

İstanbulda dağıdıcı zəlzələnin baş verməsi ehtimalı əsassızdır.
Xalqcebhesi.az xəbər verir ki. bu sözləri APA-ya türkiyəli zəlzələ eksperti, professor Şənər Üşüməzsoy bildirib.
O qeyd edib ki, 23 apreldə İstanbulda 6,2 maqnitudalı zəlzələ zamanı Mərmərə dənizində qırılması gözlənilən bir xətt vardı:
“Həmin xəttin qırılmasından sonra dağıdıcı zəlzələ təhlükəsi aradan qalxıb. Yaxın zamanda gözlənilən şiddətli zəlzələ haqqında fikirlər sadəcə, spekulasiyadır. Bu ehtimal dillərdə dolaşırdı, lakin elmi əsası yoxdur. Çünki Mərmərə qırılma xəttinin 70 km-lik bir qismi 1894-cü ildəki, bir bölümü də 1912-ci ildəki zəlzələ zamanı qırılıb. Geridə elmi təsdiqi olan qırılmamış 50 km-lik bir xətt var. Mən onun bir qisminin aktiv olmadığı, digərinin isə baş verən son zəlzələ zamanı qırıldığı qənaətindəyəm. Aktiv olmayan, ölü sayılan xətt qırılsa belə, baş verəcək zəlzələnin gücü 6,2 maqnitudadan çox olmayacaq”.
Şənər Üşüməzsoy Türkiyənin bir çox aktiv qırılma xətti üzərində yerləşdiyini xatırladaraq, ölkənin qərb və şərqində hələ də zəlzələ baş vermə ehtimalının qaldığını, hətta, şərqdəki qırılma xətlərinin qonşu ölkələrin ərazisinə qədər uzandığını əlavə edib:
“Yan sürüşməli xətlər Azərbaycana qədər davam edir. Bunlar şərqi Anadolu və Şimal-Şərqi Anadolu xətləridir. Onlar böyük və tək parçadan ibarət olmasalar da, bir çox kiçik qırılma xətləri var. Bu xətlərin yaşayış məntəqələrinə yaxın qırılması zamanı baş verə biləcək 6,5 - 7 maqnitudalı zəlzələlər dağıdıcı ola bilər”.