Hörmüz böhranı: qlobal iqtisadiyyat sınaq qarşısında Dünya

Hörmüz böhranı: qlobal iqtisadiyyat sınaq qarşısında

Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında yaranmış gərginlik qlobal gündəmin əsas mövzularından birinə çevrilib. Dünyanın enerji təchizatında mühüm rol oynayan bu strateji marşrutda baş verən hadisələr artıq beynəlxalq bazarlara birbaşa təsir göstərməkdədir. Ekspertlər hesab edir ki, mövcud vəziyyət yalnız enerji qiymətlərinin artımı ilə məhdudlaşmır, eyni zamanda qlobal iqtisadi sabitlik, ticarət zəncirləri və geosiyasi balans üçün ciddi risklər yaradır. Mövzunun aktuallığını nəzərə alaraq, iqtisadçı və politoloqlar yaranmış vəziyyətin mümkün nəticələrini və çıxış yollarını dəyərləndiriblər.

Böhranın enerji bazarına təsiri

İqtisadçı ekspert Rəşad Həsənov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Hörmüz boğazı enerji daşıyıcılarının ötürülməsi baxımından ən kritik marşrutlardan biridir.

O qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında yaranmış gərginlik qlobal enerji bazarlarına birbaşa təsir göstərməkdədir: “Mövcud vəziyyət fonunda dünya üzrə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da dərinləşir. Dünya üzrə daşınan neftin təxminən 25 faizi, qazın isə 20-30 faizi müxtəlif dövrlərdə məhz bu boğazdan keçir. Bu baxımdan konfliktin həmin əraziləri əhatə etməsi qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər formalaşdırır. Hazırda bazar iştirakçıları gündəlik olaraq dünya bazarlarına çıxarılan enerji resurslarının əhəmiyyətli hissəsinin risk altında olmasını qiymətləndirir və bu da qiymət artımını şərtləndirən əsas amillərdən biridir. Ekspert qeyd edib ki, mövcud gərginliyin uzanması xüsusilə Asiya ölkələri üçün daha ciddi iqtisadi nəticələr doğura bilər.Bu marşrutdan daşınan enerji resurslarının mühüm hissəsi Çin və Hindistan kimi böyük iqtisadiyyatlara yönəlir. Ona görə də konfliktin uzunmüddətli xarakter alması həmin ölkələrin enerji təminatına və ümumi iqtisadi sabitliyinə mənfi təsir göstərə bilər”.

R.Həsənovun sözlərinə görə, qlobal enerji bazarında alternativlərin mövcudluğu uzunmüddətli perspektivdə müəyyən balans yarada bilər: “Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi sahəsində yaşadığı təcrübə göstərdi ki, dünyada tam əvəzedilməz marşrut yoxdur. Zərurət yaranarsa, alternativ boru xətləri və yeni nəqliyyat marşrutları üzrə layihələr sürətləndirilə bilər. Bu proses müəyyən maliyyət və zaman tələb etsə də, uzunmüddətli dövrdə qlobal bazar bu dəyişikliklərə uyğunlaşa bilir. Hazırkı mərhələdə əsas təhlükə qısamüddətli risklərin artması ilə bağlıdır.Risklər dərinləşdikcə tərəflər arasında aqressiyanın artması və konfliktin genişlənməsi ehtimalı yüksəlir. Həmçinin üçüncü tərəflərin, xüsusilə də ABŞ və onun müttəfiqlərinin regionda təhlükəsizliyi təmin etmək adı ilə daha aktiv müdaxilə imkanları da istisna edilmir.

Vəziyyətin daha da kəskinləşməməsi üçün tərəflərin rasional və balanslı yanaşma sərgiləməsi vacibdir”.

Sabitliyin əsas açarı

Politoloq Elçin Xalidbəyli diqqətə çatdırıb ki, Hörmüz boğazı ətrafında yaranmış gərginlik dünya gündəminin əsas mövzularından biri olaraq qalır.

O qeyd edib ki, bu strateji su yolunda baş verən proseslər artıq qlobal iqtisadiyyata ciddi təsirlər göstərməkdədir: “Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsini öz üzərində cəmləşdirir.

Bu marşrut vasitəsilə dünya üzrə enerji məhsullarının təxminən 20 faizi daşınır. Bu isə o deməkdir ki, burada yaranan hər hansı gərginlik avtomatik olaraq qlobal iqtisadi sistemə sarsıdıcı təsir göstərir. Artıq bunun ilkin nəticələri də müşahidə olunur – enerji resurslarının qiyməti sürətlə artmaqdadır.

Enerji qiymətlərindəki artım zəncirvari şəkildə digər sahələrə də təsir edir.

