“Demokratların qələbəsi Trampın müharibəni davam etdirməsinə maneə yaratmır” Dünya

“Demokratların qələbəsi Trampın müharibəni davam etdirməsinə maneə yaratmır”

“ABŞ Konqresində demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu əldə etməsi Donald Tramp administrasiyasının xarici siyasət kursuna, xüsusilə İranla müharibənin gələcəyinə təsir göstərə biləcək mühüm siyasi hadisədir. Bu nəticə ABŞ-də siyasi güc balansının dəyişdiyini və Trampın prezidentliyinin qalan dövründə Ağ Ev ilə Konqres arasında daha mürəkkəb münasibətlərin formalaşacağını göstərir. İlk növbədə nəzərə almaq lazımdır ki, ABŞ-də prezidentin xarici siyasət və hərbi qərarvermə sahəsində geniş səlahiyyətləri var. Tramp Konqresdə demokratların çoxluq qazanmasına baxmayaraq hərbi əməliyyatların operativ idarə olunması ilə bağlı imkanlarını itirmir. Bununla belə, Konqresin müharibənin maliyyələşdirilməsi, müdafiə büdcəsinin təsdiqi, qanunvericilik və administrasiyaya nəzarət mexanizmləri prezidentin fəaliyyətinə ciddi təsir göstərə bilər. Bu baxımdan, demokratların qələbəsi Trampın İran siyasətini dərhal dayandırmasa da, onun manevr imkanlarını məhdudlaşdıran yeni siyasi reallıq yaradır”.

Bu fikirləri xalqcebhesi.az-a politoloq Tural İsmayılov bildirib.

T.İsmayılovun sözlərinə görə, İranla müharibə məsələsində demokratların əsas üstünlüyü hərbi əməliyyatların davam etdirilməsinə qarşı institusional təzyiq imkanlarının genişlənməsidir: “Münaqişənin ABŞ iqtisadiyyatına təsiri, enerji qiymətlərinin yüksəlməsi, hərbi xərclərin artması və Amerika vətəndaşlarının təhlükəsizliyi artıq daxili siyasi müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib. Seçkilərin nəticələri göstərir ki, İran müharibəsi Tramp administrasiyası üçün daxili siyasi məsuliyyət məsələsinə də çevrilib. Belə şəraitdə demokratlar müharibənin hüquqi əsaslarını, maliyyələşdirilməsini və strateji məqsədlərini daha ciddi şəkildə gündəmə gətirə bilərlər. Bununla yanaşı, demokratların Konqresdə çoxluq qazanması Trampın müharibəni davam etdirməsinə hüquqi baxımdan avtomatik maneə yaratmır. ABŞ prezidentinin veto hüququ var və Konqresin qəbul etdiyi qanunların prezident vetosunu aşması üçün hər iki palatada üçdə iki səs çoxluğu tələb olunur. Demokratların mövcud üstünlüyü isə bu həddi təmin etmir. Digər tərəfdən, Senatda bir sıra qanunvericilik təşəbbüslərinin qəbul edilməsi üçün tələb olunan prosedur çoxluğu da demokratların imkanlarını müəyyən qədər məhdudlaşdıra bilər”.

“ABŞ-İran münasibətlərində digər mühüm məsələ diplomatik alternativlərin yenidən aktuallaşmasıdır. Demokratlar daxilində İranın nüvə proqramı, regional təhlükəsizlik və İsrailin müdafiəsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Buna görə də onların Konqresdəki qələbəsini Tehranla münasibətlərin dərhal normallaşması kimi qiymətləndirmək doğru olmazdı. Bununla belə, hərbi qarşıdurmanın iqtisadi və geosiyasi nəticələrinin dərinləşməsi Vaşinqtonda diplomatik kanalların və danışıqlar mexanizmlərinin yenidən nəzərdən keçirilməsi üçün əlavə zəmin yarada bilər. Digər tərəfdən, İran müharibəsinin ABŞ-nin beynəlxalq mövqeyinə təsirləri də nəzərə alınmalıdır. Yaxın Şərqdə uzunmüddətli hərbi qarşıdurma Vaşinqtonun digər strateji istiqamətlərdəki imkanlarına, müttəfiqlərlə münasibətlərinə və qlobal təhlükəsizlik gündəliyinə təsir göstərir. ABŞ administrasiyası üçün əsas məsələ hərbi əməliyyatların hansı nəticəni təmin edəcəyi və bu nəticənin iqtisadi-siyasi xərclərlə nə dərəcədə uzlaşacağıdır” – deyə politoloq söyləyib.

O əlavə edib ki, nəzərə almaq lazımdır ki, demokratların qazandıqları mandat yeni Konqresin fəaliyyətə başlayacağı 2027-ci ilin yanvarından etibarən tam institusional qüvvəyə minəcək: “Həmin vaxta qədər respublikaçılar Konqresdə mövcud çoxluqlarını qoruyurlar. Bu müddət ərzində Tramp administrasiyasının İranla bağlı qərarları və müharibənin inkişaf trayektoriyası yeni siyasi balansın formalaşmasına təsir edən əsas amillərdən olacaq. Beləliklə, Tramp İranla müharibəni davam etdirə bilər, lakin Konqresdə demokratların çoxluq əldə etməsi bu prosesin siyasi, maliyyə və hüquqi baxımdan daha ciddi nəzarətə götürülməsi deməkdir. Qarşıdakı dövrdə əsas mübarizə prezidentin hərbi səlahiyyətləri ilə Konqresin nəzarət və maliyyələşdirmə imkanları arasında gedəcək. Demokratların seçki qələbəsi müharibənin dayandırılmasına yönəlmiş siyasi təzyiqi artırsa da, münaqişənin gələcəyini müəyyənləşdirəcək amil ABŞ daxilindəki siyasi balansla yanaşı, Vaşinqton və Tehran arasında mümkün diplomatik razılaşmalar, regional təhlükəsizlik vəziyyəti və hərbi əməliyyatların nəticələri olacaq”.

Röya İsrafilova