Ukrayna MN: Rusiya müdafiə müəssisələri Ukrayna sərhədindən 750 km məsafədə yerləşir Dünya

Ukrayna MN: Rusiya müdafiə müəssisələri Ukrayna sərhədindən 750 km məsafədə yerləşir

Rusiya müdafiə-sənaye kompleksinin əksər müəssisələri Ukrayna sərhədindən 750 kilometrdən çox məsafədədir. Hazırda Rusiya yeni müəssisələri 1500-2000 km məsafədə inşa edir.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski “Ukrinform“a müsahibəsində bildirib.

“Ən yaxın güclü müəssisələr 750 km və daha uzaq məsafədə yerləşdirilib. Yalnız 25%-i 250-500 km məsafədədir”, - deyə o vurğulayıb.

Skibitskidən Rusiyanın bu müəssisələri mümkün qədər sərhəddən uzaqlaşdırıb-uzlaşdırmadığını soruşduqda, o, belə bir hal müşahidə edilmədiyini, lakin yeni müəssisələrin artıq xeyli uzaqda tikildiyini söyləyib.

“Biz müəssisələrin köçürülməsini görmürük, lakin 1500-2000 km məsafədə yeni müəssisələrin yaradıldığını qeydə alırıq. Onların sayı çoxdur və istehsal proseslərini dayandırmaq və ya pozmaq üçün bizim uzaqmənzilli zərbələrimiz lazımdır”, – Skibitski izah edib.

Onun sözlərinə görə, Rusiya müdafiə müəssisələrinin məhv edilməsi üçün yeni yanaşmalar zəruridir.

“Ən kritik müəssisələri və bu müəssisələrdə ən kritik elementləri müəyyənləşdirib onları məhv etmək lazımdır. Çünki burada çox böyük kooperasiya mövcuddur. Bir silah növünün istehsalında 100-dən çox müəssisə iştirak edə bilər. Bu, Sovet İttifaqında olduğu kimidir”, - Skibitski əlavə edib.

O həmçinin bildirib ki, Rusiya belə müəssisələrin Ukrayna PUA-larının hücumlarına qarşı həssas olduğunu anlayır və buna görə də hava hücumundan müdafiə vasitələrini, radioelektron mübarizə sistemlərini gücləndirir.