Təbrizdə farslaşdırılan küçə adının türkcə adı bərpa olundu Güney Azərbaycan

Təbrizdə farslaşdırılan küçə adının türkcə adı bərpa olundu

Təbriz bələdiyyəsinin şəhərin “Küçə bağ” məhəlləsində yerləşən küçələrdən birinin adını farslaşdırmasına etirazlar küçənin türkcə adının bərpa olunmasına səbəb oldu.

Mayın əvvəllərində Təbrizin “Küçəbağ” məhəlləsində yerləşən “Gölbaşı” küçəsinin adının dəyişdirilərək farsca tərcüməsi “Səristəxr”qoyulmasına ümumi etirazlar nəticəsində bələdiyyə və Təbriz şəhər Keçid və İctimai yerlərin adlandırılması üzrə Şurası küçənin türkcə adını bərpa etməyə məcbur olub.

Bundan öncə Təbrizin 8-ci bölgəsinin bələdiyyəs başçısı Rza Paknəhad bu cür halların baş verməsini qınayıb.

Adların tərcümə olunmadığını əsas gətirən Rza Paknəhad Təbriz şəhərinin farslaşdırılmış məhəllə, küçə adlarının bərpa edilməsini, əski türkcə adlarının qaytarılmasını təklif edib.

2019-cu ildə Muğanın “Doskəndin”də “Qırx Pillə” şəlaləsinin adı dəyişdirilərək onun farsca tərcüməsi “Çehel pelle” yazılan lövhə quraşdırılmış və bu, yerli əhalinin narazılığına səbəb olmuşdu.

Yerli əhalinin etirazlarından sonra şəhər və kənd şuralarının təşəbbüsü ilə şəlalənin türkcə adı özünə qaytarılmışdı.

Qeyd edək ki, bu cür hallar Güney Azərbaycanın müxtəlif şəhər və kəndlərində davamlı olaraq baş verir.

Son bir neçə ildə Zəngan, Urmu, Ərdəbil və b. bölgələrdə əski türkcə yer adlarının bəzilərinin bərpasına nail olunub. Lakin Azərbaycanda türkcə adların farslaşdırması və təhrif edilməsi davam edir.

Gunaz.tv