

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) hakim “Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin Ermənistana qaçdığı bildirilən keçmiş maliyyə müşavirini həbs edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DTX yayıb.
Bildirilib ki, mayın 26-da Giorgi Baçiaşvilinin Qırmızı Körpü və Sadaxlı sərhəd keçid məntəqələri arasındakı “yaşıl zona” adlanan ərazinin yaxınlığında hərəkət etməsi ilə bağlı DTX-ya məlumat daxil olub. Əməliyyat-istintaq tədbirləri nəticəsində Baçiaşvili saxlanılaraq Tbilisiyə gətirilib.
Qeyd edək ki, Baçiaşvili Bidzina İvanişviliyə məxsus 8 253.13 bitkoini (2017-ci il dəyəri 39,21 milyon dollar, hazırkı dəyəri 200 milyon dollardan çox) mənimsəməkdə ittiham edilir. Tbilisi Şəhər Məhkəməsi Baçiaşvilini 2,5 milyon lari girov müqabilində, Gürcüstan və Rusiya pasportlarını təqdim edərək istintaq müddətində ölkəni tərk etməməsi şərti ilə azadlıqda qalmasını təmin edib. Baçiaşvili iş üzrə ittihamları rədd edir.
Xatırladaq ki, Gürcüstan DİN daha əvvəl Baçiaşvilinin bu il martın 2-də avtomobilin xüsusi yerində gizlənərək gömrükçülərdən yayındığını və Ermənistana qaçdığını bildirib.