Obamanın Yaxın Şərq siyasəti niyə iflasa uğradı? Dünya

Obamanın Yaxın Şərq siyasəti niyə iflasa uğradı?

O səhvlərə yol verdi...

Cavid

Çoxqütblü və narahat dünyanın diktə etdiyi xarici siyasətin sükanı arxasında 2009-cu ildən bəri Barak Obama oturur. Dövlət katibləri Hilları Klinton və Con Kerriyə arxalanan Obama onun sələfinin etdiyi səhvlər və terrora qarşı müharibənin buraxdığı izlərlə dolu bir dünyanı irsən götürmüşdür. "Atlantico" yazır ki, 2009-cu ilin iyun ayında Qahirədəki çıxışı zamanı Barak Obama Corc Buşun müsəlman aləminə dair siyasətinin aradan qaldırıldığını izah etməyə çalışdı. Yeddi il sonra taliban Əfqanıstanın bütün vilayətlərini təhlükə altına qoyur, İraqda vətəndaş müharibəsinin küllüyündə yaranmış İslam dövləti göstərdi ki, istədiyi hər yerə zərbələr endirə bilər. Ərəb inqilablarının baş qaldırdığı ölkələrdə qeyri-sabit vəziyyət hökm sürməkdədir. Obamanın qərarları bu kimi həssas ölkələrdə xaosun yaranmasına necə səbəb oldu?
Obama cızdığı dəyişiklikləri praktikada tətbiq etməyə müvəffəq ola bilmədi, onların müvəffəqiyyətsizliyinin ən bariz nümunəsi isə İsraildəki çıxılmaz vəziyyət oldu. Prezidentin qeyri-qanuni məskunlaşmaların salınmasının dayandırılmasına razılıq verməməsi onun Konqresə (İsrail lobbisi Konqresə fəal surətdə təsir göstərir) göstərə biləcəyi təsirin məhdud olduğunu və xəyali "sülh prosesindən" uzaqlaşmağın qeyri-mümkünlüyünü göstərir. Lakin belə çevriliş ərəb ictimaiyyətinin Amerikaya olan münasibətini kökündən dəyişməyə, qəlbləri və ağılları qazanmağa imkan verərdi. Bundan əlavə, o Vaşınqtonun regionda nüfuzunun artmasına zəmin yarada bilərdi, bu isə 2011-ci il üsyanlarından sonra yetərincə faydalı olardı. Çox güman, bu, həqiqətən də əsl, yəni "neokonservatorların" layihələri tərəfindən qəbul olunmamış, əsaslı yerli tədbirlər vasitəsilə ABŞ tərəfindən təşviq olunmuş "demokratlaşdırılma" ola bilərdi. İstisna hal deyil ki, Amerikanın nüfuzu sünnilər və şiələr arasındakı qarşıdurma kimi regionun kəskin geostrateji problemlərini (qismən də olsa) həll edə bilərdi. Əslində isə, ABŞ zəiflədi və nüfuzunu itirərək digərlərinin aydın maraqları ilə kifayətlənməli oldu. Obamanın müstəqil hərəkət edə bildiyi yeganə məsələ İran idi. İsrail lobbisi və bəzi respublikaçıların göstərdikləri səylərə baxmayaraq prezident bu məsələdə uğur qazanmağa müvəffəq oldu. Bu, Obamanın regiondakı əsas irsidir.
