Dünya nəhəngi niyə çökür? Dünya

Dünya nəhəngi niyə çökür?

Çin iqtisadiyyatındakı böhran regiona mənfi təsir göstərə bilər

Cavid

Çin iqtisadiyyatında son günlər baş verən tənəzzül valyutasını ucuzlaşdıra bilər ki, bu da rəsmi Pekinə ağır zərbə olacaq. Çin iqtisadiyyatında böhranın yaşanması bölgəyə də mənfi təsir göstərəcək. İqtisadçı-ekspert Samir Əliyev Çin birjasında baş verən hadisələri şərh edərkən deyib ki, belə bir vəziyyətdə Çinə yatırılan investisiyalar səmərəliliyini itirir: "Çin iqtisadiyyatında müşahidə edilən tənəzzül elementləri, fond birjasının çökməsi yuanın və Çin aktivlərinin cəlbediciliyini azaldır. Hazırda Azərbaycan Neft Fondunun aktivlərinin 1,4%-i yuanda saxlanılır. Söhbət 3 milyard yuandan gedir. Fond 2-ci rübdə Çün valyutasını ehtiyatlarına daxil edib. İndi isə yuan təhlükə qarşısındadır və hesab edirəm ki, NF təcili tədbirlər görməlidir. Çünki Çin iqtisadiyyatının əvvəlki imkanlarını bərpa ehtimalı barədə danışmaq olduqca tezdir".
Xatırladaq ki, Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin valyuta səbətinin yüksək diversifikasiyanın təmin edilməsi istiqamətində Çin yuanında investisiyalara başlayıb. Bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından (PBOC) alınmış lizensiya çərçivəsində 3 milyard yuan məbləğində vəsait Çinin dövlət və agentliklərinin istiqrazlarına yerləşdirilib.
İqtisadçı ekspert Vüqar Bayramov Çin iqtisadiyyatının geriləməsi və fond bazarlarının çökməsinin səbəblərini şərh edərkən deyib ki, Çində səhmlərin qiymətinin kəskin aşağı düşməsi dünya iqtisadiyyatı üçün gözlənilən deyildi. Onun sözlərinə görə, Çinin zəifləməsi dünya iqtisadiyyatına birmənalı şəkildə təsir göstərəcək: "Çin bu gün dominal ümumdaxili məhsulun həcminə görə dünyada 1-ci, real ümumdaxili məhsulun həcminə görə 2-ci yeri tutur. Çinin səhmlərində təxminən 8 faizə yaxın azalma müşahidə olunur ki, bu da kifayət qədər ciddi rəqəmdir. Əslində, ölkə iqtisadiyyatındakı azalmalarla bağlı çox mənfi rəylər var. Belə ki, səhmlərin qiymətinin aşağı düşməsi yalnız ölkə iqtisadiyyatının daxili faktoru ilə deyil, xarici faktorlarla da izah olunur. Bunlardan biri təbii ki, Çinin əsas ticarət tərəfdaşlarında baş verən son iqtisadi dəyişikliklərlə bağlıdır. Bu da ölkə şirkətlərinin səhmlərinə təsir göstərir və nəticədə azalmalar qeydə alınır. Digər səbəb isə Çinin iqtisadi göstəricilərinin gözləndiyindən zəif olması ilə bağlıdır. Hələ ki, iqtisadi geriləmə yoxdur. Ancaq iqtisadi göstəricilər proqnozlaşdırıldığından daha zəifdir. Bu da praktik olaraq səhmlərin qiymətinin azalmasına gətirib çıxarır".
İqtisadçının sözlərinə görə, bəzi analitiklər Çin iqtisadiyyatının zəifləməsini dövlətin özünün təsirləri ilə izah edirlər: "Belə ki, Çin hökuməti mövcud səhmlərin dəyərinin azalmasından qısamüddətli dövr üçün istifadə etməklə xüsusən real iqtisadi problemləri aradan qaldırmağa deyil, səhm bazarında manevr etməklə iqtisadi stimulyasiya həyata keçirməyə çalışır. Hətta bəzi analitiklər dövlətin praktik olaraq səhm bazarında baş verənlərdə maraqlı olduğunu qeyd edirlər. Ancaq bütün hallarda Çində baş verənlər ölkə üçün arzuolunan deyil. Çünki səhmlərin qiymətindəki azalmalar birbaşa investisiyalara təsir göstərir. Son dəyişikliklərdən sonra investorlar artıq bu ölkənin səhm bazarına sərmayə qoyuluşu haqqında ciddi şəkildə düşünməyə başlayıblar. Bu baxımdan baş verənlərdən Çinin birmənalı şəkildə ən çox uduzan tərəf olacağı güman olunur. Səhmlərin qiymətindəki azalmalar yaxın zamanlarda ölkənin real sektoruna təsir göstərəcək. Bu da Çinin makroiqtisadi göstəricilərinin pisləşməsinə gətirib çıxaracaq".
Qeyd edək ki, Çinin fond indeksi "Shanghai Composite" ötən gün 8,5 faiz aşağı düşüb. Bu, indeksin yarandığı 1990-cı ildən bəri qeydə alınan ikinci ən böyük düşmədir. Çin hökuməti fond bazarında sabitlik yaratmaq üçün 41,8 milyard dollar ayırıb. Lakin bu tədbirlər hələ istənilən nəticəni vermir.