Ermənistanada baş verənlərin görünməyən üzü Dünya

Ermənistanada baş verənlərin görünməyən üzü

Diaspora Sarkisyanı əvəzləməyə necə zəmin yaratdı?

İrəvanda hakimiyyət əleyhinə etiraz aksiyasiyasının polis tərəfindən zor və silah tətbiqiylə dağıdılması və nəhayət, 2 həftəlik müqavimətdən sonra post-patrul alayının binasını ələ keçirən dəstənin təslim olması bir daha "Ermənistanda nə baş verir?" sualını aktuallaşdırıb.

İlk baxışda kənardan hər şey Ermənistan KİV-nin təqdim etməyə çalışdığı kimi görünür: "Bir qrup radikal hakimiyyətə qarşı təzyiq etməyə çalışır. Hakimiyyət isə çox çətinlik çəkmədən bu radikal qrupu zərərsizləşdirir. Radikalların müdafiəsi məqsədilə çox az sayda insan meydana çıxır. Hakimiyyət vəziyyətə tam nəzarət edir".

Ermənistan KİV-i və siyasətçilərinin çoxu iyulun 17-dən bəri, İrəvanda post-patrul xidməti alayının binasının bir qrup silahlı şəxs tərəfindən ələ keçirilməsi və girovların götürülməsi ilə başlayan prosesləri qısa olaraq bu cür təqdim etməyə çalışır. Amma baş verənləri və bu hadislərdə kimlərin əsas rol aldığını dərindən təhlil etdikdə, tam fərqli bir mənzərə ortaya çıxır.

İyulun 17-də "Təsisçi parlament" müxalifət hərəkatının lideri Jirayr Sefilyanın bir qrup silhalı tərəfdarı İrəvanda post-patrul xidməti alayının binasını ələ keçirdilər. Onların əsas tələbi bu il iyun ayında həbs olunan J.Sefilyanın azadlığa buraxılması, prezident Serj Sarkisyanın isə istefaya getməsi idi. Danışıqlar nəticəsində artıq bütün girovlar azadlığa buraxılıb. Jirayr Sefilyanın tərəfdarları hakimiyyətlə 14 gün davam edən danışıqlardan sonra bu gün təslim olublar.

Bundan əvvəl Ermənistan polisi təslim olmaq üçün silahlı qrupa şənbə günü saat 15.00-dək ultimatum vermişdi. Amma bu vaxt bitdikdən sonra da polis hücum əməliyyatı keçirməmişdi. İyulun 29-30 isə isə Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirmiş "Sasna çrer" ("Sasunlu mübarizlər") qrupunun müdafiəsi məqsədilə etiraz aksiyaları keçirilib. Aksiyalar polis tərəfindən amansızcasına dağıdılıb.

Ermənistanda hazırda baş verənlərin əsas qəhrəmanlarından biri "Təsisçi parlament" müxalifət hərəkatının lideri Jirayr Sefilyandır. Livanda doğulan 49 yaşlı Jirayr Sefilyan Qarabağ müharibəsi zamanı Şuşa əlahiddə batalyonun komandiri olub. Ona polkovnik-leytenant rütbəsi verilib, "Qarabağ müharibəsi qəhrəmanı" adı və "1-ci dərəcəli döyüş xaçı" ordeni ilə təltif edilib. Livanda vətəndaş müharibəsi zamanı erməni icmasının müdafiəsində iştirak edib, Daşnaksutyun Partiyası Livan bölməsinin fəallarından olub. Müxtəlif vaxtlarda siyasi səhnədə önə çıxan və ciddi siyasi uğurlara imza ata bilməyən J.Sefilyan 2015-ci ildə yenidən fəallaşıb. O, 2015-ci ildə Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsinə qarşı çıxıb. Xatırladaq ki, Konstitusiya dəyişiklikləri Ermənistanda parlamentli respublikaya keçidi nəzərdə tuturdu. Sarkisyana qarşı 2000-ci ildən bəri sərt mövqeyi ilə seçilən Sefilyan 2015-ci ildə 2013-cü il prezident seçkilərində prezidentliyə namizəd olmuş, İrs Partiyasının lideri Raffi Ovannisyanın himayəsi altında yaradılan "Yeni Ermənistan" koalisiyasının Siyasi Şurasına üzv olub. Sefilyan seçicilərin 63 faizinin Konstitusiya dəyişikliklərinin lehinə səs verdiyi referendumdan sonra Yerevanda bir neçə kütləvi etiraz aksiyası təşkil etməsi ilə də gündəmə gəlib. Amma bu etiraz aksiyalarına cəmi bir neçə yüz insan çıxıb və elə ciddi siyasi nəticələrə səbəb olmayıb.

J.Sefilyanın məhz Raffi Ovannisyanla müttəfiqiyi onu çox ciddi oyunçuya çevirir. Sefilyanın Qarabağ veteranları arasında nüfuzu olsa da, siyasi fiqur kimi çəkisi yoxdur. R.Ovannisiyanla müttəfiqlik isə onun üçün zəruri siyasi dəstəyi təmin edir.

