ABŞ-nin sülh prosesinə qoşulması: proses nə vəd edir?
19 Noyabr 23:38

Bakıda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumu nağdsız iqtisadiyyat, rəqəmsal transformasiyada sıçrayış tendensiyaları, maliyyə texnologiyaları, rəqəmsal bank həlləri kimi məsələlərn müzakirəsi üçün geniş platformadır. Forumda “Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr”, “Risklər və tənzimləyici təkamül”, “Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır”, “Etibarlı, təhlükəsiz və davamlı bank işi” mövzularında panel sessiyaları keçirilir. İştirakçılar maliyyənin gələcək mənzərəsini araşdırır, maliyyə dayanıqlılığını necə formalaşdıracaqlarını qiymətləndirir və səmərəli maliyyə ekosistemi qurmaq məsələlərini müzakirə olunub. Azərbaycanın ev sahibliyi etdiyi forumun işində dövlət qurumlarının, kommersiya banklarının, özəl müəssisələrin, tanınmış beynəlxalq maliyyə təşkilatlarının, diplomatik nümayəndəliklərin və akademik dairələrin təmsilçiləri də qatılıblar. Forum maliyyə sektorunun gələcəyini formalaşdıran innovativ həlləri araşdıra biləcəyi əməkdaşlıq mühitində baş tutub (AZƏRTAC).
2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 aylıq müqayisədə 10.4 faiz artaraq, tarixi həddi ilk dəfə keçib və 56.1 milyard manata yüksəlib. Bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev IX Beynəlxalq Bank Forumunda bildirib ki, analoji dövrdə kredit portfeli 9.6 faiz artaraq 29.3 milyard manata çatıb. Biznes kreditlərinin qalıq həcmi də 1.1 milyard manat artaraq 15.5 milyard manata yüksəlib. Bu dövrdə banklarda fiziki şəxslərin əmanətləri 15.4 milyard manat, müddətli əmanətlər isə 9.7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 faiz və 18 faiz artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34.6 faizdən 32.3 faizə enib. Hesabat dövründə bankların kapitalı illik müqayisədə 14 faiz artaraq 7.2 milyard manata yüksəlib Cari ilin ilk üç rübünün yekunlarına əsasən, bank sektorunun xalis mənfəəti də 8.2 faiz artaraq 911 milyon manata çatıb.
Zakir Nuriyev qeyd edib ki, rəqəmsallaşma, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və nağdsız ödənişlərin günü-gündən artan payı da bizim üçün vacib irəliləyiş göstəricisidir. Həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri üzərindən edilən ödənişlərin həcmi 590 milyard manat olub və 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9.4 faiz artıb. Bu dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi 72.2 milyard manat təşkil edib ki, bu da ötən ilin 3-cü rübünə nisbətə 29.1 faiz çoxdur. Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67.4 faizə çatdırıb.
Rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla “sandbox” rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcək. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilə bilər. Zakir Nuriyev deyib ki, “banklar olaraq, aparılan bu islahatlardan birbaşa faydalanmaqla yanaşı, proseslərin də davam etməsini dəstəkləyirik. Belə ki, ABA və üzv təşkilatlar 2025-ci il ərzində region olaraq Qarabağdan Naxçıvana, istiqamət olaraq təchizat zəncirinin maliyyələşdirilməsindən fraud hallarının qarşısının alınmasına, sindikat kreditləşməsindən dövlət qurumlarının məlumat bazalarına inteqrasiyaya qədər 50-dən çox tədbirin yer aldığı 10-a yaxın dövlət proqramı, fəaliyyət planı və layihədə aktiv töhfə verməyə çalışmışıq”.
Z.Nuriyev bildirib ki, Azərbaycan Banklar Assosiasiyası olaraq rəqəmsal ödəniş ekosisteminin inkişaf perspektivləri və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri hesab etdiyimiz islahatlara dair fikirlərimizi son dövrlərdə fərqli platformalarda səsləndirməyə davam edirik. Növbəti strateji dövrdə Mərkəzi Bankın nəzdində innovasiya habının yaradılması, rəqəmsal bankçılıq üzrə yeni nəsil qanunvericilik bazasının qəbul edilməsi, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının mövcud reallıqlar və inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi, habelə “sandbox” rejimində tətbiq edilən nəzarət çərçivəsinin bir qədər yumşaldılması həyata keçirilməsini gözlədiyimiz islahatlardandır. Hesab edirik ki, qeyd edəcəyim növbəti islahatların icrası da diqqət mərkəzində saxlanılmalıdır: “İlk növbədə rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir. Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır. Diqqəti çəkən digər bir məqam isə “card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunub saxlanılmasıdır. Mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşma dövriyyəsi və ya məhdud çərçivədə tətbiq edilən hesablaşmalar nağdsız dövriyyəyə cəlb edilməlidir. Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılmasını yüksək qiymətləndiririk. Hesab edirik ki, bu islahatların davamı olaraq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişiklik edilərək qapalı şəbəkədə aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır. Bu tip şəbəkədə aparılan əməliyyat dövriyyəsi müəyyən məbləğlə məhdudlaşdırılmalı, lisenziya tələbi tətbiq edilərək əməliyyatların nağdsız ödəniş dövriyyəsinə cəlb edilməsi təmin edilməlidir”.
Hazırda ölkəmizdə maliyyə texnologiyaları sektoru dinamik inkişaf mərhələsindədir. 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir, onların ümumi əməliyyat həcmi cari ilin ilk 10 ayı üzrə 53.1 milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov IX Beynəlxalq Bank Forumunda deyib ki, təkcə cari ildə 5 yeni lisenziya verilib. Bu, bazarda rəqabətin və innovasiyaların artdığını göstərir. “Açıq Bankçılıq”dan “Açıq Maliyyə”yə keçid Mərkəzi Bankın məlumat ekosisteminin genişləndirilməsi üzrə əsas prioritetlərindəndir. Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, 4 bank isə hesab üzrə məlumat xidməti təchizatçısı kimi ekosistemə qoşulub. Mərkəzi Bank “Açıq Maliyyə” çərçivəsində Open API standartları, məlumat təhlükəsizliyi və müştəri razılığı modellərinin formalaşdırılması üzərində çalışır. Bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsi, rəqabətliliyin artırılması və məlumat axınlarının səmərəli idarə olunmasına xidmət edir. Mərkəzi Bank tərəfindən yaradılmış Xüsusi Tənzimləmə Rejimi çərçivəsində fəaliyyət göstərən layihələrin real mühitdə sınaqdan keçirilməsi, onların texniki və əməliyyat dayanıqlılığının qiymətləndirilməsi məqsədilə aparılan işlər davam etdirilir. Hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılıb. Bununla yanaşı, II qəbul dövrü üzrə daxil olmuş müraciətlərin təhlili nəticəsində bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.
V.Xəlilov qeyd edib ki, innovativ məhsulların tənzimləmə mühitinə daha çevik və mərhələli inteqrasiyasını təmin etmək məqsədilə Xüsusi Tənzimləmə Rejiminə hazırlıq mərhələsi – “Pre-Sandbox” modelinin hazırlanması istiqamətində işlər aparılır. Həmçinin xüsusi tənzimləmə rejiminə müraciətlərin yalnız qəbul dövrləri üzrə deyil, davamlı açıq müraciət (“always open”) modeli əsasında qəbulu üçün görülən işlər yekun mərhələdədir. Bu yanaşma gələcəkdə maliyyə innovasiyalarının sınaq mühitinə daha çevik və fasiləsiz şəkildə qəbulunu təmin edəcək.
Mahir