"Zirə"nin baş məşqçisi: Rəqibə qol epizodu vermədən iki top buraxdıq İdman

"Zirə"nin baş məşqçisi: Rəqibə qol epizodu vermədən iki top buraxdıq

"İki qol fərqi ilə öndə olduğumuz və hesabı artırmağı düşündüyümüz anlarda qapımıza iki penalti təyin olundu, oyunun gedişatı tam dəyişdi".

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "İmişli" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis matçın gedişatını dəyərləndirib:

"Oyun bizim üçün olduqca uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı futbol oynayırdıq, 2:0 öndə idik. Yenə qol epizodlarımız var idi. O dəqiqələrdə hamının ağlından hesabın daha da böyüməsi keçirdi. Amma 5 dəqiqə içində rəqibin qazandığı 2 penalti epizodu ilə hər şey dəyişdi. Hesab bərabərləşdikdən sonra da yaxşı qol fürsətimiz oldu, amma Volkov fərqlənə bilmədi. Çox məyusedici xal itkisidir. Bəlkə ssenari fərqli olsaydı, burada "İmişli"dən qazanacağımız 1 xal uğurlu olardı. Amma yaxşı futbolla 2:0 öndəsən və hesabı artırmağı düşündüyün anlarda qapına 2 penalti təyin olunur, hesab bərabərləşir və oyunun gedişatı tam dəyişir. Qəribə alındı.

Səhv etmirəmsə, rəqibə qol epizodu vermədən 2 qol buraxdıq. Bu uğursuz statistika bizim üçün davam edir. Qapımıza vurulan 3 zərbədən 2-si qolla nəticələnir. Belə statistika olanda nəticə qazanmaq olduqca çətin olur. Növbəti oyunlarda bunu dəyişməyə çalışacağıq".

Sadıqov penalti epizodları və hakimliklə bağlı da danışıb:

"Penalti epizodlarına oyundan sonra baxacağıq. Ondan sonra fikir bildirə bilərəm. Amma çox da uzun şərh etmək istəmirəm. Penalti epizodu olub-olmadığını dəqiq bilmədim. Amma hakim oyunun sonunda yersiz follar verirdi, oyunun tempi düşürdü. Bəzən gedişat belə olduqda məcbursan ki, sakit qalasan. Bu dəqiqə emosiyaya qapılmaq vaxtı deyil. Baxırsan ki, qəribə hadisələr baş verir".