Enerji qiymətlərinin yüksəlməsi istehsal xərclərini artırır, bu isə ümumi bahalaşmaya səbəb olur. Nəticədə qlobal miqyasda inflyasiya təzyiqləri güclənir və iqtisadi böhran riskləri artır. Bu proses təkcə iqtisadi deyil, eyni zamanda sosial və siyasi nəticələr də doğura bilər. Enerji böhranı zamanla ərzaq böhranına qədər dərinləşə bilər. Bu isə müxtəlif ölkələrdə sosial narazılıqları artıraraq siyasi sabitliyi poza bilər. Belə hallarda vətəndaş-hakimiyyət qarşıdurmaları üçün münbit şərait yaranır.Hörmüz boğazı faktiki olaraq dünya iqtisadiyyatının “nəfəsliyi”dir. Əgər bu strateji xəttin fəaliyyəti məhdudlaşarsa, qlobal iqtisadiyyatda ciddi kiçilmə baş verə bilər. Bu isə həm iqtisadi, həm sosial, həm də siyasi böhranların geniş miqyas almasına səbəb olar”.

O əlavə edib ki, Hörmüz boğazının açıq qalması bütün dünya üçün həyati əhəmiyyət daşıyır: “Bu məsələ təkcə enerji ixrac edən ölkələrin marağı deyil. Hörmüz boğazının fasiləsiz fəaliyyəti qlobal sabitliyin qorunması baxımından əsas şərtlərdən biridir və beynəlxalq ictimaiyyət bu məsələni xüsusi diqqətdə saxlamalıdır”.

Hörmüz gərginliyi artarsa…

Politoloq Şakir Ağayev diqqətə çatdırıb ki, ABŞ rəsmiləri, o cümlədən Marco Rubio tərəfindən səsləndirilən “boğazların heç bir dövlət tərəfindən məhdudlaşdırıla bilməyəcəyi” fikri beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olsa da, praktiki müstəvidə bu yanaşmanın ziddiyyətli tərəfləri mövcuddur.

O bildirib ki, Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında yaranmış gərginlik beynəlxalq münasibətlər sistemində yeni risklər formalaşdırır: “Mövcud vəziyyət təkcə enerji təhlükəsizliyi ilə deyil, eyni zamanda böyük güclər arasında geosiyasi qarşıdurmanın dərinləşməsi ilə də xarakterizə olunur.Əslində bu cür yanaşmanın müəyyən elementlərini ilk dəfə məhz ABŞ özü tətbiq etməyə çalışıb. Xüsusilə Donald Trump ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu istiqamətdə fərqli ritorikalar səsləndirilib. Hətta martın 27-də belə bir iddia ortaya qoyulub ki, guya Hörmüz boğazı amerikalılar tərəfindən ‘xilas edilib’ və onun ‘Tramp boğazı’ adlandırılması mümkündür. Bu isə beynəlxalq hüquq və mövcud qlobal nizamla uzlaşmayan yanaşmadır”.

Politoloq qeyd edib ki, boğazlar, dənizlər və körfəzlər heç bir dövlətin mülkiyyəti deyil və onların idarə olunması beynəlxalq hüquq normaları ilə tənzimlənir: “Hörmüz boğazı qlobal logistik mərkəzdir və bu marşrutun açıq qalması bütün dünya üçün strateji əhəmiyyət daşıyır. Burada hər hansı bir dövlətin üstünlük əldə etməyə çalışması və ya nəzarəti monopoliyaya çevirmək cəhdləri qlobal təhlükəsizlik balansını poza bilər. Mövcud vəziyyətdən İranın da müəyyən mənada istifadə etməyə çalışdığı müşahidə olunur.Artıq bəzi məlumatlara əsasən, boğazdan keçən tankerlərlə bağlı əlavə maliyyə tələblərinin irəli sürülməsi və gələcəkdə ödəniş mexanizmlərinin tətbiqi kimi addımlar gündəmə gələ bilər. Bu isə qlobal ticarət və enerji daşımaları üçün əlavə risklər yaradır və gərginliyi daha da artırır. Proseslərin təsiri artıq real şəkildə hiss olunur.

Bu, potensial risk deyil, artıq reallıqdır. Dünya bazarlarında enerji qiymətləri artmaqdadır, neft 100–116 dollar intervalında dəyişir, qızılın qiyməti isə 900 dollara yaxınlaşır. Beynəlxalq maliyyə institutları və Avropa fondları bu vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə edir və artıq qlobal səviyyədə həyəcan siqnalları verilir. Gərginliyin uzun müddət davam etməsi daha genişmiqyaslı nəticələrə səbəb olacaq. Əgər bu vəziyyət bir ay və ya daha artıq davam edərsə, qlobal enerji sistemi böhran mərhələsinə daxil ola bilər. Bu isə yalnız enerji bazarlarına deyil, ümumilikdə dünya iqtisadiyyatına, nəqliyyat sisteminə və sənaye istehsalına zəncirvari təsirlər göstərəcək. Vəziyyətdən çıxış yolu diplomatik həll variantlarının gücləndirilməsindən keçir.

Bu gərginliyin azaldılması üçün ən real çıxış yolu ABŞ və İran arasında müəyyən razılaşmanın əldə olunması və hərbi qarşıdurmanın dayandırılmasıdır. Əks halda, hadisələrin daha da kəskinləşməsi qlobal miqyasda ciddi siyasi və iqtisadi fəsadlara gətirib çıxara bilər”.

Günel Elxan