“Azərbaycan”  qəzetinin səhifələrində  - 99-cu yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 99-cu yazı

Ölkəmizdə necə sərvət yaratmalıyıq

Xalqımızın səadəti, səhiyyəsi, maarifi və bütün xoşbəxt yaşayışının təmin edilməsi, habelə bütün ölkəmizin haqqında nəzərdə tutulan islahatın həyata keçirilməsi üçün sərmayə və sərvət yaradılması vasitələrinə ehtiyacımız vardır. Hər halda vətənimizdə tərəqqi və mədəniyyət yaratmaq yalnız ümumi sərvət yaratmaq və ondan xalqın xeyrinə istifadə etmək vasitəsi ilə ola bilər.
Qəti bir surətdə ümumi sərvəti və sərmayələri biz gərək öz torpağımızdan xalqımızın fədakarlığı, zəhməti və ciddiyəti sayəsində ələ gətirək. Bunun üçün yalnız 2 təbii və zəngin mənbələrdən istifadə etməliyik ki, onlar da mədənlər və kənd təsərrüfatı məhsullardan ibarətdirlər. Əziz ölkəmiz Azərbaycan çox müxtəlif mədənlərə və bol məhsul verən münbit torpağa sahib olduğuna görə ən mühüm sənaye və kənd təsərrüfatı sahələrinə malik bir yer hesab olunur.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının bol olmasına görə bəzi istismarçı siyasətçilər həmişə çalışırlar bu fikri təbliğ etsinlər ki, ölkəmiz bir kənd təsərrüfatı məmləkətdir və gərək onun kənd təsərrüfatına çox diqqət edilsin. Bu məsələni izah etməliyik ki, bu fikrin sahibləri, dediyimiz kimi, istimarçı siyasətlərin və istismarçıların nümayəndələridirlər. Bunlar istəyirlər, bu cür fikirlərin yayılması və təbliği ilə bizim ölkəmizin sənaye sahələrinə malik olmağının qabağına çıxsınlar.
Azərbaycan aqrar bir ölkə olduğu üçün onun əkin və məhsulları, xam maddələri gərək xaricə getsin. Çünki irtica hökumətləri istəmirdilər ki, ölkəmiz sənaye sahələrinə malik olsun.
Onlar istəmirdilər ki, ölkəmiz tərəqqi eləsin. Onlar istəmirdilər ki, fəhlə rahat yaşasın və bu xalq işsiz qalmasın. Ona görə də bu günədək ölkəmizdə fabriklər və zavodlar qurulmayıbdır. Halbuki, əgər ölkəmizdə fabriklər olarsa o, məhsulları xalqın ehtiyacı olan həyati məhsullara çevirib və nəticədə çox ucuz başa gəlməklə bərabər bizi xaricə möhtac olmaqdan qurtarar. Bir daha pambıq, kənəf, çuğundur kimi məhsullarımız kapitalist birlik və şirkətlərinin əli ilə bizim üçün çit, parça və qənd olmaz və xalqımız da özgələrin istismarı əlindən xilas olar.
Azərbaycan böyük fabrik-zavodlara möhtacdır ki, xalq öz məhsullarının hamısını o fabriklərdə özü istədiyi sənaye mallarına çevirsin. Azərbaycanın böyük sənaye müəssisələrinə ehtiyacı var ki, illər boyu yer altında xaraba sahə kimi gizlənmiş mədənləri açsın və onlardan sənayedə istifadə etməklə bərabər başqa böyük mənfəətlər də əldə etsin.
Kənd təsərrüfatımız və əkin yerlərimiz çoxlu traktor və maşınlara möhtacdır. Əkin maşınlı olduğu halda kəndli və əkinçilərimiz az zəhmətlə çox qazanc əldə edər və qədim üsul ilə yerdən ələ gələn məhsulun miqdarını neçə bərabər artırar. Biz bunu bilməliyik ki, daha kənd təsərrüfatı orta əsrlər sistemində olmamalıdır. Biz ölkəmizin tərəqqisi və xalqımızın rahatlığı üçün əkinçilik və kənd təsərrüfatı sistemində böyük bir dəyişiklik etməliyik. Azərbaycanın qızıl torpağı, geniş ərazisi, dağları və mədənlləri çox bol və zəngin məhsullara malikdir. Sərab, Həştrud, Xoy, Dexarqan, Qaradağ, Xalxal, Maku, Gərmrud, Əfşar, Marağa və başqa bu kimi şəhərlərin taxıl məhsulu çox mühümdür. Daha Urmiya, Sərab, Xoy, Dehxarqanın tütün məhsulu, Marağa, Xalxal, Xoy, Urmiyanın paxlalı bitkilərdən əldə edilən məhsulları, Maku, Xoy, Gərmrud və başqa yerlərin pambığı, habelə müxtəlif nöqtələrdə əldə edilən kişmiş və badam əhəmiyyətli bir yer tuturlar.
Mədənlərə gəlincə isə Azərbaycanın müxətlif nöqtələrində olan daş kömür, dəmir, mis, qurğuşun, neft, qızıl, duz, çini torpağı, kükürd, nil, dəyirman daşı və başqaları torpaqlar altında ehtiyatda olan sərvətdirlər. Halbuki, bu kənd təsərrüfatı və mədəni məhsullardan bu günədək istifadə olunmayıbdır. Biz bu işi görməliyik. Bu işlərə başlamaqla sərvət ələ gələr və işsizlər üçün də iş yerləri açılar. Biz bundan sonra özümüzü iqtisadi təzyiq və yoxsulluqdan qurtarmalıyıq. Yalnız kənd təsərrüfatı məhsullarına diqqət və mədənlərdən faydalanmaq bizə sərvət verər, sərvət isə bizim üçün hər şeyi hazır edər.
Firqəmizin Məramnaməsi, Milli hökumətin proqramı, onun layihələri və əməliyyatı göstərir ki, bu iki böyük sərvət sahələrindən nə qədər gəlir əldə etmək olar. Toxuculuq fabrikası, papiros fabrikası, Zəncan mədənlərinin işə salınması, yer bölgüsü və başqaları bu sözə aydın misal və şahid ola bilərlər.

