“Azərbaycan”  qəzetinin səhifələrində  - 92-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 92-ci yazı

Təntənəli yığıncaq

Sovet İttifaqı ilə mədəni əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsi qəhrəman Qızıl ordunun yola salınması münasibəti ilə təntənəli yığıncaq təşkil edir. Yığıncaq Sovet mədəniyyət evində şənbə günü (1946-cı il) aprel ayının 27-də axşam saat 6.30-da olacaqdır. Yığıncağın rəsmi hissəsindən sonra böyük konsert veriləcəkdir. Daxil olmaq xüsusi dəvətnamə ilədir.
Mədəni əlaqə cəmiyyətinin idarə heyəti.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***

Hamı hərbi təlim alır

Milli hökumətimiz yaranandan sonra həqiqi azadlığımızın zamini olan xalq qoşunlarını gücləndirib və qoşunumuzun müasir bir şəklə salınmasını birinci dərəcədə nəzərə almışdır. Qoşunumuzu gücləndirməkdən məqsəd bu idi ki, millətimiz öz azadlıqlarının davam etməsində arxayın olub və bu milli hakimiyyəti heç bir amil yoxluğa təhdid edə bilməsin.
Qoşun təşkilatımız cavan olduğuna baxmayaraq böyük müvəffəqiyyətlər əldə etmişdir. Azərbaycanın bütün nöqtələrində indi həqiqi milli qoşun qüvvələri yaradılmışdır. Bu qüvvələri təşkil edənlər hamısı könüllü olaraq silaha sarılıb öz ölkələrində və azadlıqlarında hər bir ehtimalın qabağa gəlməsinin qarşısında dayanmaq üçün hazır olmuşlar. Azərbaycan xalqı öz azadlığını müdafiə etməyi indi özünə müqəddəs bir vəzifə bilir.
Hər gün səhərdən axşama kimi Təbrizin Milli meydanında qeyri hərbi firqə üzvlərinin hərbi təlim almaları xalqımızın vətənpərvərlik duyğularından böyük bir nümunədir. Hərbi təlim keçirilən zamanlarda bu meydanın ən ali bir mənzərəsi vardır.
Burada müxtəlif təbəqələrdən olan minlərlə firqə üzvləri: mülkədar, tacir, qoca, cavan, fəhlə, ziyalı hərbi təlim alırlar. Onlar hamısı tüfəng götürüb, tüfəng atmaq və hətta hərbi hərəkətləri də öyrənirlər.
Bu hərbi təlimdə dövlətin və firqənin başçıları, nazirlər, Milli Məclis nümayəndələri iştirak edir və bir əsgər kimi hazırlıq aparırlar. Bundan əlavə qadınlar da könüllü olaraq hərbi təlim üçün bu meydana gedib öz əsgərlik vəzifələrini yerinə yetirirlər.
Bu o deməkdir ki, Azərbaycan xalqı bu gün hamısı azadlıq istəyir və onların azadlıqdan, azadlıqdan yenə də azadlıqdan başqa ayrı bir hədəfləri yoxdur. Bu o deməkdir ki, illər boyu məhrumiyyət və əsarət altında yaşayan bir millət öz varlığını tanıtdırır. Bu o deməkdir ki, Azərbaycan xalqı öz tarixi şərəfini saxlamaq və hifz etmək istəyir. Hər gün müntəzəm sıralarla xiyabanlardan keçən minlərlə əsgərin oxuduqları Azərbaycan himni Təbrizin azad göylərində yayılır. Bu səs qoca analarımızın, cavan bacılarımızın, körpə uşaqlarımızın ürəklərində minlərə atəşin duyğular və həyəcanlar oyadır.
Bu o deməkdir ki, xalqımız Azərbaycanı sevir və onun adından ilham alır. Qoy hamı bu böyük həqiqəti anlasın və bilsin ki, Azərbaycanın mühafizi Azərbaycanın öz qəhrəman xalqıdır.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 183, 26.04.1946

***

Mirfazil: “Həmişəlik yaşa Azərbaycan!”

