Ermənistan vətəndaşını boğan işsizlik və kredit borcu – ANALİZ Dünya

Ermənistan vətəndaşını boğan işsizlik və kredit borcu – ANALİZ

Ermənistanın baş naziri Nikol Paşinyan tez-tez çıxışlarında ölkədə maaşların artımından, əhalinin rifah səviyyəsinin yaxşılaşmasından, yeni iş yerlərinin açılmasından bol-bol danışsa da, reallıq tamamilə başqadır. Son illər Ermənistanda inflyasiyanın sürətli artımı, iqtisadi artımın zəifləməsi, iş yerlərinin bağlanması, işsizliyin və yoxsulluğun pik həddə çatması baş nazirin çıxışlarının əslində xalqın başının altına yastıq qoymaqdan başqa bir şey olmadığını göstərir.

Bu gün sadə erməni vətəndaşı işsizlik girdabı ilə yanaşı, kreditlərlə, yəni ödəyə bilmədiyi kreditlərlə də mübarizə aparır. Erməni KİV və statistik məlumatların təhlili göstərir ki, cari ildə işsizlik pik həddə çatmaq üzrədir. Son dörd ay ərzində minlərlə müəssisənin bağlanması minlərlə iş yerinin ixtisarı, maaşların və dolayısı ilə əhalinin gəlirlərinin azalması deməkdir.

2026-cı il seçkilərinə 1 ildən az vaxt qaldığı üçün hakim partiyanın nümayəndələri tez-tez görünməmiş nailiyyətlərdən, yüksək maaş artımlarından, insanların əvvəlkinə nisbətən qat-qat yaxşı yaşadığından dəm vurur. Reallıqda isə Ermənistanda sosial vəziyyət getdikcə gərginləşir, biznes dairələri isə sürətlə kiçilir. Rəsmi məlumata görə, bu ilin ilk dörd ayında Ermənistanda 4201 şirkət bağlanıb. Bu isə özlüyündə minlərlə insanın işsiz qalması deməkdir. Bu, fəaliyyət göstərən şirkətlərin 6 faizi deməkdir. Son dövrlər Ermənistanda demək olar ki, hər ay bir neçə yüz şirkət bağlanır, fəaliyyətini dayandırır. Rəqəmlərə müraciət edək: Cari ilin yanvar ayında 1289, fevralda 1717, martda 599, aprel ayında isə 596 şirkət fəaliyyətini dayandırıb. Ötən ilin aprel ayı ilə müqayisədə Ermənistanda fəaliyyət göstərən şirkətlərin sayı cari ilin rəqəmləri ilə müqayisədə daha üstündür. Şirkətlərin belə sürətlə bağlanması Ermənistanda qeyri-sağlam atmosferdən və biznes fəaliyyəti üçün yaradılmış qeyri-bərabər şəraitdən xəbər verir. Genişlənmək və böyümək əvəzinə şirkətlər müəyyən məmurların göstərişi ilə sıxışdırılır, fəaliyyəti dayandırılır.

Araşdırmalar göstərir ki, bağlanan şirkətlər əsasən kiçik və orta biznes sektorunda fəaliyyət göstərib. Hökumətin ilin əvvəlində vergi yükünü ikiqat artırması, bu sektorda ciddi azalmaya səbəb olub. Paşinyan komandasının yarıtmaz siyasəti kiçik və orta sahibkarlıq fəaliyyətini kütləvi şəkildə dayandırır. Son dörd ayda bu sektorda çalışan işçilərin sayı 4.2 min nəfərdən çox azalıb. Həyata keçirilən vergi siyasəti ona gətirib çıxarıb ki, iri sahibkarlıq subyektləri kiçik biznesi mənimsəyir. Bu, təhlükəli iqtisadi siyasət olmaqla yanaşı, həm də özü ilə ciddi sosial problemlər gətirir. Kiçik biznes sosial biznesdir, onun vasitəsilə insanlar həm özlərini işlə təmin etmək, həm də yaşayış vasitələri yaratmaq problemlərini həll edirlər. Hakimiyyət bunu əllərindən alıb irilərə vermək qərarına gəlib. İri şirkətlərin isə arxasında hakim partiyanın iri ranqlı məmurları, deputatları və partiya elitası dayanır. Kiçik biznesdə nəinki iş yerləri bağlanıb, hətta maaşlar da azalıb. Ötən ilin aprelində burada orta əmək haqqı 146,9 min dram idisə, bu ilin aprelində 140,9 min olub. Yəni, 6 min dram azalma müşahidə edilir.

