Putinin yalanı üzə çıxdı Dünya

Putinin yalanı üzə çıxdı

Rusiya Silahlı Qüvvələri hələ də döyüş hazırlığı vəziyyətində Ukrayna ilə sərhəddə saxlanılır

Cavid

"Rusiya öz qoşunlarını Ukrayna sərhədlərindən geri çəkib. Hazırda ordu hissələri müntəzəm təlimlərin keçirildiyi yerlərdədir". Rusiya prezidenti Vladimir Putinin ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında verdiyi bu bəyanat günün aktual mövzusunu çevrilib.
"Bizə hər dəfə deyirdilər ki, Ukrayna sərhədindəki qoşunlarımız narahatlıq doğurur. Biz onları geri çəkdik və indi qoşunlar poliqondadır. Bunu indiki müasir kəşfiyyat vasitələrinin köməyi ilə yoxlamaq mümkündür, kosmosdan da hər şey görünür", - deyə o, söyləyib.
V.Putin Ukraynadakı durumun müzakirəsi üçün beynəlxalq dəyirmi masanın keçirilməsini dəstəklədiklərini də açıqlayıb: "Bu yaxınlarda mən Almaniyanın federal kansleri, xanım Merkellə danışdım. O, Kiyevin cənub-şərqlə dialoqunu dəyirmi masa şəklində təşkil etməyi təklif etdi. Biz bunu dəstəkləyirik. Hər şey etmək lazımdır ki, Ukraynanın cənub-şərqindəki insanlar mayın 25-də keçiriləcək prezident seçkilərindən sonra onların qanuni hüquqlarının təminat altına alınacağına inansınlar".
Bundan başqa Putin Ukraynanın şərqindəki separatçıları mayın 11-nə təyin etdikləri referendumu təxirə salmağa çağırıb.
Vladimir Putin hesab edir ki, Ukrayna hakimiyyəti cənub-şərq vilayətlərinin təmsilçilərilə birbaşa dialoqa getməlidir.
Putin həmçinin Ukrayna ilə sərhəddə yerləşdirdikləri qoşunları da geri çəkdiyini açıqlayıb.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Rusiya hərbi qüvvələrinin sərhəddən geri çəkilməsinə münasibət bildirib.
Yatsenyuk qeyd edib ki, hazırda ölkədə anti-terror əməliyyatları davam etdirilməli, daha sonra məsələnin siyasi həlli yolunda işlər görülməlidir.
"Silahları olanlar silahlarını təhvil verməli və məsuliyyətə cəlb olunmalıdır. Könüllü şəkildə təslim olanlar və hökumət binalarını tərk edənlər əgər ciddi cinayətlər törətməyibsə, əfv olunacaqlar" - deyə Yatsenyuk bildirib.
Rəsmi Kiyev separatçılar tərksilah olmayana qədər siyasi danışıqların baş tutmayacağını qeyd edib.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Stiv Uorenn Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, Rusiya Silahlı Qüvvələri hələ də döyüş hazırlığı vəziyyətində Ukrayna ilə sərhəddə saxlanılır.
S.Uoren bildirib ki, Putinin dediklərinin əksinə olaraq, Rusiya Ordusu Ukrayna sərhədlərindən geri çəkilməyib: "Biz Ukrayna sərhədi boyu Rusiya hərbi qüvvələrinin dislokasiyasında heç bir dəyişiklik görmürük".
Pentaqon nümayəndəsi Rusiyanı Ukraynadakı gərginliyin aradan qaldırılmasına dəstək olmağa çağırıb: "Birləşmiş Ştatlar dünya ictimaiyyəti ilə birlikdə böhranın sülh yolu ilə həll olunması yollarını araşdırır".
Urayna sərhədçiləri də Rusiya hərbi kontingentinin sərhəd ərazidə olduğunu təsdiqləyən sənədlər açıqlayıblar. NATO isə bildirib ki, Ukrayna sərhədində olan Rusiya hərbi qüvvələrində heç bir azalma müşahidə olunmur.
Ağ Ev təmsilçisi Coş Ernest isə bildirib ki, Ukraynanın şərqindəki separatçıların mayın 11-nə təyin etdikləri referendum təxirə salınmalı deyil, ümumiyyətlə dayandırılmalıdır. Onun sözlərinə görə, referendum məsələsi müzakirə mövzusu ola bilməz.
