Qaraçay-malkar (balkar) türklərinin başına gələn faciələr Dünya

Qaraçay-malkar (balkar) türklərinin başına gələn faciələr

1-ci yazı

Bu yazıda Qaraçay-malkar (balkar) türklərinin başına gələn faciələr, bunun ədəbiyyatda ifadəsi haqqında danışılır. Araşdırmaçı Ə.Şamil bildirir, çar Rusiyası Qafqazı işğal etsə də, burada etiraz dalğaları, üsyanlar uzun müddət sönmədi. 1830-cü illərdə başlayan üsyanların yatırılmasına hökumət 30 ildən çox vaxt sərf etdi. Döyüşlərdə 200 min nəfərdən çox əsgər və zabit məhv oldu. Düşmənə müqavimət göstərən, aclıqdan, xəstəlikdən, soyuqdan donub ölən dağlıların sayını isə qeydə alan olmadı: "Qazilər şurasının qərarı ilə Şeyx Şamil döyüşü dayandırandan sonra da dağlarda üsyançı qruplar müqavimət göstərirdilər. Çar Rusiyasının hökumət dairələri məcburiyyət qarşısında qalıb ölkədə bir sıra islahatlar keçirməli oldular. 1861-ci il təhkimçilik hüququnun ləğvi haqqında qəbul edilmiş qanun dediklərimizə nümunə ola bilər. Bu qanunun qəbulundan sonra Qafqazda müridizm hərəkatı sönməyə başladı. Döyüşüb qan axıdan, itki verən qafqazlılar oldusa da, qanundan ən çox yararlanan isə Rusiya, xüsusən də təhkimli kəndlilər oldu. İşğal etdiyi ərazilərdə idarəetməni asanlaşdırmaq üçün hökumət 1861-ci ildə Qafqazı vilayətlərə-quberniyalara ayırdı. Qaraçay türklərini Kuban vilayətinin, malkar türklərini isə Terek vilayətinin tərkibinə daxil etdi. Basxan bölgəsində yaşayan, türkcə danışan toplum isə bəzi qaynaqlarda orusbiylər kimi göstərilir. Beləliklə, eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan, eyni dinə inanan, eyni kökənli toplumdan iki xalq - qaraçaylar və malkarlar formalaşdırılmağa başlandı".
Statistikada "qaraçay", "balkar" kimi qeyd edilən xalqların yaşadığı bölgə bir-birinə bitişikdir: "Dilçiliyə, tarixə dair bütün ədəbiyyatlarda bu xalqların bir kökənli olduğu və yazılı ədəbiyyatlarının qaraçay, basxan-çeqem və malkar ağızı (şivəsi) əsasında formalaşdığı göstərilir. Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qaraçay-malkarlar da 1929-cu ildə latın qrafikalı əlifbaya keçdilər. Ancaq bu, uzun sürmədi. 1938-ci ildə onlar üçün də əlifba hazırlandı. Kiril qrafikalı bu əlifbada 38 hərf var. Türk dillərinin hamısında olduğu kimi, onların dili də səssizlərlə (saitlər) zəngindir. Bütün bunlara baxmayaraq, tarix, ədəbiyyat, folklorları ayrı-ayrılıqda öyrənilir və təbliğ olunurdu. Sovet strateqləri bu ayrılığı getdikcə dərinləşdirmək üçün malkarlara Nalçikdə, qaraçaylara Çerkesskdə elmi-mədəni mərkəzlər yaradıblar".
Qaraçay-malkarlar haqqında İslam ensiklopediyasındakı məqaləsində azərbaycanlı bilgin Mirzə Bala yazır: "Dil, örf, adət, din, ictimai təşkilat, folklor edebiyat ve tarih itibari ile bir küll teşkil etdikleri halde, takriben XV asırdan sonra, karaçay ve balkar (b-m değişmesi ile malkar) veyahut tavlı (dağlı) adları altında ayrı-ayrı iki cami olarak, 1944 yılına kadar, şimali Kafkasiyada yaşamış eski bir türk kabilesidir".
