Müxalifət Rusiyanı silkələdi Dünya

Müxalifət Rusiyanı silkələdi

Rusiyada vəziyyət ürəkaçan deyil. Baxmayaraq ki, ötən gün paytaxt Moskva da daxil olmaqla, Rusiyanın 200-ə yaxın şəhərində korrupsiyaya qarşı keçirilən aksiyalar yatırdılıb. Qeyd edək ki, aksiyaların təşkilatçısı Aleksey Navalnı və Korrupsiya ilə Mübarizə Fondu olub.
Yalnız Moskva və Sankt-Peterburqda etirazçılar içərisindən 866 nəfər saxlanılıb.
Politoloq İlqar Vəlizadə bildirib ki, Rusiyada gedən proseslərin mürəkkəbliyi bu ölkədə yeni siyasi elitanın formalaşmasından irəli gəlir.
Ekspert yeni siyasi elitanın hər iki cəbhədə - həm hakimiyyət, həm də müxalifət cəbhəsində formalaşdığını deyib:"Müxalifətin köhnə ənənəvi lideləri artıq meydandan çıxır. Belə olduqda yeni liderlər aktiv fəaliyyət və yeni maraqlar ortaya qoymalıdır. Onlar əvvəllər qeyri-formal liderlər sayılırdı, ancaq indi təşkilatlanmağa başlayıblar. Hazırda bu yeni hərəkatların ideoloji əsasları formalaşır. Bu isə korrupsiya ilə mübarizədir.
Digər tərəfdən, siyasi elitanın rəhbər qrupları tərəfdə də müəyyən proseslər gedir. Bu, köhnə simaların səhnədən getməsi və yenilərlə əvəzlənməsindən ibarətdir. Yeni simaları isə menecerlər sinfi adlandırmaq olar. Onların ideoloji meyarları protest elektoratınkı ilə üst-üstə düşmür və bu da toqquşmalara gətirib çıxarır".
Politoloq Rusiyada hazırkı vəziyyətin davam edəcəyini, ancaq hansısa bir inqilabi nəticəyə gətirib çıxarmayacağını qeyd edib:
"Rusiyanı bütün bu çətinliklərdən xilas edəcək yeganə yol bu ölkəyə qarşı iqtisadi sanksiyaların tədricən yumşalması ola bilər. İnsanların maddi rifahı yaxşılaşarsa, Rusiyadakı etirazlar da səngiyə bilər. Ancaq vəziyyət hələ bir müddət belə davam edəcək və yeni aksiyalar gözləniləndir".
Politoloq Tofiq Abbasov isə deyib ki, Rusiyada dalğavari gedən etiraz mitinqləri həm say, həm də keyfiyyət etibarilə artır.
Onun sözlərinə görə, Rusiyada sosial zəmində olan narazılıqların və korrupsiya hallarının baş alıb getməsi Moskvanın vəziyyətini daha da qəlizləşdirəcək:
"Hakimiyyət orqanlarının problemlərin həllinə dair verdiyi vədlər fonunda yerlərdə vəziyyət əməli surətdə dəyişmir. Maraqlısı isə etirazların təkcə iri şəhərləri deyil, artıq bölgələri də əhatə etməsidir ki, nəticədə də ölkə əhalisi öz tələblərini daha kəskin formada səsləndirir. Sosial zəmindəki etirazların siyasi çalarları da diqqət çəkir. Həm Rusiyanın daxilində, həm də xaricində bəzi qüvvələr indiki vəziyyətdən istifadə edib proseslərə siyasi yön verməyə çalışırlar. Çünki hakimiyyətdə elə qüvvələr var ki, artıq sistemdaxili müxalifətə çevrilirlər. Onların səsi bir o qədər gur gəlməsə də, bu cərəyan artıq özünü göstərməkdədirə. Hakimiyyət hazırda sosial problemlərin həllinə alternativ reaksiya verməyə çalışır. Ancaq vəziyyətə ciddi əncam çəkilməsə, proseslər daha da çıxılmaz hal alacaq".
Politoloq Rusiyada etiraz dalğasının tüğyan etdiyi bir vaxtda Vladimir Putinin amerikalı rejissor Oliver Stouna müsahibəsində Qərblə münasibətlərə dair dediyi bəzi məqamlara da toxunub:
"Putin hakimiyyəti prinsip etibarilə Qərblə münasibətlər istiqamətində çox gərgin anlar yaşadı. Amerikada Trampa qarşı böyük təzyiq dalğası var və az qala onu Rusiya elitası ilə əlaqədə günahlandırırlar. Üstəlik, ABŞ-da prezident seçkilərinə Rusiyanın təzyiqi gündəmdən düşmür. Təbii ki, belə halda fövqəl-dövlətin rəhbərliyi xaricdə gedən prosesləri və onun ölkəsinə bilavasitə təsirini nəzərə almaya bilməz. Ona görə də Rusiya prezidenti hazırda diqqəti daha çox xaricdə gedən proseslərə yönəldib. Moskva geosiyasi proseslərə mövqeyini bildirməyi vacib sayır.
Rusiyanın daxilində gedən proseslər Qərb dairələrinin, o cümlədən ABŞ və aparıcı Avropa dövlətlərinin diqqətindədir. Çünki Qərb ümumiyyətlə, Rusiya elitasının siyasətindən razı deyil. Qərb hesab edir ki, əgər Rusiyada korrupsiya halları bu cür tüğyan edirsə, deməli, bu ölkə ciddi islahatlara getməlidir. Görünür, Putin də xarici investorlarla şəxsi fəaliyyəti gücləndirməyi özünə borc bilir".