Firidun Bazərgan
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

***
Azərbaycan Demokrat Firqəsinin hərbi hazırlıq işləri ilə bağlı fəaliyət planları barədə

Bütün fabriklərdə hərbi təlim

Hal-hazırda Təbrizin bütün fabriklərində hərbi təlim keçirilməkdədir. Bundan əlavə şəhər komitəsinin qərarına görə bütün fabriklərin ətrafında keçirilən təlimlərdən başqa ümumi təlimlər üçün işçilər həftədə bir gün də Milli meydana gələcəklər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

***
Azərbaycan Demokrat Firqəsinin maarifləndirmə fəaliyyəti barədə xəbərlərdən

Firqə üzvləri savadsızlıqlarını ləğv edirlər

Firqə üzvlərinin savadsızlıqlarını ləğv etmək üçün şəhər firqə komitəsinin qərarına görə bir aydan artıqdır ki, bütün homələrdə savadsızlığı ləğv etmə kursları açılmışdır.
Şəhər komitəsinin qərarına görə firqə üzvləri 3 aya qədər öz savadsızlıqlarını ləğv etməlidirlər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946
***
Azərbaycan Demokrat Firqəsinin hərbi və siyasi fəaliyyətinə aid xəbərlərdən

Cümə gününün hərbi təlimi

Cümə günü aprel ayının 19-da axşam saat 4-dən 6-ya qədər 2-ci homənin üzvlərindən 275 nəfəri Milli meydanda hərbi təlim keçmişlər.
***
Firqənin siyasi kursunun dərsləri başlandı

Cümə günü aprel ayının 19-da Təbriz şəhər komitəsi salonunda firqənin siyasi dərs kurslarının 1-ci dərsi keçirilmişdir. Bu dərsdə 75 nəfər firqə üzvü iştirak etmişdir. Siyasi dərs kursları həftədə 2 dəfə bazar ertəsi günü axşam saat 6-dan 8-ə qədər, cümə günləri isə səhər saat 7-dən 9-a qədər olur. Bu kurs siyasi cəhətdən bacarıqlı firqə kadrları yetişdirəcəkdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

***
Səttarxan və Bağırxan adına gəmilər işə salındı

Keçən korrupsioner dövlət zamanı Urmiya dəryasında olan 2 gəmi təmirə ehtiyacları olduğundan istifadəsiz qalmışdılar. Lakin milli dövlətimizin təşkilindən sonra burada olan gəmi təmir edən işçilərin 50 nəfəri fədakarlıq edib iftixarla iş saatlarından sonra 3 saat işləyərək bu gəmiləri işə salmışlar. Bu işçilərin əməyi təqdir edilmişdir.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

