

3 İyun 17:28
Çempionatı izləyənlər öz gözləri ilə bizim oyunçularımızın tam üstünlüyünü görə biliblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən bildirib.
“Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Futbol meydançasında bütün rəqibləri üstələmisiniz və eyni zamanda, gözəl komanda ruhu nümayiş etdirmisiniz. Görürəm ki, oyunçular bir-birinə çox bağlıdır, bir ailə kimidir. Əlbəttə ki, komandada hökm sürən bu gözəl ab-hava, bu iqlim qələbənizi şərtləndirən amillərdən biridir, eyni zamanda, bütün tamaşaçılar da bunu əyani şəkildə görüblər. Oyunu həm gimnastika arenasında izləyənlər, həm də televiziya vasitəsilə izləyənlər sizin qələbənizə ürəkdən sevinmişlər. Yenə də deyirəm, siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər. Mən sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu qələbələrin davamı olsun. Əlbəttə ki, bu titulu qorumaq o qədər də asan olmayacaq. Mübarizə çox gərgin gedirdi və təbii ki, dünya çempionatında təmsil olunan komandalar ən güclü komandalardır. Ancaq hesab edirəm ki, gələcəkdə xalqımızı sevindirmək və Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün sizin böyük imkanlarınız var. Bir daha sizi təbrik edirəm və bu qələbə sevincini xalqımıza bəxş etdiyiniz üçün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm”, - dövlət başçısı qeyd edib.