İdarədən çıxdığım zaman çox sevindim. Çünki illərlə həsrətini çəkdiyimiz azadlığın meyvəsini gözümün önündə gördüm: təzə təşkil olunmjuş xalq qoşunumuzun əsgərlərindən bir dəstəsi təzə paltarlarda, özləri təmiz, əllərində təzə sistem avtomatik silahlar, önlərində musiqi orkestri indi Azərbaycanın yeni mahnısını oxuya-oxuya möhkəm addımlarla hərbi təlim üçün gedirdilər. Öz qəlbimdə Pəhləvi dövründəki əsgərlik xidməti ilə bizim bu milli qoşunun arasındakı fərqləri müqayisəyə başladım və keçən dövrün kabuslu və qaranlıq halları sinema filmi kimi gözümün özündən bir-bir keçirdilər. Məsələn, sabiq mürtəce dövrüdəki əsgərlik xidmətini nədən ötrü icad etmişdilər? Yalnız öz taxt-taclarını, sərvətlərini mühafizə etməkdən ötrü yaradılmış xüsusi bir sistem idi. Onların nəzərində millət və məmləkət quru bir sözdən ibarət idi. Bunun üçün hərbçilərin hər bir fərdinin onların yanında heç bir əhəmiyyəti, qədir-qiyməti yox idi. O mənhus dövrdə hərbçilər həmişə öz valilərinin evlərinə xərcliklər göndərməli idi və o xərclik də gərək vəkilbaşıların və zabitlərin cib xərci olaydı ki, səbəbsiz yerə işgəncədən, kötəkdən və sairə bədəni əziyyətlərdən asudə qalaydılar. O dövrün hərbçiləri ana-bacısı ilə vidalaşan zaman bir miqdar iynə-sapı onların bağlamaısının içinə qoymağı da unutmazdılar. Paltarlarını, başmaqlarını biçarə əsgər özü pinələrdi. Bir adamın yolu hərbi hissəyə tərəf düşsəydi, görərdi ki, biçarə cavan əsgərlər dilənçi sürüləri kimi divarlar dibində düzülüb kimisi öz paltarını yamayır, kimisi dustaq adamlar kimi öz bitlərini qırmaqla məşğuldur. Aylar ilə hamam üzü görməzdilər. Hərbi hissəni bit, mikrob çulğamışdı. Hərbi hissədə çox pis xəstəliklər də var idi. Nə qədər cavanlar ana-bacısının üzünə həsrət qalaraq qarın yatalağından can verdilər. Heç yadımdam çıxası deyildir. Bir gün qarın yatalağı tutmuş bir biçarə əsgəri hərbi hissənin xəstəxanasına gətirmişdilər. Xəstəliyi qorxulu olduğundan keşikdə duran vəkilbaşısı gecə saat 9-da hərbi hissənin doktoru üçün telefon ilə təcili təşrif gətirmələrinin vacib olduğunu bildirdi. 15 dəqiqədən sonra cənab doktor təşrif gətirdikdə maşından düşməmiş vəkilbaşını çağırdı. O, biçarə də gəlib raport verdi. “Cənab kapitan, bir nəfər hərbçi qarın yatalağından ölüm halındadır.” O acı vəziyyət heç yadımdan çıxmaz. Cənab kapitan cavab əvəzinə vəkilbaşının qulağının dibinə elə bir sillə qondardı ki, biçarə ağac yarpağı kimi yerə sərildi: “Ay köpək oğlu, ay filan, filan olmuş”, - deyə bir meydan lotusunun həya edib ağzına gətirmədiyi yamanları bu irtica tərbiyəsi almış ədəbsiz doktorun ağzından vulkan dağının daşları kimi çıxmağa başladı. Bu həyasız söyüşlərin hamısı da “şirin” fars” dilində söylənilirdi. Ondan sonra vəkilbaşının 24 saat həbs olunmasına dair əmr verdi və dedi ki: “Bu it oğlu mənə tamam 500 tümən zərər vurdu. Qonaq idim, məni telefonla elə quruca qırdı ki, Tehrandan müfəttiş gəldiyini yəqin elədim. Bişərəflər, mən dəfələrlə sizə tapşırmışam, gecə bir xəstə əsgər gətirirsələr, ona filan dərmanlardan verəsiniz. Əgər ölürsə, aparın anbara, atın səhər də quyulayın”.
Amma indi isə bizim cavan Milli hökumətimizin yaratmış olduğu xalq qoşunlarının sevgili zabitləri ilə aslan əsgərlərinin yaşayış cəhətdən bir-biriləri ilə heç bir zərrə də təfavütlləri yoxdur. Hamısının hər bir şeyi: yeyəcəyi və geyəcəyi bərabərdir. İşgəncə və soyqunçuluq yoxdur və ola da bilməz. Çünki bu qoşun millət üçündür. Bu xalq qoşunudur. Bu qoşun öz vətənini, öz ana-bacısının namusunu hifz etmək üçün yaranmış bir qoşundur. Əgər o mənhus irtica və istibdadın əlindən özümüzü xilas etməsəydik, 100 il bundan sonraya qədər də mədəni və müasir tərəqqilərdən birisini, nə təyyarəçi, tankçı, topçu, mühəndis və dəmir yolçuların üzünü görə bilməzdik.
İndi isə cavan milli dövlətimiz bu az müddətdə Azərbaycan millətinin tərəqqisi və inkişafı üçün elə bir hazırlıq aparmışdır ki, çox yaxın zamanda bütün millətimizi texniki üsullarla tərbiyə və təlim nəticəsində ən mədəni və mütərəqqi millətlərin sırasına yetirəcəkdir. Bunun üçün aslan əsgərlərimizin söylədikləri “Azərbaycan” mahnısını təkrar edib deyirik: “Həmişəlik yaşa Azərbaycan!”

