

ABŞ-da keçirilən ilk kosmik hava təlimi, güclü Günəş fırtınalarına qarşı dünyanın yetərincə hazırlıqlı olmadığını ortaya çıxardı.
Xalqcebhesi.az xəbər verir ki, dünyada ilk dəfə həyata keçirilən Günəş fırtınası üzrə təlim, bəşəriyyətin şiddətli kosmik hava şəraitinə qarşı hazırlıqsız olduğunu göstərdi. ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) də daxil olmaqla bir sıra qurumlar, yaxınlaşan bir “super Günəş fırtınası”na qarşı müdaxilə qabiliyyətlərini sınadı. Təlim zamanı, kosmosdan gələn yüksək enerjili hissəciklərin rabitə, nəqliyyat və enerji infrastrukturlarında yarada biləcəyi dağıntı simulyasiya edildi.
Günəş fırtınaları peyklərə, astronavtlara, elektrik şəbəkələrinə və radio əlaqəsinə birbaşa təsir göstərə bilir. Günəşdən ayrılıb Yerə çatan yüklü hissəciklər, xüsusilə GPS sistemləri, mülki aviasiya və alçaq orbitdəki peyklər üçün risk yaradır.
Təlim zamanı son 20 ilin ən güclü Günəş fırtınası olan “Gannon” fırtınası Yerə çatdı. 10 may 2024-cü ildə baş verən bu hadisə G5 kateqoriyasında təsnifləndirildi. Fırtına zamanı şimal ışıkları (aurora) ekvatora qədər uzandı, bir çox bölgədə elektrik kəsintiləri yaşandı və peyklər müvəqqəti olaraq fəaliyyətini dayandırdı.
Johns Hopkins Tətbiqi Fizika Laboratoriyasından Ian Cohen, təlimin yalnız texniki deyil, eyni zamanda kommunikasiya problemlərini də üzə çıxardığını bildirdi. Onun sözlərinə görə, kosmik hava hadisələri ilə bağlı yüksək səviyyəli qərar vericilərə məlumat vermək vacibdir, lakin müxtəlif qurumlar arasında məlumat paylaşımı və böhran zamanı koordinasiya hələ də qeyri-kafidir.
Hesabatda qeyd olunur ki, ekstremal kosmik hava hadisələrinə qarşı qurumlararası əlaqənin gücləndirilməsi vacibdir. Bundan əlavə, federal, ştat və yerli səviyyədə sürətli müdaxiləni mümkün edən sistemlərin çatışmazlığı vurğulanır. Alimlər bu cür fırtınaların təsirini əvvəlcədən proqnozlaşdırmağın çətin olduğunu, bəzi hallarda toqquşmadan yalnız 15-45 dəqiqə əvvəl aşkar edilə bildiyini bildirirlər.
Buna görə də Günəşə daha yaxın orbitlərə yeni müşahidə cihazlarının yerləşdirilməsi təklif olunur. Eyni zamanda, əhalinin bu mövzuda maarifləndirilməsi və təlim kampaniyaları ilə məlumatlılığın artırılması zərurəti qeyd olunur.
Hesabatda ekstremal kosmik hava hadisələrinin milli təhlükəsizlik və kritik infrastruktur üçün təhlükə yarada biləcəyi bildirilir və bu kimi fəlakətlərə – zəlzələ, qasırğa və ya kiber hücumlar kimi – hazırlıqlı olunmalı olduğu vurğulanır.
Məryəm Quliyeva