Mirzə Bala məqaləsində qaracay-malkarların tarixindən, soykökündən söz açmaqla yanaşı folklorlarına, ədəbiyyatlarına da diqqət yetirib: " Görünür, hələ Bakıda yaşayarkən tanış olduqlarındanmı, yoxsa haqqında daha çox bilgisi olduğundanmı, Qaracay-Çərkəz Respublikasının yaradıcısı və ilk rəhbəri, sonralar ədəbiyyat və elmlə ardıcıl məşğul olan, 1938-ci ildə güllələnən Ömər Əliyev (Bu insanın adı Umar, Omar, soyadı Aliyev, Aliylanı kimi də yazılır) haqqında diqqəticəkən bilgilər vermişdi. Son 200 ildə aramsız basqılarla üzləşən, torpaqları əllərin¬dən alınıb yerində sanatoriya və kurortlar, istirahət evləri tikilən, bir sözlə, mülkiyyətləri başqalarına verilən, kütləvi sürgünlərə uğrayan, həbs edilən, güllələnən bir toplumun dilini qoruması, folklorunu yaşatması və ana dilində bədii əsərlər yaratması heyrətamizdir. Azsaylı xalqın şair və yazıçılarından İsmail Akbaylanı (1874-1937), Ömer Ali Aliylanı (1895-1938), İslam Xibiylanı (1896-1938), Asxat Bicilanı (1900-1958), Sait Otarlanı (1903-1975), Xasan Appalanı (1904-1938), Axmadiya Malkarlı (1905-1965) və digərləri 1937-ci il irticasına uğramış, Salix Xoçuyev (1910-1942), Toxtar Borlaklanı (1914-1942), Azret Budaylanı (1916-1942), Maqomet Oruslanı (1916-1942), İssa Qarakölanı (1900-1942), Daut Baygullanı (1902-1942) və başqaları isə İkinci Dünya Savaşında faşizmə qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olublar. Qaraçay-malkarlar Quzey Qafqazın mərkəzi bölgəsində-yüksək dağlıq ərazidə məskunlaşıblar. Qaraçaylar Kuban çayının başlanğıcındakı Xurzuk, Uçkulan, Kart Curt kəndlərində, oradan batıdakı Duvut, Teberdi, Morx, İsxavat, Urup, Laba çaylarının yuxarı axarlarındakı kəndlərdə və Mara, Cögtey, Zelençuk (İncik - Ə.Ş.) vadilərindəki kəndlərdə yaşayırlar. Malkarlar isə Elbrus dağının doğusunda Basxan (Baksan, Bahsan) vadisindən doğuda yerləşən Çeqem, Xolam, Bızıngı və Malkar (Çerek) vadilərindəki ərazilərdə, Köndelen, Aksuv, Xasaniya, Kaşqatav, Karasuv, Gerpegey və başqa kəndlərdə yaşayırlar. Bir sözlə, qaraçay-malkarları güneydən Böyük Qafqazın qarlı zirvələri alınmaz qala kimi qoruyur. Quzeydə isə onların məskənləri iti çaylar, dərin dərələr, dar keçidlərlə əhatə olunublar. Kəndlərin uca dağlar qoynunda yerləşməsi, gediş-gəlişin çətinliyi onları uzun müddət ətraf aləmdən ayrı salıb. Onlar, bəlkə, buna görə soydaşları arasında islamı elliklə ən gec - XVIII yüzildə qəbul edənlərdir.
Bəzi araşdırıcılar bölgədəki kilsə qalıqlarına əsaslanaraq yazırlar ki, "Gürcü kraliçası Tamara 1207-ci ildə onları hakimiyyəti altına almış və burada xristianlığı yayıb". XIV yüzilin başlarında Avropalı missionerlərin qıpçaqlar arasında xristianlığı yaymaq məqsədilə hazırladıqları "Codex Cumanicus" adlı əsərdə işlənən sözlərin dörddə üçünün bugünkü qaraçay-malkar dilində işlək olması da onların ətraf mühitdən daha çox təcrid olunduqlarını, arxaik sözləri daha çox qoruyub saxladıqlarını göstərir. Qaraçay-malkarların etnik mənşəyinə dair çoxlu fikir və mülahizələr olsa da, araşdırıcılardan İ.M. Miziyev və Kazıy T. Layran bu toplumun soykökündə kimmer, saka (skif, iskit) kimi prototürk tayfalarının və hunların, bulqarların, as-alanların, xəzərlərin, sabirlərin və qıpçaqların olması fikrində yekdildirlər. İ.M.Miziyev şumer (sumer) yazıları ilə çağdaş qaraçay-malkar kəlmələrini müqayisə edərək bir çox oxşarlıqlar tapıb. O, araşdırmalarında bu nəticəyə gəlib ki, qaraçay-malkarların ulu babaları – prototürklər iskit (skif) - sarmat, hun, bulqar, alan, as və s. adlarla tarix səhnəsinə daxil olublar.
