“Ağdamlılar Ermənistan işğalına qarşı çox qəhrəmanlıqla döyüşüb” Siyasət

“Ağdamlılar Ermənistan işğalına qarşı çox qəhrəmanlıqla döyüşüb”

“20 noyabr Azərbaycan xalqı üçün çox əzəmətli bir gündür. Ölkəmizin ən böyük şəhərlərindən biri olan Ağdam rayonunun işğaldan azad olunduğu gündür. Cənab Prezidentimizin rəhbərliyi ilə torpaqlarımızın bir hissəsi döyüşlə, bir hissəsi diplomatiya ilə geri alındı. Düşmən Azərbaycan qarşısında təslim oldu, kapitulyasiya aktına imza atdı və qoşunlarımız Ağdam rayonuna daxil olaraq Azərbaycanın bu strateji əhəmiyyətli bölgəsini nəzarət altına götürdülər”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə vurğulayıb ki, Ağdam Azərbaycanın tarixində, mədəniyyətində mühüm yer tutur və Azərbaycan ictimaiyyətinə görkəmli şəxslər vermiş bir məkandır: “Ağdamlılar Ermənistan işğalına qarşı çox qəhrəmanlıqla döyüşüblər və onların rayonlarının müdafiəsinin çox qəhrəman səhnələri var. Bu gün də həmin rayon bərpa edilir. Cənab Prezidentin rəhbərliyi ilə aparılan işlər nəticəsində rayona artıq minlərlə insan qayıdıb. Ağdamın müasir bir sənaye, mədəniyyət, təhsil mərkəzi kimi formalaşması göz qarşısındadır.”

Deputatın sözlərinə görə, Ağdamın dirçəlməsinə ağdamlılarla yanaşı, bütün azərbaycanlılar sevinirlər: “İnanırıq ki, az bir zamandan sonra bütün ağdamlılar geri qayıdacaq və Ağdam özünün ikinci bir şöhrətli həyatını yaşayacaq”.

Röya İsrafilova