Əməliyyatdan son dəqiqə xəbəri: “3 kənd və bir yüksəklik azad edildi” Dünya

Əməliyyatdan son dəqiqə xəbəri: “3 kənd və bir yüksəklik azad edildi”

Müxalif Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatı çərçivəsində Hələbdəki Kuveyris Hərbi Hava Limanını, Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG terrorçularından təmizləyib.

Xalqcebhesi.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Tel Rıfatda Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi nəzarət altına alınıb.

Kuveyris Hərbi Hava Limanının nəzarət altına alınması ilə PKK/YPG-nin formalaşdırmağa çalışdığı Tel Rifat-Münbiç lojistik xətti də kəsilib. Suriya Ordusu geri çəkilərkən Kuveyris Hərbi Hava Limanını PKK/YPG terrorçularına təhvil verib.

Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.

***

saat 11.37

Suriyada PKK/YPG terrorçuları yaranmış boşluqdan istifadə edərək Rakka bölgəsi və Hələb arasındakı yolu ələ keçirməyə çalışıb.

Xalqcebhesi.az-ın xəbərinə görə, bu barədə Türkiyənin təhlükəsizlik qaynaqlarından NTV telekanalına bildirilib.

Qeyd edilib ki, müxalif Suriya Milli Ordusu PKK/YPG terrorçularının bu cəhdinin qarşısını alıb. Bu əməliyyat “Azadlıq şəfəqi” adı altında həyata keçirilib.

Xatırladaq ki, Rakka bölgəsi və Hələbin Şeyx Maqsud məhəlləsi PKK/YPG terror təşkilatının nəzarətindədir. Hazırda Şeyx Maqsud məhəlləsində Heyət Təhrir əş-Şamın (HTŞ) öncüllük etdiyi müxalif qüvvələrlə PKK/YPG terrorçuları arasında döyüşlər davam edir.

Suriya Ordusunun geri çəkilərkən PKK/YPG terrorçularına təhvil verdikləri Hələb Hava Limanı da artıq müxaliflərin nəzarətinə keçib.