
Məqsədli büdcə fondları ləğv olunacaq, daxilolmalar qeyd-şərtsiz dövlət büdcəsinin gəlirlərinə aid ediləcək.
Bununla bağlı Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" qanunlarda müvafiq dəyişikliklər təklif edilir.
Layihə "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli fərmanı çərçivəsində hazırlanıb. Layihədə məqsədli büdcə fondlarının ləğv edilməsi, fondların mədaxil mənbələri olan cərimə xarakterli və dəymiş ziyanın ödənilməsi ilə bağlı daxilolmaların qeyd-şərtsiz dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, digər maliyyə mənbələrinə münasibətdə isə fondların tabe olduğu orqanların işçilərinin sosial müdafiəsinin maliyyələşdirilməsi məqsədilə bölgü müəyyən edilməsi təklif olunur.
Hazırda ölkədə fəaliyyət göstərən məqsədli büdcə fondlarının vəsaitləri müxtəlif hüquqi əsaslar və fərqli maliyyə idarəetmə mexanizmləri üzrə formalaşır və istifadə olunur. Mövcud təcrübənin təhlili göstərir ki, bəzi fondlar üzrə vəsaitlərin dövlət büdcəsi ilə paralel şəkildə idarə olunması fiskal planlaşdırma, resurs bölgüsü, xəzinə icrası hesabatlılıq və maliyyə nəzarəti baxımından əlavə çətinliklər yaradır. Belə ki, dövlət büdcəsinin gəlirləri və xərcləri ilə sıx əlaqəli olan, xüsusilə infrastruktur və investisiya xarakterli tədbirlərin maliyyələşdirilməsinə xidmət edən bəzi fondların ümumi büdcə çərçivəsindən kənar idarə olunması dövlət maliyyəsinin vahidlik və tamlıq prinsiplərinin tətbiqini məhdudlaşdırır, büdcə resurslarının prioritetlər üzrə sistemli bölgüsünü çətinləşdirir və vəsaitlərin istifadəsi üzərində nəzarət imkanlarını zəiflədir.
Layihənin qəbul edilməsi nəticəsində məqsədli büdcə fondlarının vəsaitlərinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, onların iqtisadi mahiyyətinə və funksional təyinatına uyğun olaraq daha səmərəli maliyyə idarəetmə modelinin tətbiq edilməsi, dövlət maliyyəsinin vahid prinsiplər əsasında idarə olunması, budcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi təmin ediləcək.
Məqsədli büdcə fondlarının vəsaitlərinin iqtisadi mahiyyətinə uyğun idarəetmə modeli formalaşdırılacaq, dövlət büdcəsi ilə birbaşa əlaqəli olan maliyyə axınlarının dövlət büdcəsində cəmlənməsi hesabına fiskal planlaşdırmanın keyfiyyəti artırılacaq, habelə ekoloji və təbii ehtiyatların qorunması, bərpası və istifadəsi ilə bağlı tədbirlərin operativ maliyyələşdirilməsi üçün daha çevik idarəetmə mexanizmi formalaşdırılacaq, büdcə və büdcədənkənar vəsaitlər arasında funksional bölgü daha dəqiq müəyyən ediləcək.
2026-cı il üzrə hesablamalara əsasən məqsədli büdcə fondları üzrə daxilolmaların ümumi həcmi 472,3 mln. manat səviyyəsində proqnozlaşdırılır. Layihə yeni maliyyə öhdəliklərinin yaradılmasına deyil, mövcud maliyyə axınlarının daha səmərəli və məqsədyönlü qaydada yenidən təsnifləşdirilməsinə və idarə olunmasına yönəlib.
Beləliklə, aşağıdakı fondlar ləğv ediləcək:
- Meşələrin qorunub saxlanması və təkrar istehsalı Fondu
- Mineral xammal bazasının bərpası üzrə Dövlət Fondu
- Nəqliyyat vasitələrinin utilizasiyası Fondu
- Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu
- Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu
- Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılmış fondlar