Günay Əfəndiyeva: Mirzə Qədim İrəvani irsi tarixi həqiqətlərimizin canlı sübutudur Mədəniyyət

Günay Əfəndiyeva: Mirzə Qədim İrəvani irsi tarixi həqiqətlərimizin canlı sübutudur

Bilirsiniz ki, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mirzə Qədim İrəvaninin 200 illiyi Azərbaycanda və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunur. Mirzə Qədim İrəvani Azərbaycanın görkəmli rəssamıdır, Azərbaycan təsviri sənətinin seçkin nümayəndələrindən, rəngkarlıq sənətimizin banilərindən biridir. Mirzə Qədim İrəvani həm də özü-özlüyündə bir sübut, mühüm bir faktdır ki, bizim ən azı 200 illik rəngkarlıq məktəbimizlə yanaşı, çox ciddi tarixi həqiqətlərimiz də mövcuddur. Bu tarixi həqiqətlər onun adında, soyadında və yaratdığı əsərlərdə aydın şəkildə əks olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva bildirib.

“Biz mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Biz mütləq şəkildə dünyaya öz mədəni sərvətimizi nümayiş etdirməliyik”, - deyə o qeyd edib.

Deputat vurğulayıb ki, Mirzə Qədim İrəvani kimi sənətkarların irsinin dünya miqyasında təqdim olunması bu məqsədə xidmət edən ən gözəl nümunələrdən biridir. Onun sözlərinə görə, gerçəkləri dəyişdirmək mümkün deyil: kim nəyi məhv etməyə, nəyi silməyə, talan etməyə çalışsa da, sonda yenə tarixi həqiqətlər üzə çıxır.

“Çox sevindirici haldır ki, Azərbaycan Milli İncəsənət Muzeyində açılan sərgidə Azərbaycan muzeylərində saxlanılan Mirzə Qədim İrəvaninin əsərləri ilə yanaşı, həm də onun Gürcüstandan gətirilən əsərləri nümayiş etdirilir. Bu, çox vacib məqamdır”, – deyə Günay Əfəndiyeva əlavə edib.