Fransa XİN: İranın nüvə proqramı region və Avropa üçün ciddi təhlükə yaradır Dünya

Fransa XİN: İranın nüvə proqramı region və Avropa üçün ciddi təhlükə yaradır

“Məqsədimiz Yaxın Şərqdə gərginliyin azaldılmasına və İran rejimindən qaynaqlanan təhlükəsizlik məsələlərinin, xüsusilə də hərbi nüvə proqramı ilə bağlı problemlərin davamlı həllinə yönəlmiş diplomatik təşəbbüsə töhfə verməkdir”.

APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Yaxın Şərq üzrə diplomatik səylər çərçivəsində Cenevrədə verdiyi açıqlamada bildirib.

"Son illərdə bu proqram əhəmiyyətli dərəcədə sərtləşib və İsrail, region ölkələri, eləcə də Avropa dövlətləri üçün ekzistensial təhlükəsinə çevrilib"- diplomat qeyd edib.

Ətraflı
Nazirin sözlərinə görə, söhbət təkcə İranın nüvə proqramından deyil, eyni zamanda Tehranın Yaxın Şərqdə terrorçu qruplara dəstəyindən, Rusiyaya raket və pilotsuz uçuş aparatları tədarükündən, eləcə də Avropa vətəndaşlarının qanunsuz həbslərindən gedir.

“Biz İranın xarici işlər naziri ilə birbaşa dialoqun başlanmasını vacib sayırıq. Çünki inanırıq ki, İranın nüvə problemi hərbi yolla həll edilə bilməz. Hərbi əməliyyatlar bu problemi yalnız təxirə sala bilər, aradan qaldıra bilməz. Yeganə real çıxış yolu danışıqlardır,” – deyə Barro vurğulayıb.

Fransa XİN rəhbəri qeyd edib ki, bu diplomatik təşəbbüs ABŞ, İsrail və region ölkələri ilə sıx koordinasiya nəticəsində formalaşıb və danışıqlara yol açmalıdır.

“İranın xarici işlər naziri nüvə proqramı və digər aktual məsələlər üzrə müzakirələri davam etdirməyə hazır olduğunu bildirib. Biz Tehrandan bizimlə və ABŞ-la dialoqa hazır olmasını gözləyirik. Yalnız bu yolla böhranın diplomatik yolla həllinə nail olmaq mümkündür. Çünki bu böhran həm Yaxın Şərq, həm də Avropa üçün ciddi risklər daşıyır,” – Jan-Noel Barro qeyd edib.