Digər regionlara gəldikdə isə Əfqanıstana müdaxilə istənilən nəticələri verə bilməzdi, çünki Pakistan da daxil olmaqla daha geniş strategiyanı tətbiq etmək lazım idi. Obama bütün variantları nəzərdən keçirdi və bir çox amerikalıların da istədiyi kimi orduları bölgədən çıxarmaq qərarına gəldi. ABŞ dağlarla əhatə olunmuş, güclü küləklərin əsdiyi bu torpaqda yüz il qala bilməzdi. Con Makkeyn də ordunun çətin vəziyyətə düşmə təhlükəsini çox yaxşı başa düşürdü. Taliblər isə yenidən özlərindən söz açdılar. Buş siyasətinin mərkəzində yer alan müharibədən sonra millət quruculuğunun faciəli xəyal olduğu məlum oldu. Əslində, hər şey Pakistanla bağlı idi, lakin Obama, istənilən digər prezident kimi Pakistan sisteminə yalnız məhdud təsir göstərə bilirdi. Uğurlu Yaxın Şərq siyasəti məsələni bu istiqamətdə irəliyə yönləndirə bilərdi. Məhz buna görə Fələstin-İsrail münaqişəsi bütün müsəlman aləmində əngəllər törədir. Söhbət ABŞ və İsrail əlaqələrinin zəifləməsindən deyil, ABŞ hərbi dəstəyində əks olunmayan ciddi ziddiyyətdən gedir. Amerikalı vergi ödəyiciləri artıq 40 ildir ki, israillilərin hərbi siyasətini maliyyələşdirirlər. Bəs, görəsən, bu, Amerikanın milli maraqlarına cavab verir? Hazırda bu kimi iddianı irəli sürmək çətindir. Bu siyasət əks nəticələr verir və İsrail, onun qərb və ərəb müttəfiqqləri və tərəfdaşları da daxil olmaqla heç kəsə əl vermir.
Şübhəsiz, daha sonra Obama səhvlərə yol verdi: Suriyada səs salmış "qırmızı xətt" və ya Yaxın Şərqdə və İD ilə müharibədə ciddi nəticələrə səbəb olan Amerika-Rusiya münasibətlərinin baş tutmayan yaxşılaşdırılması. Obama Bin Ladenin aradan qaldırılmasından istifadə etmədi, lakin müəyyən riskə getdi. Bu əməliyyat 11 sentyabr hadisələrinin bir növ qisası idi, lakin müxtəlif sualların təbəqələşməsi, Buş administrasiyası tərəfindən Amerikanın nüfuzunun dağıdılması və 2007-2008-ci illərdə baş qaldıran maliyyə böhranı Obamanın fəaliyyət azadlığını ciddi şəkildə məhdudlaşdırdı.
Xarici siyasətdə buraxılan hansı səhvlər Obamanın beynəlxalq arenada əldə etdiyi nailiyyətləri yekun nəticədə kölgədə buraxdı? Ən aşkar uğursuzluqlar Şimali Koreya ilə yanaşı Fələstin- İsrail münaqişəsidir. Lakin öncəki hökümətlərin nəticələri də bir o qədər ürəkaçan deyil: artıq 30 ildir ki, Pxenyan öz diplomatik oyunları ilə qüdrətli dövlətləri aldatmağa davam edir. Bundan başqa, onun müqəddəratı haqqında Çinlə danışıqlar aparmaq asan olmayacaq, çünki bu gözlənilməz rejim Pekin üçün ABŞ, Yaponiya və Seula qarşı nüfuzlu silaha çevrilir. Ümumilikdə, Asiya siyasətini uğurlu hesab etmək olar və o, hətta gərgin Şimali Koreya məsələsini belə kölgədə buraxmır. Obamanın aktivində Cənubi-Şərqi Asiya ölkələri ilə yaxınlaşma, Yaponiya ilə ittifaqın möhkəmlənməsi, Çin ilə sabit münasibətlərin saxlanılmasını qeyd etmək olar. Burada Amerikanın son onillik siyasətinin vərəsəliyini vurğulamaq lazımdır: Buşun dövründə aparılan Çin-Amerika dialoqunun müsbət impulsu Obama və Klinton tərəfindən davam etdirilmədi.