Rusiya prezidenti Vladimir Putinin separatçılara referendumu təxirə salması ilə bağlı çağırışından sonra ölkənin-şimal şərqində vəziyyət stabilləşib. Rusiya mətbuatında yer alan xəbərlərə görə, Slavinsk, Mariupol və Donetsk vilayətlərində atəş səsləri kəsilib.
ABŞ dövlət katibi Con Kerri ruspərəst qüvvələrin mayın 11-i Ukraynanın Donetsk və Luqansk şəhərlərində referendum keçirmək səylərini qondarma və saxta adlandırıb. Dövlət katibi bu referendumun heç bir sivil dövlət tərəfindən tanınmayacağını deyib.
ABŞ-ın dövlət katibi Con Kerri və Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton Cenevrə danışıqlarında əldə olunan razılaşmanın ilk gündən Rusiya tərəfindən pozulduğunu, Ukraynanın isə əlindən gələni etdiyini bildiriblər. Dövlət katibi qeyd edib ki, ruspərəst qüvvələrin mayın 11-i təşkil etməyi planlaşdırdığı referendum heç vaxt sivil dövlətlər tərəfindən tanınmayacaq.
Con Kerri qeyd edib ki, Qərb rusiyapərəst separatçıların Donetsk və Luqanskda mayın 11-i, səmimi deyək, qondarma və saxta müstəqillik referendumu təşkil etmək səylərindən də narahatdır: "Biz Ukraynanın daha da parçalanmasına yönələn bu qeyri-leqal səyləri qətiyyətlə rədd edirik. Bu, gərginliyi azaltmaq əvəzinə daha da çox problem yaratmağa xidmət edir. Bu, Krım ssenarisinin yenidən ortaya atılmasıdır və heç bir sivilizasiyalı dövlət bu saxta referendumun nəticələrini tanımayacaq".
Dövlət katibi Ukraynanın mayın 25-i prezident seçkiləri keçirilməsinə hazır olmamasına dair Rusiyanın bəyanatını da ələ salıb. Onun sözlərinə görə, bu həmin Rusiyadır ki, müharibə və zorakılığın tüğyan etdiyi Suriyada seçkiləri dəstəkləyir, Ukraynada isə qeyri-mümkün hesab edir. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da Ukrayna seçkilərinə dəstəyini bildirdi.
Ketrin Eşton isə deyib ki, Vaşinqton azad və ədalətli seçkilərin əhəmiyyətini diqqətdə saxlayır: "Bu, Ukrayna sabitləşmə yolunda, həqiqətən də, vacib addımdır. Bunu demokratiya tələb edir. Bu, Ukraynanın gələcəyinə dair legitim və geniş dialoqun olması üçün fürsətdir. Bu, adamların özlərinin öz gələcəyini müzakirə etmək imkanıdır. Biz, əlbəttə ki, buna dəstəyimizi davam etdirəcəyik və bu, müəyyən vaxt çərçivəsində 11 milyard avroluq yardım olacaq".
Mətbuat konfransı Rusiya və Ukraynanın xarici işlər nazirlərinin iştirak etdiyi Vyana görüşündən sonra keçirilib. Moskva ilə Kiyev Cenevrə danışıqlarına qayıtmaq üçün hər biri öz şərtlərinin yerinə yetirilməsini tələb ediblər.
Mesaj isə eynidir. Cenevrə danışıqları nəticə vermədiyi üçün davam etdirməyə lüzum yoxdur. Çıxış yolu - Rusiyanın hiss edə biləcəyi sanksiyalardır.
Bu arada məlumat yayılıb ki, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkədə hissə-hissə səfərbərlik barədə sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq səfərbərlik 45 gün ərzində başlamalıdır və sərəncam imzalanan gündən qüvvədədir. Sənəddə o da göstərilir ki, çağırış Ukraynanın administrativ ərazilərində yaşayan ehtiyatda və hərbi mükəlləfiyyətli hər kəsə aiddir.
