Çin qırıcıları Yaponiya kəşfiyyat təyyarələrinə 30 metr məsafədə yaxınlaşıb Dünya

Çin qırıcıları Yaponiya kəşfiyyat təyyarələrinə 30 metr məsafədə yaxınlaşıb

Yaponiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, Çinə məxsus döyüş təyyarələri Şərqi Çin dənizində beynəlxalq sular üzərində uçuş edən Yaponiyaya məxsus hərbi təyyarəyə iki dəfə 30 metrə qədər yaxınlaşaraq toqquşma təhlükəsi yaradıb.

Xalqcebhesi.az xəbər verir ki, Çinə məxsus döyüş təyyarələrinin Şərqi Çin dənizində beynəlxalq sular üzərində uçan Yaponiyaya məxsus hərbi təyyarəyə 30 metr məsafəyə qədər yaxınlaşaraq toqquşma təhlükəsi yaratdığı bildirilib. Yaponiya Müdafiə Nazirliyinin açıqlamasına görə, çərşənbə günü baş vermiş ilk manevr zamanı Çinə məxsus JH-7 tipli qırıcı-bombardmançı təyyarə, Yaponiya Özünü Müdafiə Qüvvələrinə (SDF) məxsus YS-11EB tipli elektron kəşfiyyat təyyarəsinin 30 metr yaxınlığında "qeyri-adi" şəkildə uçub.

Cümə axşamı səhəri isə, bənzər bir manevr həyata keçirən digər bir JH-7 tipli qırıcı-bombardmançı bu dəfə SDF-nin YS-11EB tipli elektron kəşfiyyat təyyarəsinə şaquli şəkildə 30 metr məsafədən uçub.

Açıqlamada bu manevrlərin qəza riski yaratdığı vurğulanaraq deyilib: "Çin hərbi təyyarələrinin bu cür qeyri-adi yaxınlaşmaları potensial toqquşma riski doğurur və ciddi narahatlıq yaradır. Bu cür hadisələrin təkrarlanmaması üçün çağırış edirik."

ÇİN TƏYYARƏLƏRİNDƏN OXŞAR MANEVRLƏR

Çinin “Shandong” təyyarədaşıyan gəmisindən qalxan J-15 tipli döyüş təyyarələri, 7 və 8 iyun tarixlərində Sakit okean üzərində uçan SDF-yə məxsus P-3C tipli patrul təyyarəsinə 45 metr məsafəyə qədər yaxınlaşaraq təhlükəli manevrlər etmişdi. Təhlükəsizliklə bağlı narahatlıq yaradan bu hadisələrdən sonra Tokio hakimiyyəti Pekinə bu cür hadisələrin təkrarlanmaması üçün çağırış etmişdi.

Məryəm Quliyeva