Rusiya Suriyada “hava zərbələrini davam etdirəcəyini” bildirib Dünya

Rusiya Suriyada “hava zərbələrini davam etdirəcəyini” bildirib

Nikolay Pankov deyib ki, "hələlik terrorizmin məğlub olduğunu söyləmək çox tezdir"

Cavid

Rəsmi Moskva bildirib ki, Rusiyanın əsas döyüş qüvvələrinin Suriyadan çıxarılmasına baxmayaraq onun hərbi təyyarələri havadan raket zərbələrini davam etdirəcək. Rusiyanın müdafiə nazirinin müavini Nikolay Pankov deyib ki, "hələlik terrorizmin məğlub olduğunu söyləmək çox tezdir".
Rusiya əsas qüvvələrinin çıxarılmasına çərşənbə axşamı başlayıb və Rusiya telekanalları daimi bazalarına qayıdan təyyarələri göstərir. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Rusiyanın Suriyadakı əsas döyüş qüvvələrini çıxarmaq qərarını alqışlayıb və deyib ki, bu addım Cenevrə sülh danışqlarına müsbət impuls verə bilər.
Bəyanatdan sonra bombardman
Xəbər verilir ki, prezident Vladimir Putin əsas qüvvələrin çıxarılması barədə bəyanatı verdikdən sonra Rusiya təyyarələri qədim Palmira yaxınlığındakı İŞİD mövqelərinə zərbə endirib. Livanın əl-Manar telekanalı və Londondakı Suriya müxalifətçiləri Suriya ordusunun Palmira üzərinə yürüşə başladığını bildiriblər.
İslam Dövləti adlandırılan təşkilat Palmiranı ötən mayda tutduqdan sonra qədim şəhərdəki UNESCO mədəniyyət irsi nümunələrinin dağıdılmasına başlanıb. Buna baxmayaraq, Rusiya telekanalları Su-24 taktiki bombardmançılarının, Su-25 qırıcılarının, Su-34 zərbə təyyarələrinin və helikopterlərinin vətənə qayıtmaqda olduğunu xəbər verir.
S-400 çıxarılmayacaq
Bununla belə, cənab Pankov deyib ki, Rusiya qüvvələrinin hava qruplaşması Suriyada qalacaq. O bildirib ki, "terrorçuların mövqe və qurğularına hava zərbələri davam etdiriləcək". Başqa bir rəsmi, parlamentin müdafiə komitəsinin rəhbəri Viktor Ozerov deyib ki, 800 əsgərlik iki batalyon Hmeymim və Tartus bazalarının mühafizəsi üçün Suriyada qalacaq. Suriya hərbçilərinə təlim verən zabitlər də missiyanı davam etdirəcəklər.
Kreml administrasiyası isə bəyan edib ki, S-400 təkmil raket sistemi də Suriyadan çıxarılmayacaq. Rusiyanın əsas müttəfiqi – Əsəd rejiminin nümayəndələri qüvvələrin çıxarılması ilə bağlı Moskva və Dəməşq arasında hər hansı fikir ixtilafının olması barədə şayiələri rədd ediblər.
Minlərlə öldürülən
Qərb mediası yazır ki, Rusiyanın Suriyaya nə qədər qüvvə gətirdiyi bilinmir, lakin ABŞ-ın təxminlərinə görə Suriyadakı Rusiya qoşunlarının sayı 3000-6000 arasında olub. Rusiyanın Suriyadakı hərbi missiyasının nəticələri barədə danışan müdafiə naziri Sergei Shoigu deyib ki, Rusiyanın döyüş təyyarələri kampaniya ərzində 9 min uçuş edib, 2 min "quldur" öldürülüb və Suriya hökumətinin 10 min kvadrat kilometrlik əraziyə, 400 yaşayış məntəqəsinə nəzarəti bərpa olunub.
Lakin Suriya müxalifətinin məlumatına görə Rusiyanın hərbi kampaniyası nəticəsində 429 uşaq da daxil 1733 mülki öldürülüb. Müxalifət həmçinin hava reydlərində 1492 qiyamçının və Əl-Qaida döyüşçüsünün, habelə 1183 İD cihadçısının öldürüldüyünü bildirib.