21:34
672
“Demoqrafik azalma, ailə institutunun zəifləməsi və gender bərabərliyi sahəsindəki problemlər cəmiyyət üçün aktual çağırış olaraq qalır”
Bunu Milli Məclisin deputatı Elnarə Akimova xalqcebhesi.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, doğum səviyyəsinin azalması, ailə qurma yaşının yüksəlməsi və gənclər arasında evliliyə marağın zəifləməsi əsas çağırışlardandır: “Regionlar üzrə əhali artımında qeyri-bərabərlik, miqrasiya prosesləri və şəhərləşmənin sürətlənməsi demoqrafik tarazlığa təsir göstərir. Ailə siyasəti sahəsində maddi rifahın ailələrin dayanıqlılığına təsiri, boşanmaların artması, erkən və qeyri-rəsmi nikah halları da ciddi problemlər sırasında yer alır. Gender bərabərliyi sahəsində də hələ həllini tapmayan məsələlər mövcuddur. Qadınların əmək bazarında və rəhbər vəzifələrdə təmsilçiliyi məhduddur, məişət zorakılığı və gender stereotipləri isə hələ də qalmaqdadır. Xüsusilə regionlarda qadınların təhsil və məşğulluq imkanları şəhərlərlə müqayisədə daha zəifdir”.
Deputat vurğulayıb ki, dövlət bu problemlərin aradan qaldırılması istiqamətində ardıcıl sosial siyasət həyata keçirir: “Sosial müavinətlərin artırılması, ünvanlı sosial yardımların genişləndirilməsi, çoxuşaqlı və şəhid ailələrinə dəstək, doğuma görə müavinətlər və analıq məzuniyyətləri ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Gender bərabərliyinin təmin olunması üçün qanunvericilik bazası mövcuddur və qadınların məşğulluğunun artırılması məqsədilə müxtəlif dövlət proqramları icra olunur. Bu sahələrdə davamlı inkişaf üçün sosial rifahın yüksəldilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və ictimai şüurun formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Günel Elxan