böyük tarixi vəzifələrin yerinə yetirilməsini nümunəvi təşkil etmək, cavan dövlətimizi demokratik prinsiplərə uyğun qurmaq kimi məsul vəzifələr dururdu.
Artıq milli dövlətimiz qurulmuş və gördüyü tarixi işlərlə xalqımızın qarşısında özünə dərin etimad qazanmağa müvəffəq olmuşdur. Firqənin rəhbər işçilərinin dövlət işlərinə keçməsi firqəmizdə rəhbər şəxsiyyətlərin əvvəllərə nisbətən azalmasına səbəb olmuşdur. Halbuki, firqəmizin indi qarşısında duran vəzifələr keçmişə nisbətən daha böyük, daha məsuldur.
Milli muxtariyyətimizin qazanılması uğrunda demokrat firqəmizin gördüyü diqqətəlayiq işlərin müsbət nəticələrini heç kəs inkar edə bilməz. Firqəmizin rəhbər işçilərindən tutmuş hər firqə üzvünə qədər hamı yüksək fədakarlıq nümunələri göstərərək öz tarixi vəzifələrini şərəflə yerinə yetirmələri sayəsində biz bugünkü tarixi qələbələrimizə müvəffəq olduq. Buna görə də hər zaman firqə məsələsi ən mühüm məsələdən sayılmış və sayılır. Xalqımızın demokrat firqəmizə olan coşqun etimadının da əsas səbəbi bununla izah olnur ki, firqəmiz hər zaman xalqımızla həmdil və həmfikir olmaqla tarixi vəzifələrimizin yerinə yetirilməsi işində ən ağır və məsul yükü öz çiynində daşımışdır.
Həmişə olduğu kimi, indi quruculuq dövründə yaşadığımız bir şəraitdə də firqə üzvlərinin öhdəsinə düşən vəzifələr böyük və məsuldur. Firqə üzvlərimiz istər dövlər işlərimizdə, istərsə də firqə işlərində öz vəzifələrini layiqincə yerinə yetirə bilmələri üçün onlardan dərin siyasi biliyə malik olmaları tələb olunur.
İndi firqəmizin təşkil olunduğu ilk günlərə nisbətən firqə üzvlərimizin sayı qat-qat artmışdır. Firqəmizin boyu gündən-günə artır. Demokrat firqəmizin rəhbərliyinə iman gətirmiş xalqımız demokrat firqəsinin üzvü olmağı özünə milli şərəf hesab edir. Ancaq məsələ təkcə firqə üzvlərinin sayının çoxalması ilə tamamlanmır.
Əsas məsələ firqə boyunun artması ilə yanaşı olaraq firqənin təşkilat və təbliğat işlərinin də yenidən qurulması, firqə rəhbərliyinin yüksək səviyyələrə qaldırılmasıdır. Firqəmizin mübariz orqanı olan “Azərbaycan” qəzeti firqəmizin həyati məsələləri ilə yaxından məşğul olmalıdır. Yazıçılarımız isə firqə həyatı ilə daha yaxından maraqlanmalı və diqqətlərini firqə məsələləri ətrafında ciddi məqalələr yazmağa sərf etməlidirlər. Biz ümidvarıq ki, Azərbaycan Demokrat Firqəsinin təşkilat və təbliğat şöbəsi firqə işlərimizin daha möhkəm qurulması üçün firqə kadrlarının tərbiyə edilməsi işində ciddi addımlar atacaqdır.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 163, 2 aprel 1946-cı il.

***
Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.