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 182, 25.04.1946

***
19 və 20-ci əsrlərdə Təbrizdə ədəbyyat
7-ci hissə

20-ci əsrdə Cənubi Azərbaycanda, xüsusilə Təbrizdə ədəbiyyat yeni bir mərhələyə daxil olur. Hamıya məlumdur ki, 1905-ci il rus inqilabının təsiri ilə yuxudan oyanan Şərq xalqıları öz milli azadlıqları uğrunda ciddi mübarəzəyə qalxmışdılar. Səttarxanın rəhbərliyi altında Təbrizdə baş vermiş olan inqilab dövrün siyasi vəziyyətini müəyyən edirdi. Lenin yoldaş bu hərəkata yüksək qiymət vermişdir.
Səttarxan hərəkatından ilham alaraq yazan şairlər tamamilə yeni əhval-ruhiyyəyə malik idilər. Bu şairlər sırasında Mir Əbdülhüseyn Xazin (1290-1336 qəməri/1873-1917 miladi) olduqca mühüm rol oynayırdı. O, mətbuatda yazdığı rəsmi və qeyri-rəsmi şeirləri ilə Məşrutə hərəkatını tərənnüm edirdi. Əvvəllər iqtisadi həyatın ağırlığından, İranın çətin vəziyyətindən şeirlər yazan və “Bağlanan zənciri-bədadə (1) yazıq iranlılar” deyən şair inqilabın qələbəsindən ruhlanaraq belə deyirdi:

Cahanda, şükr Allaha, zülm, istibdad qurtuldu
Qüyudi-zülmdən (2) məzlum olub azad qurtuldu.

Hələ yaradıcılığı dərindən təhlil edilməyən bir təbrizli şairin inqilabi şeirləri diqqətəlayıqdir. O, inqilab uğrunda tökülən qanların hədər getmədiyini qeyd edərək onların nəticəsində məmləkətin azad olacağına inanır:

Oldu əlvan xaki-İran (3) xuni-məzluman (4) ilə
Aqibət və viranəmiz abad olur bu qan ilə.

Səttarxan hərəkatı dövründə bu şeirləri mətbuat ətrafında toplayan xüsusi bir nəşriyyatın yaranması da Təbriz ədəbiyyatı üfüqlərində parlayan ulduzların görünməsinə səbəb olur. Bu mətbuat ana dilimizdə çıxan “Azərbaycan” dərgisi idi. “Vətən yolunda” qəzetəsinin 8 (362-ci nömrəsində) “İran Azərbaycanının Molla Nəsrəddini” sərlövhəsilə yazdığımız məqalədə həmin dərgidə bəhs etdiyimizdən burada təkrarən lüzum görmədik. 1906-ci ilin dekabrından 1907-ci ilin sentyabrına qədər davam edən və 21 nömrədə nəşr edilən “Azərbaycan” dərgisi Təbrizdə “Molla Nəsrəddin” cərəyanını davam etdirmiş və öz ətrafına qüdrətli şairlər toplamışdı. Sonralar mənə bəlli olduğu kimi Əliqulu Səfərof, Xazin, Sərraf kimi şairlər bu dərgidə öz şeirlərini imzasız çap etdirirmişlər. Sərrafın “Bir çətin xahiş” sərlövhəsi ilə nəşr olunmuş şeiri xalqı intibaha dəvət edirdi.

İzahlar:
1- saman, yun, pambıq və bu kimi şeylərlə doldurduqları və minik heyvanlarının (at və ya qatırın) belinin zədələnməməsi üçün yəhərin və ya palanın altına qoyulan və sürüşüb düşməməsi üçün iplə bərkidilən döşəkçə.
2- zülm zəncirləri
3- İran torpağı
4- məzlumların qanı

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 182, 25.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə