Trampın səyahət qadağası Dünya

Trampın səyahət qadağası

Hakimlər Trampın vəkillərinə sərt suallar verirlər
ABŞ-ın federal apelyasiya məhkəməsi prezident Donald Trampın yeddi müsəlman ölkəsindən immiqrasiyaya qadağa qoyan sərəncamının bərpa olunması ilə əlaqədar arqumentləri nəzərə alacaq. Ötən həftə federal hakim sərəncamın yerinə yetirilməsinin qarşısını aldı və indi Tramp administrasiyası üç hakimdən ibarət apelyasiya məhkəməsinin bu qərarı ləğv etməsini istəyir. Məhkəmə bunu nəzərə aldığı bir vaxt, sərəncamda adı hallanan ölkələrlə bağlı suallar yaranmaqda davam edir.
Tramp adminstrasiyasının mübahisəli immiqrasiya qərarının getdikcə daha da çox müqavimətlə üzləşdiyi bir vaxt, iki sual yaranır: Səyahət qadağasının tətbiq edildiyi ölkələr necə seçildi? Nə üçün tarixən terrorla əlaqələndirilən digər ölkələr siyahıya daxil edilməyib?
Ağ Ev keçmiş administrasiyanın hazırladığı siyahıdan istifadə etdiklərini iddia edir. "Məqsəd Obama administrasiyasının müəyyən etdiyi ölkədən gələn insanların düzgün qaydada yoxlanılmalarını təmin etməkdir." "Narahatlıq doğuran ölkələr" siyahısı 2015-ci il Vizanın Ləğvi Proqramının Təkmilləşdirilməsi və Terrorçuların Səyahətinin Qarşısının Alınması aktına əsaslanır.
Bu qanunun məqsədi İraq, Suriya və digər ölkələrdə döyüş meydanına səyahət edən Avropa ölkələrnin vətəndaşları olan "xarici döyüşçülərin" ABŞ-a vizasız səyahət hüququndan sui-istifadə etmələrinin qarşısını almaq idi. Daha sonra Milli Təhlükəsizlik Nazirliyi siyahıya İran, Sudan, Somali, Liviya və Yəməni əlavə etdi. Səyahət qadağalarının tətbiq olunmasına dair sərəncamda deyilir ki, 2001-ci ilin 11 sentyabr hücumundan bəri Birləşmiş Ştatlarda bir çox xaricdə anadan olmuş insan terrora cəlb olunub.
Lakin Şimali Karolina Universitetindən Çarlz Kurzman deyir ki, əgər qərarın məqsədi "ölkəni xarici terrorçulardan qorumaqdırsa," o zaman Tramp administrasiyası səhv ölkələri seçib. "Birləşmiş Ştatlarda həmin yeddi ölkədən gələn ekstremistlər tərəfindən heç kəs öldürülməyib."
Kurzmanın müsəlmanların Birləşmiş Ştatrlarda zorakı ekstremizmdə iştirakı ilə bağlı araşdırmasının nəticələri onu göstərir ki, 11 sentyabrdan bəri ABŞ-da müsəlman amerikalı ekstremistlərin həyata keçirdiyi hücumlar 123 nəfərin ölümünə səbəb olub. "Müsəlmanların Birləşmiş Ştatlarda törətdiyi zorakı ekstermizm, bu ölkədə baş verən digər qətl və zorakılıqlarla müqayisəsə çox azdır."
Zorakı ekstermizmə qarşı mübarizə üzrə ekspert Adnan Kifayətin isə başqa yanaşması var. O deyir ki, bu yeddi ölkə sadəcə olaraq asan hədəfdir. "Somali və ya Somalidəki mərkəzi hakimiyyət Birləşmiş Ştatlara siyasi baxımdan bir problem yarada bilməz, eynilə mərkəziləşdirilmiş hakimiyyəti olmayan Liviya da, vətəndaş müharibəsinin ortasında olan Suriya da."
Kifayətin sözlərinə görə, Tramp administrasiyası, çox güman ki, siyahını genişləndirəcək. Amma immiqrasiya ilə bağlı sərəncam məhkəmə sınaqları ilə üzləşdiyi üçün, onun gələcəyi hələ ki, qeyri-müəyyəndir. O da deyilir ki, ABŞ appelyasiya məhkəməsinin hakimləri fevralın 7-də keçirilmiş dinləmə zamanı prezident Donald Trampın immiqrasiya sərəncamına dair kəskin suallar veriblər. Bu məhkəmə sözü gedən sərəncam üzərindəki blokun saxlanıb-saxlanmaması məsələsi barədə qərar qəbul etməlidir.
