Rusiya NATO batalyonlarına nə ilə cavab verəcək? Dünya

Rusiya NATO batalyonlarına nə ilə cavab verəcək?

"Üç diviziya yerləşdirərik"

Cavid

Varşavada keçirilən Şimali Atlantika Alyansının sammitində, bu təşkilatın baş katibi Yens Stoltenberq elan edib ki, 2017-ci ilin əvvəlində Latviya, Litva, Estoniya və Polşada NATO-nun çoxmillətli batalyonları yerləşdiriləcək. Bu hərbi hissələrdə dörd min əsgərin olacağı gözlənilir. Həmin batalyonlara Böyük Britaniya, Kanada, Almaniya və ABŞ komandanlıq edəcək. Fransa ilk növbədə Estoniya və Litvaya 150 əsgər göndərəcək, lakin onlar bu batalyonlara komandanlıq etmək istəmədiklərini bildiriblər.
"Radio France İnternationale" yazdığına görə, müşahidəçilər qeyd edirlər ki, batalyonların yerləşdirilməsi simvolik xarakter daşıyır. Çünki hər birində 600-dən min nəfərədək olan dörd batalyon, Rusiya tərəfindən gələn potensial aqressiyaya qarşı duruş gətirə bilməz.
Amerika silahlı qüvvələrinin Avropadakı komandanı general Ben Hodces bildirib ki, nəzəri baxımdan Tallin və Riqaya çatmaq üçün Rusiya qoşunlarına üç gündən az bir zaman da bəs edər.
Parisdəki Strateji Araşdırmalar Fondunun eksperti Kamiy Qran vəziyyəti belə izah edir:"Batalyonların yerləşdirilməsində məqsəd, Baltik ölkələrində sürətli hərbi əməliyyatların həyata keçirilməsinə yol verilməyəcəyi mesajını Rusiyaya çatdırmaqdır".
"Kontrapunkt" jurnalının baş redaktoru Mariya Lipman isə deyib: "Polşa və Baltik ölkələrində vəziyyəti sabitsizləşdirmək və gərginlik yaratmaq üçün Rusiya böyük imkanlara malikdir. Rusiyanın bu ölkələrlə sərhəddi var və həmçinin də Latviyada böyük rusdilli icma yaşayır. Rusiyanın qoşunları sərhəddi keçməsə də belə, onlar bu ölkələrdə xoşagəlməz vəziyyət yarada bilərlər".
Moskva hesab edir ki, Polşa və Baltik ölkələrində rotasiya (yerdəyişmə) batalyonlarının yerləşdirilməsi, alyans qoşunlarının Rusiya sərhəddi yaxınlığında cəmləşməyəcəyi ilə bağlı NATO ilə Rusiya arasındakı razılaşmanın pozulmasıdır.
Prezident administrasiyasının rəhbəri Sergey İvanov batalyonların rotasiyası ilə əlaqədar deyib: "Şətri olaraq ispanlar vardı, sonradan onlar getdikdən bir gün sonra portuqallar gəldilər. Döyüş hazırlığı bununla dəyişimir".
Rusiya prezidenti Vladimir Putin iyun ayının sonunda bildirmişdi: "NATO Rusiyaya qarşı münasibətdə qərəzlə anti-Rusiya istiqamətini qabağa çıxararaq, real qarşıdurma addımları atır. Həmçinin Rusiyanı perspektivsiz və böyük məsrəf tələb edən silahlanmaya girişmə təxribatına çəkməyə də cəhd olunur".
Hərbi icmalçı Pavel Felenqauer qeyd edir ki, NATO batalyonlarının yerləşdirilməsinin ardından, Rusiya öz hərbi qüvvələrinin sərhəd boyunca artırılmasına başlayacaq.
O deyib: "Biz deyərik ki, bu bizə təhlükədir, təcavüzkar hərəkətlərdir. Və biz adekvat cavab tədbirləri görərik. Həmin dörd batalyona cavab olaraq, üç diviziya yerləşdirərik".
Yens Stoltenberq dəfələrlə bildirib ki, NATO Rusiya ilə konstruktiv dialoq tərəfdarıdır və yeni soyuq müharibə istəmir.
Parisdəki Amerika Beynəlxalq Siyasi Tarix Universitetinin professoru Oleq Kobçev qeyd edir ki, indiki vəziyyət soyuq müharibədən də təhlükəlidir. Onun sözlərinə görə, ictimai fikir və həmçinin də tərəflərin bəyanatları gərginliyi azaltmır.
"İkinci Dünya Müharibəsindən sonra diplomatlar qorxmuşdular və gərginlik hədsiz dərəcədə artanda, onlar geri çəkilirdilər. İndi bu yoxdur. Soyuq müharibə dövrünün Andrey Qromıko və ya Henri Kissincer kimi diplomatları yoxdur. İndiki nəsildə bu cür təcrübə də yoxdur. Bu sözləri futbol matçında olduğu kimi, gərginliyin artmasında bu və ya digər tərəfə azarkeşlik edən ictimai fikir barəsində də söyləmək olar".
13 iyul tarixində Brüsseldə Rusiya-NATO Şurasının iclası keçiriləcək. Yens Stoltenberq bildirib ki, bu görüş Ukrayna böhranının müzakirə olunmasına və Minsk razılaşmasının yerinə yetirilməsinə həsr ediləcək. Sonuncu dəfə Rusiya-NATO Şurası aprel ayında, yəni Krımın ilhaqından və şərqi Ukraynadakı döyüşlərin başlamasından iki il sonra keçirilmişdi.
Mariya Lipman deyir: "Burada söhbət qarşıdurmadan və razılığa gəlinmənin mümkünsüzlüyündən gedir. NATO-nun Rusiya ilə sonuncu danışığı tam uğursuzluqla nəticələnmişdi. Tərəfələr heç bir məsələdə razılığa gələ bilmədiklərini etiraf etmişdilər. Bu arada isə təhlükəli epizodlar baş verir: Rusiya qırıcı təyyarələri Amerika hərbi gəmilərinin yanından uçur, bir yandan Şərqi Avropada, digər yandan isə Rusiyanın qərb sərhədləri tərəfində hərbi güc artırılır. Beləliklə də hərbi gərginlik yüksəlir".
Onu da vurğulamaq lazımdır ki, hələ NATO sammitindən öncə, ABŞ prezidenti Barak Obama bildirmişdi ki, alyansın üzv dövlətləri Şimali Atlantika müqaviləsinin 5-ci maddəsinə uyğun olaraq, hər bir NATO üzvünün qorunması ilə bağlı qətiyyətini yenidən təsdiq etməlidir.
Onun sözlərinə görə, Qərb Ukraynaya öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə kömək göstərməli və sülh haqqındakı müqaviləni yerinə yetirmədiyi təqdirdə isə, Rusiyaya qarşı tətbiq olunan məhdudiyyət tədbirlərini qüvvədə saxlamalıdır.