İran ABŞ-yə xəbərdarlıq edib: Şərtlərimiz qəbul edilməsə, müharibəyə hazırıq Dünya

İran ABŞ-yə xəbərdarlıq edib: Şərtlərimiz qəbul edilməsə, müharibəyə hazırıq

İran müharibəyə tam hazırdır və əgər ABŞ Tehranın nizamlanma ilə bağlı əvvəllər irəli sürdüyü şərtləri qəbul etməzsə, yeni eskalasiya Vaşinqtona xeyli baha başa gələcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri ilə söhbətində İran Məclisinin (birpalatalı parlament) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bildirib.

"Əgər amerikalılar elan etdiyimiz şərtləri qəbul etməsələr, biz, sözsüz ki, qarşıdurmaya və müharibəyə tam hazırıq və onlara danışıqlar masası arxasında bizə vermək istədiklərindən qat-qat baha başa gələcək zərər vuracağıq. Biz onlara elə bir dərs verəcəyik ki, müstəqil ölkələrlə Liviya, Sudan, Suriya, İraq və Əfqanıstanla davrandıqları kimi davranmağın mümkün olmadığını mənimsəsinlər", – deyə o vurğulayıb.

Deputatın sözlərinə görə, ABŞ ilə əvvəlki dialoq tərzi əslində İrana müharibədən başqa heç nə gətirməyib: "Qarşı tərəf bizimlə ümumi əsaslarla danışıqlar aparmağa hazır deyil və bunu artıq sübut edib: o, İranın kapitulyasiyasından danışır. Belə bir vəziyyətdə çıxış yolu müharibə və təcavüzkara layiqli cavab vermək olacaq ki, o, bizim maraqlarımızla hesablaşmağa başlayacağı həddə çatsın".

Məryəm Quliyeva