Suriya bir neçə regiona bölünüb Dünya

Suriya bir neçə regiona bölünüb

Suriya operativ taktiki baxımdan bir neçə regiona bölünüb. Bunu təhlükəsizlik eksperti Sülhəddin Əkbər son günlər İsrail və Rusiyanın Suriya məsələsində razılıq əldə etdiyi ilə bağlı xəbərlərlərə və razılığa əsasən, Suriyanın cənub sərhədlərinin Əsəd rejiminin qoruyacağı, İran hərbçiləri və "Hizbullah"ın buradan uzaqlaşdırılacağı ilə bağlı fikirlərə münasibətində bildirib. Ekspert qeyd edib ki, Suriya böhranı artıq çox mürəkkəb hal alıb. Burada dövlət olan və olmayan çoxlu xarici oyunçular iştirakçıdır. Bir çox istiqamətdə açıq və gizli müharibələr gedir. Kimisi birbaşa Suriyada vuruşur, kimisi vəkilləri vasitəsilə müharibə aparır. Eyni zamanda Suriya operativ taktiki baxımdan bir neçə regiona bölünüb. Bir də görürsən ki, bəzi regionlarda ciddi rəqib və düşmən olan dövlətlər əməkdaşlıq edirlər, bəzi regionlarda isə bir-birinə qarşı vuruşurlar. Bu mənada Suriyada gedən prosesləri operativ taktiki baxımdan qiymətləndirmək üçün dəqiq kəşfiyyat məlumatlarına ehtiyac var. Ona görə də ilk növbədə mətbuata çıxan informasiya, informasiya sızıntısı, bəzən dezinformasiyalar çaşdırıcı və qəribə görünə bilər: "Ancaq məncə, burada qəribə bir şey də yoxdur. Aydındır ki, Amerika və onun müttəfiqləri, ilk növbədə İsrail Rusiya ilə İran arasında məsafə qoymaq üçün ciddi iş aparır. Rusiyaya əsas təzyiq ondan ibarətdir ki, İranın Suriyada təsirinin mümkün qədər məhdudlaşdırılmasına razılıq və dəstək versin. Bu işdə Rusiyanın dəstəyindən istifadə etmək istəyirlər. Təbii ki, bu Rusiyanın da maraqlarına uyğundur. Ən azı İranın zəifləməsi Bəşər Əsədi Rusiyadan daha çox asılı vəziyyətə gətirir. Bu zaman Rusiyanın Suriyada mövcud vəziyyətlə bağlı digər aktorlarla münasibət qurması, həm də Suriyanın gələcəyi ilə bağlı aparılan danışıqlar prosesində manevr etmək imkanları genişlənir. Bu mənada ABŞ və müttəfiqlərinin, konkret indiki halda İsrail və İordaniyanın İranla bağlı maraqları üst-üstə düşür. Rusiya da maraqlıdır ki, İran Suriyanın məsələsində indikindən artıq rol oynamasın. Əksinə, İranın rolu azaldılsın. Bu mənada ortada təəccüblü bir hal yoxdur. Bundan əvvəl də ABŞ, İsrail, İordaniya, bəzənsə Səudiyyə Ərəbistanı ilə Rusiya xüsusi xidmət orqanları arasında danışıqlar aparılıb. Bəzən İranın özü ilə belə danışıqlar olur. İndiki halda İsrail-Rusiya danışıqları başadüşüləndir".
S.Əkbər onu da bildirib ki, Suriya mərkəzi hökuməti quru əməliyyatlarında İrandan asılı vəziyyətdədir. İran ciddi şəkildə Əsədə və sahədəki vəziyyətə təsir edə bilir. Bəşər Əsəd də ona olan təsirlərin şaxələnməsində maraqlıdır. Yəni tək İrandan və ya Rusiyadan asılı vəziyyətdə olmasın. İndiki halda Bəşər Əsəd rejimi strateji planda Rusiyadan, operativ-taktiki planda isə İrandan çox asılı vəziyyətdədir. Ona görə də Suriyada İranın güclənməsində İrana birbaşa bağlı olan milis və müxtəlif şiə qruplaşmalarından savayı heç kəs maraqlı deyil: "
Ekspert Rusiya prezidenti Putinin Suriya üzrə ali nümayəndəsi Aleksandr Lavrentyevin - ABŞ, türklər və "Hizbullah"da daxil olmaqla bütün xarici qüvvələr Suriya ərazisindən dərhal çıxmalıdır - fikrinə də aydınlıq gətirib: "Bu əslində İsraillə Rusiyanın razılaşmasının bir elementidir. Rusiya açıq şəkildə və rəsmi diplomatik yolla bəyan edir ki, Suriya legitim hakimiyyətinin rəsmi dəvəti ilə bu ölkəyə daxil olmayan xarici qüvvələr ölkəni tərk etməlidir. İran da bəyan edir ki, onlar da Dəməşqin rəsmi dəvəti ilə Suriyadadır. Əslində Lavrentyevin bu bəyanatı çoxbaşlıdır. İndi Suriyada olan istənilən oyunçu digərlərinin orada zəifləməsində maraqlıdır. Məsələn, Suriyada birbaşa iştirakçılığı olan Rusiya, ABŞ, Türkiyə, İran və Fransa kimi dövlətlərdən hər biri digərinin zəifləməsini istəyir. Çünki bu halda onların Suriyada nəzarət payı artacaq, üstəlik gələcəkdə Suriyanın yenidən qurulmasında maraq və payı təmin ediləcək. Odur ki, bunu təbii qarşılamaq lazımdır".
S.Əkbər Bəşər Əsədin Abxaziya və Osetiyanın müstəqilliyini tanıması məsələsinə də toxunub. Bildirib ki, bu faktiki olaraq Bəşər Əsəd və hökumətinin Rusiyadan hansı dərəcədə asılılığını göstərir: "İkincisi, Rusiyanın Suriya ilə nə dərəcədə aktiv-diplomatik iş apardığını, təzyiqlər göstərdiyini ortaya qoyur. Həmin qondarma və saxta qurumları aydındır ki, Rusiya yaradıb. İşğal etdiyi ərazilərdə qondarma rejimlər yaratmaq, bu rejimlərin dəvəti ilə hərbi bazalar qurmaq, sərhədlərə nəzarət etmək kimi fəaliyyətlər son illər Rusiyanın beynəlxalq hüququ çeynəmək siyasətinin tərkib hissəsidir. Bu keçmiş imperiya siyasətinə qayıdışın əlamətidir. Rusiyanın hansı ölkələrə ciddi təzyiqlər etmək imkanı var, habelə bu ölkələrin Gürcüstanla ciddi diplomatik əlaqələri yoxdursa, onlar belə addım atır. Bundan əvvəl Venesuela, Nikaraqua, Naur Adası separatçı Osetiya və Abxaziyanı tanıyıb. Bu ölkələrin Gürcüstanla münasibətlərinə baxmaq lazımdır. Üstəlik bu addım həm də ABŞ-la münasibətlərin əksidir. Bu ölkələr həm də ABŞ-la kəskin münasibətləri olan ölkələrdir. Yəni bir tərəfdən bunu Suriyanın Rusiyadan asılılığı, Moskvanın Əsədə təzyiqi, digər tərəfdən bu rejimlərin dolayısı ilə ABŞ-a olan münasibəti kimi qiymətləndirmək olar".