Doğu Türküstan Güney Azərbaycan

Doğu Türküstan

Burada hər şey Güney Azərbaycandakına oxşar şəkildə cərəyan etdi

Pekinin 90 kilometrliyindəki Çin səddindən ta Xəzər dənizinədək olan bölgə yüzillər boyu coğrafi məkan kimi Türküstan adlandırılıb. Türküstanı Sibir, Çin, Monqolustan, Əfqanıstan, Pakistan, Hindistan, İran və s. ərazilər çevrələyir.
Türküstan Doğu və Batı Türküstana, onlar da daha kiçik bölümlərə ayrılır. Bu bölümlərin də hər birinin öz adı var. Araşdırmaçı Əli Şamil bildirir ki, tarixin müxtəlif çağlarında burada neçə-neçə dövlətlər, imperiyalar yaranıb, inkişaf edib və çöküb. Bölgədə aparıcı və hakim xalq türklər olduğundan yaradılmış zəngin ədəbiyyata da ortaq türk ədəbiyyatının bir parçası kimi baxılmalıdır.
Bu da təsadüfi deyildi: "Türklərin hərbi, siyasi, mədəni çöküşü güclənən qonşu xalqların yüksəlişi ilə eyni illərə təsadüf edir. Miladi XII yüzildə Çingizxanın yaratdığı qüdrətli imperiyanın əsarətinə düşən Çin Minq sülaləsini hakimiyyətə gətirməklə (1368-1644) müstəqilliyini bərpa etmiş oldu. XVII yüzildə ölkəni bürümüş kəndli üsyanları mərkəzi hakimiyyəti laxlatdı və dövləti dağılmaq təhlükəsi qarşısında qoydu. Üsyanları yatırmaq üçün dəvət olunmuş mancur hakimləri Çində Qinq (Çinq oxunur) sülaləsinin hakimiyyətini (1644-1911) qura bildilər. 1759-ci ildə Çin-Mançu höküməti Doğu Türküstan torpaqlarını işğal edərək İli bölgəsində minlərlə uşağı, qocanı, qadını, bir sözlə, savaşda iştirak edə bilməyən insanı öldürmüs, yüz minlərlə insanın isə malını-mülkünü müsadirə edib sürgünə göndərmişdi. 1840-cı ildə də Böyük Britaniyanın Çinə qoşun yeritməsi mərkəzi hakimiyyəti zəiflətmişdi. İngilislərə məğlub olmasına baxmayaraq Çin-Mançu hökuməti yalnız Doğu Türküstanı deyil, işğal etdiyi başqa dövlətləri və xalqları əsarətdən azad etmədi".
1864-ci ildə Çin əsarətindən qurtulmağa can atan Doğu Türküstanlılar Yakup bəyin öndərliyi ilə "Sərqi Türküstan İslam Dövləti"ni qura bildilər. Lakin bu dövlətin də ömrü o qədər də uzun olmadı. 1877-ci ildə Yakup bəyin qəflətən ölümündən sonra taxt-tac uğrunda gedən savaşlar ölkənin parçalanmasına və yenidən işğal altına düşməsinə səbəb oldu: "Çin imperatorunun 1884-ci il noyabrın 18-də verdiyi əmrlə Doğu Türküstana Çinin 19-cu vilayəti – Sincianq, Şincanq və ya Xinjianq adı verildi ki, bu da hakim çinlilərin dilində "yeni sərhəd", "yeni xətt", "yeni qazanılan yer" anlamındadır. Azərbaycanda isə bölgənin adı rus dili vasitəsilə aldığımızdan Sintzsyan şəklində yazılmağa başlandı.
1819-1826-cı illərdə Doğu Türküstanda Cahangir xanın başçılığı ilə xalq mançur mənşəli Çinq sülaləsinin hakimiyyətinə qarşı üsyan qaldıranda Qarabağda, İrəvanda, Gəncədə Abbas Mirzənin başçılıq etdiyi hərbi hissələr də rus ordusuna qarşı vuruşurdu. 1830, 1831-ci ildə Car-Balakəni, 1831-ci ildə Lənkəranı, 1837-1838-ci illərdə Şəki və Qubanı, 1829-1861-ci illərdə Şeyx Şamilin başçılığı ilə Qafqazı bürümüş üsyanlar ilə Doğu Türküstanda 1830-cu ildə Yusup Xocanın, 1846-cı ildə Muhəmmətimin Xocanın, 1855-ci ildə Vəli Xan Törənin başçılıq etdiyi üsyanlar bir-birlərinə çox bənzəyir.
1864-1872-ci illərdəki Qansu üsyanı, 1895-ci ildə Şansidəki salurların üsyanları 19-cu yüzillikdə də Çin müstəmləkəçilərinə qarşı mübarizənin davam etdiyindən xəbər verir.
1894-cü ildə Yaponiya Çinə savaş elan etdi. Bu savaşda nəinki Yaponiya Çinin bir sıra əyalətlərini öz təsir dairəsinə saldı, hətta Almaniya, Fransa, B.Britaniya və çar Rusiyası Çinin bir sıra ərazilərini "icra" adı altında ələ keçirmişdilər".