Avropa siyasətini çətin ki, uğurlu hesab etmək olar, lakin Aİ-ın özü də effektiv xarici siyasət strategiyası ilə fərəhlənə bilməz, bu isə Obamanı ABŞ-ın köhnə müttəfiqləri ilə əməkdaşlığın genişləndirilməsinə qətiyyən təşviq etmirdi. O, Afrika ilə bağlı da ortaq ruh yüksəkliyini bölüşmədi. O öz mənşəyindən yararlana bilmədi və ya istəmədi. Bundan başqa, ABŞ-ın xarici siyasətində çox vaxt parlament aspektinə əhəmiyyət verilmir. Obama siyasətbazlığa biganədir, müxaliflərlə danışıqlar aparmaq istəyinin olmaması isə ticarət siyasətində tərpənişlərin müşahidə olunmasına baxmayaraq öz rolunu oynadı. Bəs müxalifət demokrat prezidentlə əməkdaşlıq etməyə hazırdır? Amerika siyasətinin artan qütbləşməsinin kökü 1990-cı illərə dayanır və hələlik azalmaq niyyətində deyil.
Obama əsl paradoksdur. O, beynəlxalq problemləri özünə açıq-aydın təqdim edirdi və ABŞ-a inamı ölkə daxilində, eləcə də xaricində bərpa etmək zərurətini dərk edirdi. O, məsələn Səudiyyə Ərəbistan və İsrail ilə qeyri-sabit ittifaqların saxlanılmasına imkan yaradan maraqları və irsi görür. O, həmçinin başa düşür ki, amerikalı kapitalizmi dövlətin müdaxiləsi vasitəsilə təshih etmək lazımdır. Daha dəqiq desək, bu, səhiyyə və maliyyə sahələrində aparılmalıdır. Lakin o, bütün bunları effektiv siyasət daxilində gerçəkləşdirməyə müvəffəq olmadı. Təmsilçilər palatasının 2008-ci ildə itirilməsi ciddi zərbə vurdu, lakin onun parlamentin dəstəyi ilə daha çox uğur qazanacağı şübhə altında olardı, çünki Obamada liderlik bacarıqları çatışmır.
Obamanın gedişindən sonra dünya səkkiz il bundan öncəkindən daha da təhlükəli olacaq? Obama ilə birlikdə də, Obamasız da dünya daha təhlükəli olacaq. Lakin dünyada baş verən təhlükəli dəyişikliklərin məsuliyyətini (məsələn İslam terroru) nə Obama, nə də ABŞ-ın digər istənilən prezidentinin üzərinə atmaq olmaz. ABŞ Şimali Asiyada (Avropanın burada iştirakı sıfıra bərabərdir) təhlükənin artmaması üçün əlindən gələni əsirgəmir. Soyuq müharibədən sonra dünya daha da təhlükəli oldu, çünki keçmiş ideolojı qarşıdurmanın qırışında gizlənən qüvvələr üzə çıxmağa başlayırlar. Bu, xüsusilə ərəb ölkələrinin müstəqilliyinin müvəffəqiyyətsizliyi və Pakistana daxil olan, eləcə də İranı ləngidən İslamçı dalğasına aiddir. Obama vəziyyəti sabitləşdirməyə cəhd edir, lakin ümumi nəticələr yetərincə zəifdir.
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Buşun dəhşətli səhvləri olmasa idi, bütün bunlar baş verməzdi. Obamanı keçmişə nəzər salmadan anlamaq olmaz. Lakin bu onu məsuliyyətdən azad etmir. Buna baxmayaraq, qəbul etmək lazımdır ki, eyni zamanda amerikalıları siyasətdən döndərən və (Trampın hazırki uğurlarının səbəbi olan) ideologiyanın sərtliyinə görə kifayət qədər çətin yol keçildi.
Avropaya gəldikdə isə, o, Obamanın prezidentliyi dövründən faydalı dərs götürə bilər: təhlükə ilə mübarizədə o yalnız özünə arxalanmalıdır. Bunun üçün onun münasib strategiyaya və hərbi, kosmik, eləcə də kəşfiyyat sahəsində vəsaitlərə ehtiyacı var.