
“ABŞ-də 3 noyabr tarixində Konqresə keçirilən seçkilərin indiki nəticələri proqnozlaşdırılan idi və demokratların Konqresin ən azı bir Palatasında, Nümayəndələr Palatasında qalib gələcəyi gözlənilirdi. Amma respublikaçılar üçün ən pis ssenari onların həm də Senatda qalib gəlmək şansı ilə bağlıdır və hadisələrin gedişatı göstərir ki, ilkin nəticələr respublikaçılar üçün olduqca mənfi bir mənzərə formalaşdırıb. Artıq demək olar ki, demokratlar Konqresin hər iki Palatasında — həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlüyü əldə edə biliblər. Bu seçkilər həm də Tramp administrasiyasının siyasəti ilə bağlı keçirilmiş referendum da adlandırıla bilər”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, burada hakim partiyanın (respublikaçıların) məğlub olmasını şərtləndirən bir sıra amillər var: “Son dövrlərdə əhalinin sosial durumunun ağırlaşması; yanacaq məhsullarının qiymətinin artması; miqrasiya məsələləri; xarici siyasət məsələlərində Ukrayna ilə münasibətlərin gərginləşməsi, İranla müharibə və digər səbəblərlə bunu izah etmək mümkündür. Bu seçkilərdə elə gözlənilməz proseslər yaşandı ki, bu, respublikaçıları son dərəcə düşündürməlidir. Məsələn, hər kəsə məlumdur ki, Kanzas ştatı təxminən 100 ildir ki, respublikaçıların malikanəsi sayılır və həmişə orada respublikaçılar qalib gəliblər, lakin bu dəfə demokratlar uddular. Texas ştatını birmənalı şəkildə respublikaçıların vətəni adlandırmaq olar, amma onlar Texasda da seçkiləri uduzdular. Eyni nəticə Cənubi Karolina, Şimali Karolina, Ayova, Men ştatlarında da qeydə alınıb. Ənənəvi olaraq bu ştatlarda respublikaçıların həmişə üstün mövqeyi olub. Yəni uzun müddət respublikaçıların ağalıq etdikləri ştatlarda onların məğlubiyyəti çoxlu suallar yaradır”.
“Respublikaçıların məğlubiyyəti onu göstərir ki, Donald Trampın növbəti iki il ərzində qərarlar qəbul etməsində problemlər yaşanacaq. Xüsusilə də nəzərə alsaq ki, Konqresin büdcəyə nəzarət funksiyası və xarici yardımlara nəzarət funksiyası var. Belə olan vəziyyətdə Donald Trampın maliyyə ayırmaları ilə bağlı təkliflərinin və ya qərarlarının icrası çox müşkül məsələyə çevrilə bilər və ona qarşı hər iki palatanın çıxış edəcəyini söyləmək mümkündür. Senatın səfirlərin və yüksək vəzifəli şəxslərin təyinatında müstəsna səlahiyyəti var və onlar Trampın namizədlərini təsdiqləməyə bilərlər. Konqres Dövlət Departamentindən və Ağ Evdən müəyyən sənədlər tələb edə bilər, onları dinləmələrə dəvət edə bilər və onların qarşısında çox çətin suallar qoya bilərlər. Amma prezidentin də veto hüququ var və prezidentin belə acınacaqlı vəziyyətlərdə veto hüququndan istifadə edəcəyi istisna deyil. Trampa qarşı impiçment məsələsinə gəldikdə isə indiyə qədər üç dəfə bu məsələ gündəmə gəlib, lakin heç bir nəticəsi olmayıb. Dördüncü dəfə buna Konqres gedəcəkmi? Bu suala cavab vermək çətindir. Amma istənilən halda impiçmenti həyata keçirmək, öz məntiqi sonluğuna çatdırmaq üçün Senatda üçdə iki səs çoxluğu olmalıdır, lakin Senatda üçdə iki səs çoxluğu demək olar ki, alınmır. Amma istənilən halda Tramp administrasiyası üçün son iki il çətin il olacaq” – deyə deputat diqqətə çatdırıb.
O həmçinin bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinə gəldikdə isə, Birləşmiş Ştatların iki partiyalı xarici siyasət kursu var, strateji xətt dəyişmir, dəyişən taktikadır: “Bu baxımdan həm Ukrayna ilə bağlı, həm də Cənubi Qafqaz, Ermənistan-Azərbaycan münasibətləri və digər məsələlərlə bağlı Konqresdə dinləmələrin keçirilməsi, Dövlət Departamentinin bu məsələlərlə bağlı Konqresə dəvət edilməsi, onlara çoxsaylı və çətin suallar verilməsi kimi hallar baş verə bilər. Həm də ermənipərəst konqresmen və senatorların Demokratlar Partiyasında daha çox olduğunu da nəzərə alsaq, bu, müəyyən mənada sülh prosesinə də bu və ya digər səviyyədə təsirsiz qalmaya bilər”.
Röya İsrafilova