“İki məqamda Qorbaçovun rəngi dəyişdi və üzü qızardı…” Dünya

“İki məqamda Qorbaçovun rəngi dəyişdi və üzü qızardı…”

Sovet lideri Xomeyninin hansı sözlərindən pərt olub?

İran KİV-ləri Ayətullah Xomeyninin sovet lideri Mixail Qorbaçova göndərdiyi məktuba yenidən geniş yer veriblər.
1989-cu il yanvarın 1-də Kremldə keçirilən görüş zamanı baş verənlərə dair yeni təfərrüatlar üzə çıxıb.
Mixail Qorbaçovla görüşdə iştirak etmiş üç şəxs – Ayətullah Cavadi Amoli, Məhəmməd Cavad Laricani və mərhum Mərziyə Hədidçinin (Dəbbah) Moskvaya səfərindən əvvəl SSRİ xarici işlər naziri Eduard ŞevardnadzeTehranda olub. Sovet liderinə məktub göndərilməsi də həmin səfər çərçivəsində razılaşdırılıb.
İran nümayəndə heyətinə rəhbərlik etmiş Ayətullah Cavadi Amoli xatırlayır:
Strateq yazır ki, "Məktub Şevardnadzenin Tehrana səfərindən sonra yazılıb və Qorbaçov məktubdan xəbər tutduqda çox sevinib. Namənin şəxsən Qorbaçov üçün oxunması vacib idi. O deməmişdi ki, məktubu sonra, fürsət düşdükdə oxuyacaq. Üstəlik, naməni cümlə-cümlə onun üçün oxunması və tərcümə edilməsi lazım idi. İzah və yozum ehtiyacı olardısa, elə oradaca bunu icra etməli idik.
İmamın (Ayətullah Xomeyni ) öz xətti ilə yazılmış mətnin orijinalının kənarında ingiliscə tərcüməsi yazılmışdı, çünki məktubun əsli sovet liderinə ünvanlansa da, məxsusi deyildi, daha geniş auditoriya üçün nəzərdə tutulmuşdu".
Daha sonra Cavadi Amoli xatırlayır: "Yanvarın 1, saat 11-də 3 nəfərlik İran heyəti səfirlə birlikdə sovet lideri ilə görüşdü. Qorbaçovdan başqa görüşdə xarici işlər naziri, bir tərcüməçi və partiya mətbuatının təmsilçisi iştirak edirdi.
Kremldə İran nümayəndə heyətini izzət və hörmətlə qarşıladılar və təxminən beş dəqiqə davam edən salamlamadan sonra Qorbaçov əvvəlcə dedi: "Biz fərqli fikirlərlə dinc yanaşı yaşaya bilərik. Məlum məsələdir ki, mühüm bir mesajı çatdırmalısınız, tələsməyin və mənə də onu dərk etmək fürsəti verin"".
İran nümayəndə heyəti sovet rəhbərini Milad bayramı münasibəti ilə təbrik etdikdən sonra məktubu Mixail Qorbaçova təqdim edib.
"Məktub böyük əhəmiyyətə malik olduğundan o, cümlə-cümlə oxunmalı idi ki, məzmunu düzgün qavransın. Buna görə də, bəzi hallarda, hətta tərcüməçinin təkidi ilə, məzmunun lazımi şəkildə Qorbaçova ötürülməsinə çalışırdıq. Odur ki, məktubun oxunması və tərcüməsi bir saat davam etdi, bu müddət ərzində Qorbaçov oxunanlara məmnuniyyətlə qulaq asdı və mesajın yalnız iki məqamında onun rəngi dəyişdi və üzü qızardı…"
Sovet liderinin haldan-hala düşürən hansı cümlələr olub?
Cavadi Amoli xatırlayır: "İmam deyirdi: "Aydındır ki, bundan sonra kommunizm yalnız dünyanın siyasi tarix muzeylərində axtarılmalıdır…""
Qorbaçovun sifətini allandıran ikinci cümlə Əfqanıstanla bağlı olub: "İslama ciddi yanaşma Sizə Əfqanıstan və s. problemlərdən nicat verəcək".
Qasid xatırlayır ki, məktub oxunarkən, Qorbaçov qeydlər aparıb. "Qiraət qurtardıqda, sovet lideri zarafata salıb dedi: "Deyəsən, Xomeyninin ideologiyamızdan xoşu gəlmir. Bizi İslam təlimini öyrənməyə dəvət edir, biz də onu təlimimizi öyrənməyə çağırırıq…" Lakin sonradan Qorbaçov yenidən niyyətinin ciddiliyini vurğulayıb: "Biz fərqli fikirlərlə dinc yanaşı yaşaya bilərik…""
İki saatlıq görüş başa çatdıqda İran nümayəndə heyəti ilə Qorbaçov arasında daha bir kuryoz baş verib. "Xudahafiz, Allah köməyiniz olsun!" deyən qasidlərə Qorbaçov deyib: "Bizim xalq başqa cür deyir: "Tanrı işinizi avand eləsin!"
İranlıların cavabı gecikməyib: "Bizim insanlar deyirlər: "İlahi, sənə sığınaraq qiyam edirəm!", sonra da qüdrət sahibi olurlar…"