Soydaşlarından təcrid olunmuş halda, uca dağlar qoynunda yaşayaraq təbiətin şıltaqlığına və yadelli işğalçılara qarşı döyüşlərə mətanətlə sinə gərmiş xalqın bu günkü varlığını və adət-ənənəsini yaşatması möcüzə sayıla bilər. 1790-1800-cü və 1808-14-cü illərdə bölgədə yayılan vəba xəstəliyindən minlərlə insan məhv olub. Bunun ardınca rus ordusunun basqını başlayıb. Qaraçay-malkarlar nə qədər cəsarətlə döyüşsələr də, çoxsaylı və daha mükəmməl atıcı silahlarla silahlanmış ordunun qarşısında duruş gətirə bilməyiblər. Formal olaraq 1827-ci ildə malkarlar, 1828-ci ildə qaraçaylar çar Rusiyasının tərkibinə daxil olublar. Dağlarda partizan dirənişi isə müxtəlif aralıqlarla 1940-ci illərin sonlarınadək davam edib".
Araşdırmaçı daha sonra bildirir ki, çar Rusiyası bölgədəki mövqeyini möhkəmlətmək üçün 1838-ci ildə Peterburqda "Qafqaz komitəsi" adlı bir təşkilat qurdu. Bu təşkilatın planına görə Quzey Qafqazda yaşayan xalq¬ların üçdə biri köçürülməli və onlardan boşaldılan ərazilərə rus kazakları yerləşməli idi. İlk baxışda könüllülük prinsipi əsasında həyata keçirilən bu tədbir haqqında general K.A.Fadayev 1899-cu ildə "Qafqaz məktubları" əsərində yazır: "Qafqazın yerli xalqları dəstə-dəstə Qara dəniz sahillərinə gətirilərək zorla gəmilərə doldurulub Anadoluya doğru yola salınırdı".
Qafqazdakı köçləri araşdıran Hayati Bice yazır: "1850-ci illərin ilk yarısında bəzi qafqazlı ailələrin könüllü olaraq Osmanlı torpaqlarına köç etdiyi bilinməkdədir. Kırım savaşı zamanı məcburi bir hərəkat halına gələn köç hadisəsi, 1862-1865-ci illər arasındakı müddətdə zirvəyə çatmış və 1877-78, 1890-1908-ci illərdə artaraq 1920-ci illərə qədər davam edib". Osmanlı dövlətinə köçlərə dair müxtəlif qaynaqları tutuşduran Bedri Hacıoğlu bu qənaətə gəlir: "Böylece 1865-1907 yılları arasında yalnız Kafkas’yadan gelen göçmenlerin mevcudu 165.000-i buldu. Böylece 1855’den 1907’ye kadar olan dönemde Osmanlı topraklarına ulaşabilen kafkasyalı göçmenlerin sayısı (ortalama olarak) 600.000’in üzerindedir".
Bu köçlərin dəqiq rəqəmləri olmadığı kimi, köç zamanı yolda xəstəliklərdən ölənlərin, dənizdə batanların sayı da dəqiq bəlli deyil: "Üzləşdiyi faciəyə xalq biganə qala bilməzdi. "Al emina" (birinci vəba), "Ekinci emina" (ikinci vəba) adlı şərqilərində 1790-1800, 1808-14-cü illərdə vəba xəstəliyinin yayılmasından bəhs edilir. Hasavka", "Bagatır oğlu Umar" (bu yırların oxunması və nəşri nəinki çar Rusiyasında, hətta Sovetlər Birliyi zamanı da yasaqlanıb) şərqilərində qaraçaylıların rus əsgərlərinə qarşı dirənişləri, "Ullu Hoj" şərqisində isə rus kazaklarının Hoj kəndində törətdikləri vəhşiliklər təsvir olunur. "Tatarqan", "Sarıbiy bla Karabiy", "Candar", "Zavur biy", "Qobanldanı qöy bölek" və başqa mahnılarda qaraçay-malkarlara edilən basqınlardan söz açılırsa, "Güyeldi", "Bekmırzalar, Qaysınlar", "Zağoştoq oğlu Çöpellev", "Cansohların yırı" və s. mahnı və nəğmələrdə isə onların başqaları üzərinə basqınları, çapıb-talamaları, bir sözlə tərənnüm edilir. Vəba kimləri aparıb, xalqı kimlərdən məhrum edib? Bu suallara yırlarda aydın cavab verilir. Düşmənlərin yenə bilmədiyi, məğrur igidi vəba yenir.
Döyüşlərdə qəhrəmanlıq göstərən, ov etməkdə mahir igidlər haqqında da onlarla yır qoşulmuş və az zamanda dillər əzbərinə çevrilib. Xalqın yaddaşına əbədi hakim olan, dillər əzbərinə çevrilən yırlardan biri də Toxçukların Acı Murata həsr edilib. Qaraçay-malkarların zorla Osmanlı dövlətinə köçürülməsi ilə bağlı yaradılmış yırlar xalq arasında "İstampulda getgenleni yırları" ("İstanbula gedənlərin nəğmələri") adlanır. Müəllifi bilinən yırlar arasında Qasbot Qoçqarovun və Appa Canıbekovun yırları daha məşhurdur".


Uğur