Bu o deməkdir ki, kiçik və orta sahibkarlıqla məşğul olan 144,2 min vətəndaş əvvəlki illə müqayisədə orta hesabla 6 min dram az gəlir əldə edib. Bu, yüksək inflyasiya təzyiqi və ilkin malların qiymətinin kəskin artması ilə müşayiət olundu. Xatırladaq ki, may ayında Ermənistanda 12 aylıq inflyasiya 4,3 faizə çatıb, ərzaq məhsullarının qiymətləri isə 7,4 faiz bahalaşıb. Sosial əhəmiyyət kəsb edən bir çox mallarda inflyasiya 15-20 faiz təşkil edir, bəzən daha yüksək olur.

Elə iş yerlərinin azalması, vətəndaşların gəlirlərinin kəskin şəkildə aşağı düşməsi Ermənistanda borc yükünün sürətlə artmasına səbəb olub. Bu gün sadə erməni borc bataqlığında boğulur. Sadə məişət problemini həll etmək istəyən, azalan gəlirini bərpa etmək istəyənlərin əsas ümidi həddindən artıq bahalı kreditlər olur. Statistik rəqəmlərə görə, bu gün Ermənistanda bir neçə banka kredit borcu olmayan ailə tapmaq mümkün deyil. Xüsusən də iqtisadi fəallığın getdikcə zəifləməsi, vətəndaşların gəlirlərinin artım tempinin kəskin şəkildə azalması fonunda bunu əminliklə söyləmək olar.

İnflyasiyanın artımı, ərzaq və strateji məhsullarda sürətli bahalaşma, orta əmək haqqında cüzi artıma görə kredit yükünün vətəndaş üzərində təzyiqi artır. Mərkəzi Bankın hesablamalarına görə, kreditlərin ödənilməsi artıq risk altındadır. Bu gün işsizlik səbəbindən bir çox erməni bu problemlə üzləşib. Götürülən kreditlər qaytarılmır. Söhbət isə artıq yüz minlərlə kreditordan gedir.

Rəqəmlərə müraciət etsək, təkcə ötən ilin oktyabr ayında 341 min vətəndaş kredit borcunu ödəyə bilməyib. Rəqəmlər isə dəhşətlidir. Ödənilməmiş kredit öhdəliklərinin ümumu dəyəri 600 milyard dramı örtüb. Cari ildə yaranan işsizlik və bağlanan şirkətləri nəzərə alsaq, bu rəqəmin daha da artacağı istisna edilmir. Paşinyan hökuməti isə seçki ərəfəsində başqa bir yola baş vurub. Məlum olub ki, yeni qərara əsasən, kredit borcunun böyük hissəsi dövlət tərəfindən ödənilib. Buna görə də Mərkəzi Bank açıqlama verərək, ötən ilin yekunlarına görə, bank sistemində problemli kreditlərin xüsusi çəkisinin azalması ilə öyünür. Bu isə 218 min vətəndaşın kreditinin bağlanması hesabına baş verib. Bu il isə mənzərənin daha biabırçı olacağı gözlənilir.

Son 2 ildə Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini 4 faiz bəndi aşağı salıb. 2023-cü ilin aprelində 10,75, bu ilin aprelində 6,75 faiz olub. Görünür ki, bu, qismən də olsa, kredit faizlərinin azalmasına səbəb olmalı idi. Amma bunun əksi baş verdi. Yenidən maliyyələşdirmə dərəcəsi 2 il ərzində 4 faiz bəndi azalıb və həmin dövrdə 1 ilədək müddətə dram kreditləri üzrə faiz dərəcəsi hətta artıb. Rəsmi məlumatlara görə, təkcə bu ilin ilk 4 ayında vətəndaşların istehlak kreditləri üzrə kredit yükü 300 milyon dollar artıb.

Rəqəmlərin isə artacağı da istisna edilmir. Çünki İran-İsrail münaqişəsinin Ermənistan iqtisadiyyatına ciddi təsiri, Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Aleksey Overçukun bu il ticarət dövriyyəsində 6 milyard dollar azalmanın müşahidə ediləcəyi ilə bağlı açıqlaması vəziyyəti daha da qəlizləşdirəcək. Bununla yanaşı, Samvel Karapetyanın həbsindən sonra Rusiya şirkətlərinin yavaş-yavaş Ermənistanı tərk etməsi, xarici kapital axınının ciddi zəifləməsi də vəziyyəti mürəkkəbləşdirəcək səbəblər sırasındadır. Görünən odur ki, yaxın vaxtlarda işsizlik və kredit borcu Ermənistanda çox ciddi problemlər yaradacaq.