1911-1913-cü illərdəki Şin-xay inqilabı Çinq sülaləsini devirdi və Çin imperatoruluğuna son qoydu. 1912-ci ildə Çində respublika elan olundu. Ancaq Doğu Türküstan yenə də Çinin müstəmləkəsi olaraq qaldı: "İkinci Mançu istilası adlandırılan bu hadisələrdən sonra bölgənin hakimiyyətini vali ələ keçirdi. Lakin xalq heç də çinli valinin hakimiyyətilə razılaşmır.
İki süper gücün - Rusiya və Böyük Britanyanın ustalıqla qurduğu diplomatik əlaqələr və güclü siyasət nəticəsində Kaşqar xanlığı 1914-cü ilə qədər yaşamış, ən önəmlisi isə Kaşqar dövləti Osmanlı sultanı Əbdülhəmid adına xütbələr oxutmaqla birlikdə onun adına sikkələr kəsdirmişdi.
1917-ci ildə II çar Nikolayın taxtdan salınması Doğu Türküstanlıların hakimiyyət əleyhinə təşkilatlanmasını sürətləndirir. Yeni yaranmış Sovet hökuməti də bölgəni təsir dairəsinə salmaq üçün gizli planlar hazırlayır.
1925-1927-ci illər inqilabı Çankayşi (Canq-Cie-Şi) başda olmaqla Quomindanq (Çin dilində siyasi partiya deməkdir - Ə.Ş.) Çin Milli Partiyasının hakimiyyətə gəlməsilə başa çatdı. 1931-ci ildə isə Yaponiya Çinin quzey-doğusunu, Mancuriyanı, Daxili Monqolustanın və Quzey Cinin bəzi rayonlarını işğal etmişdi. 1938-ci ildə isə yapon qoşunları Çinin quzeyini bütövlükdə, Mərkəzi Çinin xeyli hissəsini və Güney Çinin mühüm rayonlarını ələ keçirmişdi.
Bolşeviklər isə hakimiyyəti ələ aldıqdan sonra güneyə və doğuya doğru yürüş edib türklərin yaşadıqları bölgələri işğal edərək keçmiş Rusiya imperiyasının sərhədlərini bərpa etməyə çalışırdılar. Onlar hələ zəif olmalarına baxmayaraq Yaponiyanın Doğu Türküstanı, Çini işğal edərək güclənməsini istəmirdilər. Var gücləri ilə Çinə yardım edirdilər. SSRİ Çinə silah, hərbi texnika, döyüş sursatı və b. materiallar verir, ora özünün hərbi və mülki mütəxəssislərini göndərirdi. Yapon işğalçılarına qarşı təslimçilik mövqeyi tutan qomindanqçılar Doğu Türküstanlıların haqlı tələblərini qəddarlıqla qarşılayır, silah gücünə xalq hərəkatını yatırırdılar".
Bir-birindən çox-çox uzaqda olan iki dövlət eyni vaxtda türk bölgələrinə basqın edir, yeni torpaqlar ələ keçirirdilər: "Türküstanda basmaçı hərəkatı sovetlərə ağır zərbələr vurur, Doğu Türküstanlılar isə müstəqil dövlətlərini qurmağa can atırdılar. 1931-ci ilin fevral ayında Qumul vilayətində Xoca Niyaz Hacı və Salih Dorğanın öndərliyi ilə xalq Çin-Şu-Jenin (1928-1933) hakimiyətinə qarşı üsyan qaldırdılar. Üsyan dalğası sürətlə ölkəni bürüdü. 1933-cü ilin noyabrın 12-də Kaşqarda Doğu Türküstan İslam Cümhuriyyəti elan edildi. Lakin qurulan bu dövlətin ömrü uzun olmadı. 1934-1944-cü illər arasında Sovetlər Doğu Türküstanı öz təsir dairəsində saxlamaq, ondan Yaponiyaya və Çinin bəzi dairələrinə təsir vasitəsi kimi istifadə etmək üçün diplomatik vasitələrdən və silahlı qüvvələrdən istifadə edirdi. 1937-ci ildə SSRİ ilə Çin arasında bağlanmış andlaşma Doğu Türküstan İslam Cümhuriyyətinin ləğv edilməsilə nəticələnir. Xalq kütlələri isə bu müqavilənin şərtləri ilə razılaşmır. Ölkənin müxtəlif bölgələrində itaətsizlik, silahlı üsyanlar davam edir. 1938-ci ilin sonlarında müqavimət hərəkatı daha da güclənir. Xalqın iradəsini qırmaq üçün olmazın qəddarlığa əl atıldı".