***
Hərbi təlimlər

Bazar günü aprel ayının 21-də səhər saat 5-dən 7-yə qədər 5-ci homə üzvlərindən 550 nəfər Milli meydanda silahlı hərbi təlimlər keçirmişlər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

***
Şahənşah ordusu geri çəkilir

20 aprel 1946 - Miyandoabdan rəsmi surətdə xəbər verirlər ki, şah ordusunun qəddarcasına həmləsi nəticəsində bir az geri çəkilməyə məcbur olan fədai dəstələri tez bir zamanda öz mövqelərini möhkəmlətdikdən sonra həmləyə keçib əvvəlki səngərləri olan Sancu və Bağmeşə kəndlərini tutub şahənşah ordusunun bölmələrini geri qaytarmışlar. Polkovnik Əramın rəhbərliyi altında fəaliyyət edən bu fədailər düşmənin top, minamyot və pulemyotlarına baxmayıb onlara külli tələfat verdikdən sonra bir neçə at, avtomat silah və neçə qutu patron və döyüş ləvazimatı qənimət almışlar. Fədailərin ruhiyyəsi çox yüksəkdir.
Bu vuruşmada şahənşah ordusu bir zabit, bir çavuş, 4 əsgər cənazəsi meydanda qoyub geri çəkilmişdir. Onların yaralananların sayı hələlik bəlli deyildir. Bizim tərəfdən isə şəhid olan yoxdur. Üç nəfər yaralıdan isə biri yüngül, ikisi ağır vəziyyətdədir. Düşmənin qəfil həmləsindən isə bizimkilrə elə mühüm tələfat dəyməmişdir. Bu vaxtadək xalq qoşunlarına müharibədə iştirak etmək əmri verilməmişdir. Yalnız fədailər sərhədlərimizi müdafiə ediblər.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946

***
Tehran Azərbaycan ilə əlaqəsini kəsmişdir

Zəncandan xəbər verirlər ki, Azərbaycan sərhəddində toplanmış jandarma qrupu Azərbaycana gələn ticarət malları və ticarət kamyunlarının qabağını alıb onları sərhəddən qayıtmağa məcbur etmişdir. Bizim sərhəd fədailərimiz isə vəzifələri üzrə jandarmaların bu hərəkətlərinə cavab olaraq Zəncanda olan maşınlara Azərbaycan hüdudindən çıxa bilməyəcəkərini bildirmişlər.
Biz Tehran hökumətinin siyasətini doğrudan da başa düşə bilmirik. Yalnız bunu bilirik ki, azərbaycanlıların Tehrana elə çox ehtiyacları yoxdur. Bu kimi iqtisadi sıxıntı bizim işlərimizə elə böyük əngəl törədə bilməz. Yalnız bizim Tehran camaatına yazığımız gəlir. Onlar gərək özlərinin xəyanətkar başçılarının xəyanətləri nəticəsində gündən-günə artmaqda olan fəlakət və bədbəxtliklərinin qabağını almaq fikrində olsunlar.
Bizim üçün fərq etməz. Öz palazımızı sudan çıxara bilərik. Hökumət bizim öz əlimizdədir, başçılarımız özümüzünkülərdir. Varımıza qənaət edib dolanarıq. Tehran camaatı və İranın şəhərləri gərək bu kimi xəyanətkarlıqlara etiraz etsinlər. Bizim təklifimiz sadədir. Biz həmişə yazıb dediklərimizi təkrar edirik: “Hər çe koni be xod koni, gər həme nik-o-bəd koni” (hər nə etsən, yaxşı və pis hər şeyi özünə edirsən... – red.).

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 179, 22.04.1946
***
Qaçaq zabitlərin Təbrizə gəlişi

Bu günlər Tehran hərbi polisinin zindanından qaçan zabitlər çox zəhmətdən sonra çətinliklə Təbrizə daxil olub Azərbaycan demokratik hərəkatında iştirak etmək üçün özlərini Xalq Qoşunları Nazirliyinə təqdim etdilər. Zabitlərin adları aşağıdakı sıra üzrədir: kapitan Daniş, leytnant Fazili, leytnant Sənai. Bunlardan əlavə kapitan Həmidi və Ehsani də onlarla bərabər Təbrizə gəlib milli hərəkatda iştirak etmək üçün könüllü surətdə hazır olmuşlar.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 180, 23.04.1946

***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə