Çanaqqala savaşı Dünya

Çanaqqala savaşı

İstanbulun səddi Çanaqqala, Çanaqqalanın səddi isə Mustafa Kamal Atatürk idi



Martın 18-i Çanaqqala şəhidlərini anma günüdür. Bu tarix türkün varlığını sübut etməsi baxımından möhtəşəm əhəmiyyətə malikdir. Bu savaş türkün Vətəninin içində ona düşmən kəsilənlərə, onu məhv etmək istəyənlərə qarşı hünəri və ləyaqəti ilə dov gəlməsi idi. Onlar heç bir halda türkün varlığını həzm edə bilməyiblər. Məhz 1915-ci ildə Çanaqqala uğrunda aylarla sürən savaşlar zamanı türkün düşmənlərinin məqsədi çökməkdə olan Osmanlı imreratorluğunun timsalında Türkiyəni, türklük duyğusunu yer üzündən silmək, onu tamamilə dövlətsizləşdirmək idi. Çanaqqala savaşı, bu savaşda türklərin dünyanı heyrətə gətirən döyüşkənliyi artıq 100 ildir ki, heyrətli müzakirə mövzusu olaraq qalır. Bir xalqın özünü ən təhlükəli, ölümcül məqamda belə ayaqda saxlaması, qətiyyən ümidsizləşməməsi, təhlükəyə qarşı durmaq qüdrəti, yenilməzliyi onun qeyri-adiliyindən soraq verir. Daim fitri imkanlarına inanan, imkansızlıqdan imkan yaradan, məğlubiyyəti ölüm sayan türk mahiyyətcə həmişə qələbə haqqında düşünüb və əksər hallarda buna nail olub. Çünki türk ruhunun mayası başdan-binadan xeyirlə yoğrulub.
Çanaqqala Birinci Dünya Savaşı zamanı Türkiyənin çarpışdığı on cəbhədən biri idi. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. Çanaqqala savaşları 8 ay yarım sürdü, hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. Düşmən qüvvələr Çanaqqalaya əvvəlcə 70 min əsgər göndərmişdi. Sonradan bu qüvvənin sayı yarım milyona çatdırıldı. Bunun 400 mini ingilis, 79 mini isə fransız ordusundan idi. İngilislər 115 min ölü, yaralı, əsir və məmələkətinə göndərilən 90 min xəstə olmaqla 205 min nəfər itirdilər. Fransızlar isə 47 min nəfər əsgər itirmişdilər.
Türklər bu döyüşlərdə 250 mindən çox əsgər itirdilər. Araşdırmaçı N.Qocatürkün o dövrdə Türkiyədə baş verən hadisələrə münasibəti maraqlıdır: "1914-cü ildə Almaniyanın Rusiyaya müharibə elan etməsi, Osmanlı imreriyasının məcburiyyət üzündən Atlanta dövlətlərinə qarşı müharibəyə başlaması Atatürkün hərbi qüdrətinə ehtiyac yaratmışdı. Onun ideyaları əvvəlcə birmənalı qarşılanmasa da, sonradan Mustafa Kamalı Maydas hərbi dairəsinə komandir təyin etməyə məcbur oldular. Qelibolu yarımadasında baş verən mühüm hadisələr, ingilis qoşunlarının Çanaqqala boğazına keçməyə cəhd etməsi və əks hücumlarla rastlaşması onları Qelibolu istiqamətinə üz tutmağa məcbur etdi.
Çanaqqala istiqamətində cəhdləri alınmayan ingilis qoşunları aprelin 25-də Səddülbahir və Arıburunu istiqamətində desant çıxartmağa başladı. Elə ilk hücum zamanı Mustafa Kamalın qoşunu üzərinə göndərilən desant dəstələrini məhv etmək üçün M.Kamal qoşununu Biqalidən Conkbayıra köçürür. Arıburnundan Conkbayıra irəliləyən ingilis qoşunları Mustafa Kamalın rəhbərlik etdiyi 19-cu diviziyanın əks hücumları nəticəsində böyük itkilərdən sonra geri çəkilməyə məcbur olur.