ABŞ Ədliyyə Nazirliyinin vəkilləri San Fransisko appelyasiya məhkəməsindən Trampın 27 yanvar tarixli sərəncamının bərpa edilməsini istəyirdilər. Onlar bildirirdilər ki, ölkəyə kimin daxil olması məsələsi barəsində qərar vermək səlahiyyəti yalnız Birləşmiş Ştatların prezidentinə məxsusdur. "Konqres əcnəbilərin hansı kateqoriyalarının ölkəyə daxil olması barədə qərar qəbulu üçün birmənalı şəkildə prezidenti müvəkkil edib", - deyib vəkil August Flentje. Prezident də məhz bunu edib.
"AzadlıqRadiosu"nun müxbiri yazır ki, ABŞ-ın onlarca ştatı və yüzlərcə şirkəti əhalisi əsasən müsəlman olan 7 ölkədən – İran, İraq, Suriya, Somali, Yəmən, Liviya və Sudandan olan bütün qaçqın və müsafirlərin ölkəyə girişini qadağan edən sərəncamın dayandırılması üçün həlledici məhkəmə qərarları əldə ediblər. Bu ştatlar və şirkətlər iddia edirlər ki, sərəncam "konstitusiyaya ziddir" və onların sakin və işçilərinə "əvəzi ödənilə bilməyən ziyan vurub".
İkisi demokratlar, biri respublikaçılar tərəfindən təyin edilmiş hakimlər Tramp administrasiyasının vəkillərinə dəfələrlə çətin suallar veriblər. Hakimlərdən Vilyam Canbinin bu yeddi qadağan edilmiş ölkədən viza alanların hansı qanun pozuntularını törətdikləri barədə sualına, Flentje belə qanun pozuntularının qeydə alınmadığı cavabını verib. Barak Obamanın təyin etdiyi dairə hakimi Michelle T.Friedland soruşub ki, hökumət bu yeddi ölkədən olan miqrantların hər hansısını terrorla əlaqələndirirmi.
Flentje bunun cavabında deyib ki, Birləşmiş Ştatlardakı bir neçə somalili əş-Şəbab terror təşkilatı ilə bağlı olub. Vəkil həmçinin bildirib ki, 2015-ci ildə Konqres və Obama administrasiyası bu yeddi ölkənin ən böyük terror riski daşıdıqlarını bildiriblər, çünki onlarda ya əhəmiyyətli sayda terrorçu yuva salıb, ya da bu ölkələr terrorçular üçün sığınacağa çevrilib. Buna baxmayaraq sorğu-sual o qədər qızğın olub ki, hətta bir məqamda vəkil Flentje "mən məhkəməni inandıra bildiyimdən əmin deyiləm" deyib.
Hakimlər habelə Tramp administrasiyasının vəkillərindən soruşublar ki, onların fikrincə, nə üçün ştatlar öz sakinlərinin və universitetlərinin adından məhkəmə qaydasında şikayət edə bilməzlər. Prezident Buş tərəfindən təyin edilmiş hakim Riçard Klifton sual edib ki, bu sərəncam nə dərəcədə ayrı-seçkiçi hesab edilə bilər, belə ki, o dünyanın müsəlman əhalisinin yalnız 15 faizinə aiddir. Bunun cavabında Vaşiqnton ştatının baş vəkili Noah Purcell Trampın seçki kampaniyası bəyanatlarını xatırladıb. Həmin kampaniya zamanı Tramp deyirdi ki, müsəlman miqrantlara qadağan qoyacaq, halbuki indi onun administrasiyası bu sərəncamın müsəlmanları hədəfləmədiyini iddia edir. Belə cavab hakim Kliftonu qane etməyib.
Fevralın 7-də hələ məhkəmə dinləməsindən əvvəl Donald Tramp opponentlərinin məhkəməyə müraciətlərini tənqid edirdi. "Mən doğrudan da inana bilmirəm ki, biz ölkəmizin təhlükəsizliyini qorumaq üçün məhkəmə sistemində çəkişməli oluruq" – demişdi Tramp: "İslam Dövləti deyir ki, biz Birləşmiş Ştatlara miqrasiya vasitəsilə soxulacağıq, amma bizi bu adamlara qarşı sərt olmağa qoymurlar. Bunu mənə izah edin".
Hüquqi çəkişmə bütövlükdə prezidentin ölkəyə kimin daxil olmaması barədə qərar vermək səlahiyyətinin olub-olmaması məsələsini araşdırsa da, dar çərçivədə Trampın sərəncamına blok qoymuş Sietl məhkəməsinin qərarını qüvvədə saxlamaq və ya saxlamamaq barədə hökm verməlidir. Məhkəmə bu barədə hökmünü bu həftənin sonlarına yaxın verməlidir, lakin bütün hallarda bu iş Ali Məhkəməyə gedib çıxa bilər.