“Biz güclənirik ki, sülh davamlı olsun” Siyasət

“Biz güclənirik ki, sülh davamlı olsun”

“Azərbaycanın hər bir ölkə kimi özünün hərbi müdafiə qabiliyyətini artırması onun suveren hüququdur”.

Bunu Milli Məclisin deputatı Azər Badamov “Xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.

Deputat qeyd edib ki, bu kontekstdə Azərbaycanın Pakistandan JF-17C Block-III qırıcı təyyarələrinin alınması ölkəmizin müdafiə gücünün daha da möhkəmlənməsinə xidmət edir: “Azərbaycan heç bir dövlətin ərazisində gözü olmayan ölkədir. Biz öz torpaqlarımızı işğaldan azad etmişik və bundan sonra da hər hansı təhdidə məruz qalmamaq üçün hərbi qüdrətimizi daim artırmalıyıq. Ermənistan da Hindistandan Su-30MKI qırıcılarının alınması ilə bağlı müqavilə imzalayıb. Bu, onların müstəqil qərarıdır. Amma Ermənistan nə qədər silah toplasa belə, Azərbaycanın hərbi gücü ilə müqayisə oluna bilməz. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini üstələyir və 2026-cı il üçün Ermənistanın hərbi xərclərini 15% azaltması da bu reallığı bir daha təsdiq edir. Bu gün Azərbaycan Ordusu elə bir güc səviyyəsinə çatıb ki, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam təmin etmək iqtidarındadır”.
A.Badamov əlavə edib ki, Azərbaycan gələcək vizionunu müharibə üzərində deyil, həm müdafiə qabiliyyətinin gücləndirilməsi, həm də regionda sülhün möhkəmləndirilməsi üzərində qurur: “Biz regionda dayanıqlı təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıyıq. Ordumuz sülhün təminatçısıdır, çünki güclü dövlət yalnız sülhü müdafiə etməklə sabitlik gətirə bilər. Azərbaycanın strateji məqsədi bölgədə uzunmüddətli sülhü və təhlükəsizliyi təmin etməkdir“.

Günel Elxan