Putin rejimi niyə məhvə məhkumdur? Dünya

Putin rejimi niyə məhvə məhkumdur?

Putinin hakimiyyəti üç dayaq üzərində qurulub...

Cavid

Fransanın Vladimir Putini oktyabr ayında Sena çayı sahilində nəzərdə tutulan Pravoslav Kilsəsinin açılışına dəvət etməsi, Krımın ilhaqından sonra Moskva ilə yaranan diplomatik buzları əritmək mənasına gəlir. Hazırda yeni Rusiya heç zaman olmadığı kimi ikibaşlı qartala bənzəyir. Bir tərəfdən iqtisadiyyat və cəmiyyət böhrana qərq olub. Digər tərəfdən isə inanılmaz strateji və diplomatik yüksəliş Rusiyanın regional dövlət olması barəsində verilən proqnozların üstündən xətt çəkir.
"Le Figaro-Fransa" yazır ki, Putinin hakimiyyəti üç dayaq üzərində qurulub:
Birincisi - dövlət hakimiyyətinin gücünün bərpa olunması;
İkincisi - soyuq müharibədən sonra yaranmış və ABŞ-ın rəhbərlik etdiyi dünya nizamına qarşı etiraz edilməsi;
Üçüncüsü - xammal məhsullarının yüksək qiymətləri hesabına iqtisadiyyatın qaldırılması (xammalın yüksək qiymətləri Rusiyadakı alıcılıq qabiliyyətini artırıb və nəticədə 90 milyonluq orta sinif meydana gəlib).
Hazırda birinci dayaq korrupsiyanın güclü təzyiqi altında dağılır, üçüncü dayaq isə tənəzzül üzündən əyilib.
Hazırda Rusiya Sovet İttifaqının dağılmasından sonra ən güclü böhran yaşayır. İqtisadi böyümə 3,7% aşağı düşüb. Rublun çöküşü ilə birlikdə güclü kapital axını müşayiət olunur. Məvaciblər hər il 10 % azalır, işsizlik isə durmadan artır. Rusiyalıların əksəriyyəti iqtisadi vəziyyətin ağırlığından əziyyət çəkir. Əhalinin orta yaş həddi 2000-ci ilin əvvəlindən 59 yaşdan 66 yaşa kimi yüksəlmişdi, ancaq bu göstərici aşağıya düşməyə başlayıb. Orta sinfin payı əhalinin yalnız 20%-ni təşkil edir və 19 milyon rusiyalı isə yoxsulluq səviyyəsində yaşayır. Ölkədəki ictimai bərabərsizlik getdikcə kəskinləşir.
Rusiya iqtisadiyyatındakı böhran neftin qiymətinin kəskin düşüşü və beynəlxalq sanksiyalar fonunda daha da güclənib. 17 apreldə Dohada keçirilən nəticəsiz sammit Moskva üçün böyük uğursuzluq olub (Səudiyyə Ərəbistanı bidirib ki, əgər İran neft hasilatını dondurmayacaqsa, onda onlar heç bir addım atmayacaqlar).
Bu sammit göstərdi ki, karbohidrogen bazarlarındakı vəziyyətin bərpa olunması üçün zamana ehtiyac var. Hər necə olmasına baxmayaraq, iqtisadi geriləmənin dərin səbəblərini ölkənin daxilində axtarmaq lazımdır. İqtisadi inkişaf tam olaraq xammala dayanır. İsdedadlar və "beyinlər" kapitalın arxasınca axıb gedir. Banklar əldən düşüblər.
İnvestisiya və innovasiyalar əngəllənir ki, bu da öz növbəsində Hərbi Sənaye Kompleksindən başqa bütün digər sahələrdə ixracın geriləməsinə səbəb olur. Asiyaya tərəf dönüş etmək isə, iqtisadiyyatı Rusiyadan 12 dəfə böyük olan Çinin fonunda dalana dirənmə ssenarisini xatırladır.
Ancaq bunlara baxmayaraq, Rusiyada xalqın bədbəxtlikləri yalnız dövlətin gücünü artırır. İqtisadiyyatın yaratdığı qorxulu vəziyyət, ölkənin diplomatik və strateji yüksəlməsi ilə yanbayan gedir. İki il ərzində Rusiya soyuq müharibədən sonra formalaşmış Avropa nizamını dağıdıb, Krımın ilhaqından sonra Kreml Suriya və Dağlıq Qarabağa müdaxilə nümayiş etdirərək, diplomatik səhnədə ön cərgələrdə yer ala bilib. Rusiya Gürcüstan ekspedisiyasından sonra silahlı qüvvələrin modernləşdirilməsi nəticəsində, hərbi plan baxımından hibrid müharibəsi sferasındakı imkanlarını əyani şəkildə nümayiş etdirib. Silahlanma çərçivəsində müdafiə büdcəsi 70 milyard dollardan 92 milyard dollaradək artaraq, Ümumi Daxili Məhsulun 4%-ni təşkil edib.
İlkin plan kimi, peşəkarlığın artırılmasına paralel olaraq şəxsi heyətin azaldılması və silahların modernləşdirilməsi (Radarlara yaxalanmayan "T-50" təyyarələri, "T-14 Armata" tankları, yeni sualtı qayıqlar donanması) önəm verilib.
Strateji planda Rusiyanın müdaxiləsi Qərbinkinə nisbətdə daha effektli olub. Siyasi tərəfdən yanaşdıqda Putin Bəşər Əsəd rejimini xilas edərək onu öz nəzarətinə salıb. Diplomatik planda isə Rusiya Yaxın Şərqdə özünü Avropaya yaxın tərəfdaş kimi təqdim edə bilib.
Putinin 2014-cü ildən başladığı sıçrayışı qiymətləndirməmək olmaz. Amma Rusiya hələ də zəif və kövrəkdir, çünki iqtisadiyyata, cəmiyyətə və vətəndaşlara qarşı özünü yırtıcı kimi aparan dövlət məhvə məhkumdur. Eyni zamanda, bu, həmçinin onu da göstərir ki, siyasətdəki güc tətbiqi və hakimiyyətin sərt idarə etmə üsulu 21–ci əsrdə də öz effektliliyini saxlayır.