Basketbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib İdman

Basketbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib

Basketbol üzrə Azərbaycan kuboku yarışlarının finalçıları müəyyənləşib.

Trend Azərbaycan Basketbol Federasiyasına istinadla xəbər verir ki, həlledici oyunda "Gəncə" və NTD klubları üz-üzə gələcəklər.

“Gəncə” yarımfinalda "Neftçi"ni mübarizədən kənarlaşdırıb. “Sərhədçi” İdman Mərkəzində keçirilən matçda “Gəncə” yerli oyunçularının dominant oyunu sayəsində 83:73 hesablı qələbə qazanıb. Oyunda ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (26 xal, 6 ribaund), "Neftçi"dən isə Yuriy Kondrakov (18 xal, 10 ribaund) olublar.

İkinci yarımfinal qarşılaşmasında NTD "AAAF Xırdalan"ı məğlub edib - 91:84. NTD-dən Londel Kinq (25 xal, 15 ribaund), "AAAF Xırdalan"dan isə Devin Pullum (23 xal, 5 asist) ən məhsuldar oyunçular seçiliblər.

Qeyd edək ki, martın 26-da keçiriləcək final oyunu saat 16:00-da start götürəcək.