Mustafa Kamalın rəhbərlik etdiyi türk əsgərlərinin misli görünməməmiş cəsarətli döyüşləri türk dövlətçilik tarixində yeni bir dövrün başlandığını sübut etdi. Mustafa Kamalın sərkərdəlik qüdrətini sübut edən bu döyüş türkü xilas edəcək işığın, sərkərdənin yetişdiyindən xəbər verirdi. Əsgərlərini millət, dövlət naminə özünə güvənməyə çağıran Mustafa Kamal deyirdi: "Mən sizə təcavüz əmrini vermirəm, ölməyi əmr edirəm. Biz ölənə qədər keçən zaman ərzində yerimizə başqa qüvvələr və komandirlər keçə bilər".
Mustafa Kamal səddini aşa bilməyən düşmən qüvvələri qarşısında İstanbulu fəth etmək üçün Çanaqqala səddi vardı. İstanbulun fəth olunmaması, Antanta dövlətlərinin İstanbulun açarını əldə etməməsi ingilislər və ruslar üçün ölümə bərabər idi. Çünki hər iki müttəfiq bir-birləri ilə əlaqə saxlamaq üçün Mərmərə və Qara dənizləri ələ keçirməli idilər. İstanbulun səddi Çanaqqala, Çanaqqalanın səddi isə böyük Mustafa Kamal idi. Mustafa Kamal Atatürk türkün böyük faciələrinə son qoymaq üçün doğulmuşdu. Bu döyüşlərdə ingilis ordusu texnika, hərbi sursat baxımından çox güclü olsa da, onun üzərində qalibiyyətin bir səbəbi də genetik yaddaşımızla, türk ordusunun döyüşkən ruhu, türk sərkərdələrinin döyüş texnikalarına bələd olması ilə bağlı idi. Mustafa Kamal da qəhrəman babaları kimi zorun, silahın gücü ilə deyil, ağlın və yurd sevgisinin qüdrəti ilə qalib gəlmişdi".
Yaxşı yadımdadır, Çanaqqala mövzusunda "Çanaqqala oratoriyası" adlı əsər yazmış mərhum xalq artisti, professor Vasif Adıgözəlov bu mövzuya müraciət etməsinin səbəbi ilə bağlı deyirdi: "Hələ çoxdan bu mövzu məni düşündürürdü. Ölüm təhlükəsi ilə üz-üzə qalan, az qala yox olmaq təhlükəsi gerçəkləşən Türkiyənin belə bir məqamda özündə yenilməz güc taparaq mövcudluğunu qoruyub saxlaması təbiidir ki, bir türk olaraq hər birimizi ruhlandıran, qürurlandıran bir tarixi hadisədir. Bu, tarixdir, Türkün yenilməzliyinin daha bir sübutudur. Məhz bu cür hadisələr bizim bir millət olaraq şanlı, məğrur keçmişimizi yenidən vərəqləməyə, ümidli bir söykənəcək tarmağa imkan verir. Tarixi Çanaqqala zəfəri bütün Türk dünyası üçün daim müqəddəs bir qələbə kimi xatırlanacaq. Həmin tarixi vuruşlarda qəhrəmanlıqla vuruşub canından keçən türk şəhidlərinin məzarını ziyarət etmişəm. Onların məzarlarını ziyarət etdikcə daxilən daha da gücləndim, qürurum artdı. Səbəbi də o idi ki, elə bir çətin zamanda türklər özlərində qüdrət tara bildilər ki, düşmənlə nəinki döyüşsünlər, üstəlik qələbə çalsınlar. Mən bu qənaətdəyəm ki, Çanaqqala savaşında türk qardaşlarımızın göstərdiyi hünər bütün Türk Dünyasına, türk xalqlarına gözəl bir örnək olmalıdır. Hər bir Türk öz Vətənini bu cür qorumalıdır. Çanaqqala türklər üçün son dərəcə əhəmiyyətli bir nöqtə idi. Türklər anladılar ki, artıq bundan o yana yol yoxdur. Çanaqqalanın getməsi İstanbulun əldən getməsi demək idi. Torpaq müqəddəsdir. Mən Çanaqqala mövzusunda yazarkən bunu bütün Türk Dünyasının tarixi zəfəri kimi təqdim etməyə çalışdım. "Çanaqqala oratoriyası" mahiyyətcə rekviyemdir, şəhidlərin ruhuna ithaf edilmiş musiqidir. Bu əsərdə türk əsgərlərinin Vətənə olan sonsuz, tükənməz sevgisini, məhəbbətini, rəşadətini, qəhrəmanlığını, yenilməzliyini ifadə etməyi başlıca məqsəd hesab etmişəm".


Uğur