“Sanksiyalar Trampın əlində...” Dünya

“Sanksiyalar Trampın əlində...”

“ABŞ Konqresində Rusiyaya qarşı uzunmüddətli və sərt sanksiyalar paketinin hazırlanması tamamlanıb, lakin sənədlərin qəbul edilməsi üçün Ağ Evin, daha dəqiqi, Prezident Donald Trampın mövqeyi hələ gözlənilir”.
Bu fikirləri politoloq Şakir Ağayev açıqlamasını xalqcebhesi.aza bildirib ki, Donald Tramp sanksiyaların qəbul edilməsinə razıdır, amma onların tətbiqi yalnız onun şəxsi qərarı ilə və lazım bildiyi vaxt həyata keçirilməlidir:
“Tramp Konqresə açıq şəkildə bildirib ki, sanksiyalar qəbul olunarsa, onların tətbiqi prezidentin imzasına bağlıdır. Bu, klassik ‘qamçı və şirniyyat’ siyasətidir. Tramp çalışır ki, Konqresin qəbul etdiyi sanksiyaları Rusiyaya qarşı təzyiq aləti kimi əlində saxlasın və Moskvanı danışıqlara məcbur etsin. Tramp hakimiyyətə gəlməzdən əvvəl Ukrayna müharibəsini qısa müddətdə bitirəcəyi ilə bağlı vədlər vermişdi, lakin müharibə hələ də davam edir. Tramp müxtəlif çıxışlarında bildirib ki, 8 müharibəni dayandırıb, 9-cunu – Ukrayna müharibəsini də bitirmək istəyir. Ona görə də Rusiyanın təzyiq altında saxlanması onun strateji maraqlarına uyğundur. ABŞ-ın Rusiyaya qoşulacağı və ya qoşulmayacağı sanksiyalar məsələsi artıq çoxdan həll olunub.
ABŞ demək olar ki, bütün sanksiyalarda iştirak edir və hətta digər dövlətləri də həmin sanksiyalara qoşulmağa məcbur edir. Hazırda əsas diqqət enerji sektoruna yönəlmiş əlavə məhdudiyyətlərdədir”.
Ekspert bildirib ki, ABŞ Hindistana, Çinə və Avropa ölkələrinə – Macarıstan istisna olmaqla – təzyiq göstərərək Rusiyaya qarşı sanksiyaların effektivliyini artırır:
“Amerika sadəcə qoşulmur, həm də Rusiyanın iqtisadiyyatını zəiflətmək üçün Avropadan tələb edir ki, əlavə sanksiyalar tətbiq olunsun. Sözügedən sənəd ABŞ üçün sadəcə hüquqi akt deyil, həm də Rusiyaya qarşı siyasi təzyiq mexanizmidir.Əsas məqsəd Rusiyanı məcburi danışıqlar masasına gətirməkdir”.

Günel Elxan