Ukraynalı politoloq Vitali Kulikin sözlərinə görə, Putin rus qoşunlarının Ukrayna sərhədindən geri çəkilməsini bir müddət bundan öncə də dilə gətirib: "Aprelin əvvələrində Rusiya elan edib ki, Ukraynanın şərq sərhədinə yaxın ərazidə topladığı qoşunların bir hissəsini geri çəkir. O zaman Almaniya hökumətindən bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin bunu Almaniya kansleri Angela Merkellə telefon söhbətində bildirib. Rusiyanın Müdafiə Nazirliyi də öz açıqlamasında bildirib ki, "təlimlərdən sonra" motoatıcı batalyonu Rostov vilayətinin cənubundan çıxarmağa başlayıb. Amma nə qədər əsgərin geri çəkildiyi açıqlanmır.
Bunun, 300-1200 nəfər arası ola bildiyi iddia olundu.
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, əgər məlumat təsdiqlənərsə, bu, "ilkin addım kimi alqışlana bilər". Amma rəsmi Moskvanın bu açıqlaması özünü doğrultmadı. Putin hrdu birləşmələrini hissə-hissə də geri çəkmədi. Əksinə bu bəyanatdan sonra Rusiya axır həftələrdə Ukrayna sərhədinə əlavə minlərlə əsgər və çoxlu texnika toplayıb. Bu, rus qoşunlarının Krımın ardınca Ukraynanın şərq bölgələrinə girə biləcəyi qorxusu yaradıb".
Onu da vurğulayaq ki, Kremldən verilən məlumata görə, Rusiya prezidenti Putin Merkellə danışığında ona Ukraynada bütün bölgələrin vətəndaşlarını müdafiə edəcək Konstitusiya islahatının aparılmasının vacibliyini də çatdırıb.
Kremldən isə deyiblər ki, Putin Dnestryanının "blokadasına son qoymağın zəruriliyini" qeyd edib: "Bundan əvvəl Putin Dnestryanı ilə bağlı eyni fikri ABŞ prezidenti Barak Obama ilə telefon söhbəti zamanı da dilə gətirib. Moldova və ABŞ bunu rədd edirlər. Rusiya Ukraynaya hərbi müdaxilədən imtina etmək üçün güzəştə getməyə hazırdır. Lakin rəsmi Moskva Ukraynada prezident seçkilərinin vaxtının dəyişdirilməsini tələb edə bilər".
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 3 tələblə çıxış edib; Ukraynada prezident seçkilərinin vaxtı dəyişdirilməsi, Ukrayna NATO-ya daxil olmaq fikrindən daşınması, rəsmi Kiyev Avropa Birliyi ilə Assosiasiya haqda sazişin imzalanmasından imtina.
Ukraynalı ekspertə görə, Rusiya Krımda "kobud rəftar" etməklə Ukraynada mayda keçiriləcək prezident seçkilərini ləğv etmək istəyir. Putin çox yaxşı başa düşür ki, prezident seçkiləri keçirilsə, Poroşenko qalib gələcək. Bu siyasilər isə Kremlin nəzarəti altında deyil. İkisindən biri hakimiyyətə gəlsə, Ukrayna mütləq Avropa Birliyi ilə Assosiasiya haqda sazişi imzalayacaq, NATO-ya üzv olacaq. Putin isə bunu istəmir".
Ekspert Tərlan Həsənov isə bildirib ki, Putinin Ukrayna ilə bağlı verdiyi açıqlamaların heç birində səmimilik yoxdur: "Putin heç vaxt ordu birləşmələrini Ukrayna sərhədindən geri çəkməz. Ola bilsin ki, hansısa hissələr geri çəkilsin, amma bütünlükdə orada saxlanılır. Putin separatçılara dəstək verdiyi təqdirdə onların referendumuna qarşı necə çıxa bilər? Belə aldadıcı bəyanatlar verən Putin bir tərəfdən aranı qızışdırır, digər tərədən beynəlxalq təşkilatlara mesaj yollayır ki, guya sülh tərəfdarıdır. Təsəvvür yaratmağa çalışır ki, guya Ukraynadakı separatçılarla Rusiyanın heç bir əlaqəsi yoxdur. Əslində hamıya da məlumdur ki, Putin Ukraynada alovun üstünə benzin tökür".