Sadiq Qurbanov: "Azərbaycan imkanlar yaradan dövlət modelinə keçid edir" Hadisə

Sadiq Qurbanov: "Azərbaycan imkanlar yaradan dövlət modelinə keçid edir"

Azərbaycan artıq resurslara əsaslanan dövlət modelindən imkanlar yaradan dövlət modelinə mərhələli keçid edir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsi ilk növbədə ölkə Prezidentinin müəyyən etdiyi əsas prioritetlərin, dayanıqlı iqtisadiyyatın, sosial rifahın, təhlükəsizliyin və çevik idarəetmənin maliyyə təminatıdır.

"Azərbaycan investisiya axınlarının strateji istiqamətlərə yönəldən, innovasiya və modernizasiyanı stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini formalaşdıran güclü dövlətə çevrilib. 2026-cı il dövlət büdcəsində neft-qaz gəlirlərinin, o cümlədən Dövlət Neft Fondundan transfertlərin azaldılması məqsədyönlü siyasətdir. Bu addım fiskal konsolidasiya deyil, iqtisadi modelin yeniləşməsinin, qeyri-neft-qaz sektorunun dayanıqlı inkişafının maliyyə əsasını formalaşdıran siyasi qərardır", - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dediyi kimi, neft-qazdan asılılıq azaldılmalı, qeyri-neft-qaz sektoru əsas inkişaf xəttinə çevrilməlidir: "Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və "yaşıl enerji"dədir. Əgər bu gün post-neft dövrünə hazırlaşmasaq, sabah gec olar. ​Qlobal enerji sistemi artıq köhnə məntiqlə fəaliyyət göstərmir. OPEC-in hesablamalarına görə, 2050-ci ilə qədər dövrdə enerjiyə tələbat 85 % artacaq. Bu kontekstdə bərpa olunan enerjiyə keçid sürətlənməlidir.

OPEC və digər təşkilatların statistikalarına görə neft tələbatı sabitləşir. ​Karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir. ​Yeni enerji təhlükələri formalaşır, geosiyasi güc balansı artıq dəyişir. Bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu son illər daha da güclənib, "yaşıl enerji"yə keçiddə daha da artacaq. ​Qlobal iqlim çağırışları fonunda Azərbaycanın enerji siyasətinin əsas sütunlarından biri yaşıl enerji transformasiyasını daha da sürətləndirməlidir. Bununla bağlı ​Xəzər dənizində irimiqyaslı külək enerjisi layihələrinə artıq hazırlıq işləri gedir. ​Günəş və külək parkları fəaliyyətə başlayıb. İşğaldan azad edilmiş ərazilər, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl zona" elan olunub".

"​Nəticədə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalındakı payını 14 %-dən 30 %-ə, qoyuluş gücünü isə 18 %-dən 37 %-ə çatdırmaq hədəf qoyulub. ​Cənab Prezidentin sözü ilə desək, bizim hədəfimiz Azərbaycanı "yaşıl enerji" ixrac edən ölkəyə çevirməkdir. Bu həm iqtisadi, həm də ekoloji baxımdan bizim strateji prioritetimizdir. ​Dünya Bankının hesablamalarına görə, "yaşıl enerji" investisiyalarını cəlb edə bilsək, bu, ümumi daxili məhsula (ÜDM) müsbət təsir edəcək, minlərlə iş yeri yaradılacaq, ixrac potensialı güclənəcək və xarici sərmayə cəlbi daha cəlbedici görünəcəkr. Hazırki və gələcək büdcə çərçivəsində bu tipli hesababatların nəzərə alınması, bu sahənin gələcək inkişafında mühüm rol oynaya bilər.

​Eyni zamanda, tullantıların idarə olunması, tullantıların enerjiyə çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin də büdcədə ayrıca dəstəklənməsinə ehtiyac var. Bu məqsədlə yYaşıl tullantı və enerji fondunun yaradılması, enerjiyə çevrilməsi layihələrinin maliyyələşdirilməsi, bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı. ​Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər", - deyə S.Qurbanov qeyd edib.

Deputat təmsil etdiyi Şabran rayonunun problemləri barədə də danışıb: "7 məktəbin tikintisinə, 17 məktəbin əsaslı təmirinə, 27 km yolun təmirinə böyük ehtiyac var".