Raffi Ovannisyan isə 2013-cü il prezident seçkilərində 36,5% səs yığıb və siyasi səhnənin əsas fiqurlarından sayılır. O, ABŞ-da doğulub, təhsil alıb və işləyib. 1991-1992-ci illərdə Ermənistan ilk xarici işlər naziri olub. İrs Partiyası və R. Ovannisyan daha çox Qərblə sıx əlaqələrə malik siyasi qüvvə kimi tanınır. Eyni zamanda, İrs Partiyası xaricdəki erməni diasporunun ölkədəki aparıcı siyasi təşkilatı kimi dəyərləndirilir.

Qarabağ cəbhəsindəki aprel döyüşlərindən sonra məhz J.Sefilyan S.Sarkisyanın məğlub olduğunu, Ermənistanı satmaq istədiyini bəyan etmişdi. Baxmayaraq ki, J.Sefilyanın tərəfdarları etiraz aksiyalarını aprel döyüşləri və son zamanlar intensivləşmiş Qarabağ danışıqları ilə əlaqələndirmirlər, Ermənistanda onun məhz Sarkisyanın satqın kimi qələmə verdiyi üçün həbs olunduğuna heç kim şübhə etmir.

Sarkisyanın Qarabağ mövzusunda bu qədər cəsarətlə danışan keçmiş döyüşçünü həbs etməklə cəmiyyətə açıq mesaj verdiyi hər kəsə bəllidir. Bu mövqe KİV-də və siyasətçilərin açıqlamalarında açıq gündəliyə gətirlməsə də, sosial şəbəkələrdə geniş müzakirə mövzusudur.

Görünən budur ki, son 14 gündür Ermənistanda 1999-cu ildə baş verənlərin başqa formada təkrarlanmasının mümkünlüyü sınaqdan çıxarılır. Zərurət yarandıqda Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması və onun yerinə mümkün fiqurun hazırlanması, bu məqsədlə müvafiq tarixçə və siyasi zəmin yaradılması prosesinə start verilib.

Eyni zamanda S.Sarkisyanın nüfuzdan salınması, onun gələcəkdə "əli qanlı lider" kimi təqdim edilməsi üçün də ilkin addımlar atıldı. Erməni diasporu da cəmiyyətə və Sarkisyana açıq mesajını verdi. Erməni diasporu Sarkisyanın yerinə kimi görmək istədiyini bəyan etdi.

Ermənsitanda bir çox rusiyayönlü təhlilçilər Yerevanda davam edən siyasi böhranda Vaşiqntonun əlinin olduğunu bildirirlər. Onların iddialarına görə, ABŞ Yerevanda Kiyevdəkinə bənzər "Maydan" yaratmaq istəyir.

ABŞ-ın rolu barədə indiki mərhələdə əminliklə nəsə demək mümkün olmasa da, bu aksiyaların erməni diasporunun xeyr-duası ilə keçirildiyinə heç bir şübhə yoxdur. Yerevanda Sefilyanın müdafiəsi məqsədilə keçirilən aksiyalarda R. Ovannisyanın çıxış etməsi, onun ön plana çıxarılması da məhz bununla əlaqədardır.

Bu hadisələrin S.Sarkisyan tərəfindən ssenariləşdirilməsi versiyası isə o qədər də inandırıcı görünmür. Çünki hazırkı danışıqlar Rusiya və prezident Putinin şəxsi vasitəçiliyi ilə aparılır ki, Sarkisyanın Kremlə bu cür sürpiz edəcəyi şübhə doğurur. Sarkisyanın bu addımı Moskvanın xəbəri olmadan ata bilməsi də indiki mərhələdə qeyri-mümkündür.

Bu hadisələrdə etirazçıların güllələnməsi və polisin çox sərt addımlar atması Sarkisyan komandasının əndişəsini ifadə edir.

Bütün detallar onu göstərir ki, Sarkisyan komandası bu etirazların daha geniş miqyas almasından çox ehtiyatlanır və indidən elə cəza tədbirləri görür ki, cəmiyyətdə qorxu mühiti hakim olsun.

Bu günlərdə İrəvanda baş verənlər isə Ermənistanda siyasi sabitliyin və qüvvələr nisbətinin necə kövrək olduğunu göstərdi. Etirazların miqyası kiçik olsa da, prezident Sarkisyanın mövqeyinin xeyli zəif olması aşkar görünür. Aprel döyüşləri onun nufuzunu dərindən zədələyib və çətin ki, yaxın perspektivdə əvvəlki mövqeyi bərpa etmək mümkün olsun.

Görünən budur ki, Ermənistanda növbəti dəfə siyasi çalxalanmalar dövrü başlayır və Sarkisyanın bu proseslərdən necə çıxacağı da ciddi sual altındadır.