“Barselona” hakimliklə bağlı UEFA-ya şikayət edib İdman

“Barselona” hakimliklə bağlı UEFA-ya şikayət edib

İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının 1/4 final mərhələsində “Atletiko” ilə keçirilmiş ilk oyundakı (0:2) hakim qərarlarından UEFA-ya rəsmi şikayət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi ikinci hissədə rəqib müdafiəçi Mark Pubilin topa əllə toxunduğunu iddia edərək, penalti təyin olunmamasını əsas narazılıq səbəbi kimi göstərib. Bildirilir ki, qapıçı Xuan Mussodan ötürmə zamanı top cərimə meydançasında Pubilin əlinə dəyib.

Klub hesab edir ki, bu qərar qaydalara ziddir və oyunun gedişinə birbaşa təsir göstərib. Bu səbəbdən “Barselona” məsələ ilə bağlı araşdırma aparılmasını, hakimlərin səs yazılarının açıqlanmasını və zərurət yaranacağı halda səhvin rəsmi şəkildə tanınmasını tələb edib.

Açıqlamada son illərdə Çempionlar Liqasında oxşar hakim qərarlarının komandanın çıxışına mənfi təsir göstərdiyi də vurğulanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 14-də Madriddə keçiriləcək.