Bu da qırğın faktları: Baymirza Hayit yazır ki, Kaşqarda polis idarəsinə rəhbərlik edən sovet vətəndaşı Mavlanov bir gündə 6.000 nəfəri güllələtmiş, 300.000-dən çox Doğu Türküstanlını həbs etdirmiş və 10. 000-dən çox ailənin malını müsadirə etmişdi. 1944-cü ilin iyulunda İli bölgəsində-Qulcada Əli xan Törənin başçılığı ilə çinlilərə qarşı yenidən üsyan baş qaldırdı və qələbə ilə başa çatdı. 1944-ci ilin avqustun 7-də "Doğu Türküstan Cümhuriyyəti"nin qurulduğu elan edildi və hökumət başçısı Əli xan Törə seçildi. Lakin beynəlxalq güclər yeni hökuməti tanımaq istəmədilər.
SSRİ müttəfiqlərinin razılığını aldı ki, faşist Almaniyası üzərində qələbədən sonra qoşunlarını Mancuriyadan keçirib Yaponiyaya qarşı savaşa göndərsin. Bu, əslində, sovetlərin Çini təsir dairəsinə salması demək idi. Sovet qoşunları Almaniyanın müttəfiqi Yaponiya üzərinə hərəkət edəndə Çin kommunistləri də silah gücünə hakimiyyəti ələ aldılar".
Sovetlərlə yeni qurulmuş Çin hökuməti arasında sıx əməkdaşlıq yarandı, hərbi və iqtisadi, siyasi müqavilələr bağlandı: " Sovetlərin daha Doğu Türküstan hökumətinə və bir zaman dəstəklədiyi demokratik qüvvələrə ehtiyacı qalmadı. Çin kommunistləri də SSRİ kimi hərbi qüdrətli, ikinci dünya savaşından qalib çıxmış bir dövlətə arxalandığından Doğu Türküstanın müstəqilliyini istəyən kommunistlərlə əməkdaşlığı düşmənçiliyə çevirdi. Hər iki dövlətin təzyiqi altında 1945-ci ilin oktyabrın 22-də Urumçidə danışıqlar aparıldı. Zor durumda qalan gənc Doğu Türküstan hökumətinin rəhbərləri hakimiyyəti Çinlilərlə bölüşməyə razılaşdılar. Beləcə, 1946-ci ildə çinlilərdən və Doğu Türküstanlılardan qurulan şərikli hökumətin başına Çanq Çih-Çunq gətirilir.
Lakin bu hökumət də ölkədə stabilliyə nail ola bilmir. Çünki çinli əsgər və zabitlər xalqa olmazın zülm edir, çinli məmurlar isə müsəlmanların müstəqilliyə can atmasının qarşısını zor gücünə almaq, bölgəni müstəmləkə kimi idarə etmək istəyirdilər. 941-ci ilin avqustunda Sovet qoşunlarının İrana daxil olması ilə Güney Azərbaycanda milli hərəkat güclənir və nəticədə 1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə yeni hökumət təşkil edilir".
Araşdırmaçı hesab edir ki, Doğu Türküstanda da hər şey Güney Azərbaycandakına oxşar şəkildə cərəyan etdi: "Çünki ssenari eyni idi. Hər iki bölgədə Rusiya strateqləri türklərin milli hisslərindən məharətlə faydalanırdılar. 1946-cı ilin dekabrında şah orduları Güney Azərbaycanda qurulmuş dövlətin varlığına son qoyur və rəhbərləri, fəalları Sovetlər Birliyinə gətirilir. Güney Azərbaycanda qurulmuş, milli hökumətin rəhbəri S.C.Pişəvəri 1947-ci ildə Quzey Azərbaycanda avtomobil qəzası adı ilə öldürüldüyü kimi, "Doğu Türkistan Cumhuriyetinin esaslı liderlerinden reis Ahmetcan Kasimi, Milli Kurtuluş Ordusunun Komutanı general İshak bey, Komutan Yardımcısı general Delil Kan, Milli Kurtuluş Ordusunun Siyasi Komiseri Abdukərim Abbas gibi kişilerin Pekine vardıkdan sonra Mao-ZeDong ve Çin Kommünistlerinin Doğu Türkistan meselesindeki fikirlerine "evet" demesini istediler. Ama Ahmetcan Kasimi, İshak bey, Delil Kanlar Stalinin tavsiyelerini nazik bir üslupla redd ederek, Pekinde Çin Kommünist liderlerinden Doğu Türkistana devlet statüsü ve bağımsızlık isteyeceklerini bildirdiler. Sonunda Stalin ile Mao-Ze-Dong gizli anlaşarak "uçak kazası" süsü vererek onları yok ettiler... Sovetler Birliğinin desteğiyle Kızıl Çin Ordusu Doğu Türkistanı Ekim 1949 tarihinde işğal etti".
Doğu Türküstanın son yüzilliklərinə qısa bir nəzər salmamızın səbəbi xalqının azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan ictimai-siyasi xadimlərin millətinin maariflənməsi üçün folklordan, ədəbiyyatdan istifadə etdiklərini, bədii yaradıcılıqla məşğul olduqlarını, pyeslər yazdıqlarını diqqətə çatdırmaqdır.

Uğur