Unudulan unudulmazlar... Mədəniyyət

Unudulan unudulmazlar...

Sentyabrın 7-si şair Hafiz Baxışın anım günüdür...
Böyüyüb boya-başa çatdığım məhəllə Sumqayıt şəhərində yerləşir. Çox mehriban qonşularımız olub. Onlardan biri də əslən Zəngəzurun Qafan rayonunun Giratağ kəndindən olan Fazil dayı idi. Hansısa zavodda sex rəisi işləyirdi. Hər dəfə hyətimizdə ağ rəngdə "Niva" avtomobilini görəndə bilirdik ki, şair Hafiz Baxış yenə də Fazil dayının qonağıdır. Deyəsən, yaxın qohum idilər. Hər dəfə gələndə də xeyli onlarda oturar, hərdən birlikdə mənzilin eyvanına çıxıb həyətimizi seyr edərdilər. İndi nə Fazil dayı həyatdadır, nə də ki şair Hafiz Baxış...
...Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdu. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdi. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdı. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdu. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışıb.
1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində işləyib. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunub, "Samur-Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında, "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunub. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınınıb. İyirmidən çox şeirinə musiqi bəstələnib. 1989-cu il sentyabrın 7-də vəfat edib...
Sonda, onun "Bizim dost itirən vaxtımız deyil" məşhur şerini xatırlatmaqla ruhuna rəhmət diləyirəm:
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!
Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyil-
Bizim dost itirən vaxtımız deyil!
Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb, kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil -
Bizim dost itirən vaxtımız deyil!
Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!
Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!
Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə "çor" desə, sən ona "can" de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!
Hafiz, dar ayaqda dosta ol dayaq,
Dostluğu müqəddəs bir nemət sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil -
Bizim dost itirən vaxtımız deyil!

Elman Eldaroğlu