Rusiyada iqtisadi tənəzzül başlayır Dünya

Rusiyada iqtisadi tənəzzül başlayır

Qərblə Moskva arasında "sanksiya müharibəsi" dərinləşir

Cavid

ABŞ və Avropa Birliyinin sanksiyalarına məruz qalan Rusiyanın "Qazprombank" və "Rosselxozbank" bankları yardım üçün dövlətə müraciət ediblər. Bu barədə Rusiya Nazirlər Kabinetindəki mənbəyə istinadən "Vedomosti" qəzeti yayıb.
Qəzetin məlumatına görə, "Rosselxozbank" hökumətdən 100 milyard rubl istəyib. Bundan başqa bank 8.7 milyard dollar təşkil edən xarici borcların kompensasiyası üçün də pul tələb edib. Hökumətin bununla bağlı yekun qərarının sentyabrda veriləcəyi bildirilir.
"Qazprombank" da Milli Rifah Fonduna imtiyazlı səhmlərini 40 milyard rubla təklif edib. Bankdan bildirilib ki, hökumətdən yardım istəməkdə haqlıdırlar, çünki onlara qarşı sanksiyalar dövlətin addımlarına görə tətbiq olunub.
Maliyyə Nazirliyi isə banklara yardım etməkdən imtina edir. Nazirlikdəki mənbə qəzetə bildirib ki, banklar sanksiyalardan istifadə edib dövlətin yardımından maksimum yararlanmaq istəyirlər.
Qeyd edək ki, iyulun sonunda Qərb Rusiyanın "Novatek", "Rosneft", "Vneşekonombank", "Qazprombank", "Bank Moskva", VTB, "Rosselxozbank" şirkətlərinə qarşı sanksiyalar tətbiq etmişdi.
ABŞ prezidenti Barak Obama isə Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, Amerika tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar effektlidir və bu ölkənin iqtisadiyyatına neqativ təsir göstərir.
"Sanksiyalar öz nəticəsini verir və Rusiya iqtisadiyyatı üzərində ağır yükə çevrilib", - deyə o, söyləyib.
Ukrayna böhranından danışan B.Obama bildirib ki, Vaşinqton hələlik problemin sülh yolu ilə həllinə ümid edir və Ukraynaya silah göndərmək qərarına gəlməyib: "Biz Ukrayna hökumətinə və ordusuna yardım edirik və onların öz ölkələrini müdafiə edə bilməsi üçün nələrin lazım olduğu barədə müzakirələri davam etdiririk. Lakin Ukrayna üçün edə biləcəyimiz ən yaxşı şey məsələnin siyasi yolla həlli prosesinə qayıtmaq ola bilər".
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin də öz növbəsində Avropaya qadağa qoyub. Yeni qadağaya görə, Rusiyaya sanksiya tətbiq edən ölkələrə kənd təsərrüfatı məhsulları, xammal və ərzaq gətirmək yasaqlanıb.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Bu qadağa qanun qüvvəyə minəndən sonra bir il ərzində tətbiq ediləcək.
Rusiya eyni zamanda Ukrayna aviaşirkətlərinin tranzit reyslərini qadağan edib. Bu barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev bildirib. O qeyd edib ki, Rusiya Gürcüstana, Azərbaycana, Ermənistana və Türkiyəyə RF hava sahəsi vasitəsi ilə Ukrayna aviaşirkətlərinin tranzit reyslərini dayandırıb.
Bu qərar "Xüsusi iqtisadi tədbirlər haqqında" qanunda da öz əksini tapıb. Qanun Dövlət Duması tərəfindən qəbul edilib. Sözügedən qanun 2006-cı ilin dekabrında Rusiya prezidenti tərəfindən imzalanıb. Qanun beynəlxalq fövqəladə vəziyyətin yaranması halında xüsusi müvəqqəti iqtisadi tədbirlərin tətbiqi üçün hüquqi əsasların yaradılmasına yönəldilib.
Bu qanun beynəlxalq qeyri-qanuni əmələ və ya xarici dövlətin düşməncəsinə hərəkətinə təxirəsalınmaz reaksiyanı tələb edir. Rusiya Federasiyası bu qanun vasitəsi ilə öz maraqlarını və təhlükəsizliyini təmin edir.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi ölkələri Rusiyanı Krımın ihlaqında, Ukraynanın daxili işlərinə müdaxilədə ittiham edir. Buna görə də Qərb ölkələri mart ayından Rusiyaya qarşı bir necə dəfə sanksiyalar tətbiq edib.
Ağ Evin sözçüsü Laura Lucas Magnuson isə ötən gün deyib ki, Rusiyanın ABŞ-dan ərzaq idxalına qadağa qoyması Rusiyanın beynəlxalq ictimaiyyətdən təcridini dərinləşdirəcək.
O bildirib ki, Moskvanın Qərb ölkələrinin sanksiyalarına cavab zərbəsi Rusiya iqtisadiyyatına zərbə vuracaq.
Rusiya Mərkəzi Bankı da bildirib ki, ərzaq idxalına qadağa ölkədə inflyasiyanın artmasına səbəb olacaq.
Rusiyanın ərzaq standartları agentliyinin sözçüsü Aleksey Aleksenko yerli mətbuata müsahibəsində ABŞ-da istehsal olunan bütün növ ərzaq məhsullarının, o cümlədən Avropa Birliyindən gətirilən bütün meyvə və tərəvəzin idxalının dayandırılacağını açıqlayıb.
ABŞ və AB ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunur.
Bundan başqa Moskva Avropa hava yolları şirkətlərinin Asiyaya uçuşlar zamanı Rusiyanın hava sahəsindən istifadəsinə qadağa qoyulması məsələsini gündəmə gətirib.
"Vedomosti" bildirir ki, Avropa şirkətlərinin uçuşları ya məhdudlaşdırılacaq, ya da tamamilə ləğv ediləcək. Rusiyanın sanksiyaları siyahısında "Air France", "Luftansa", "Britsh Airways" kimi bir çox avropalı şirkətlər yer ala bilər.
Ekspertlərin qiymətləndirmələrinə görə, Avropa hava şirkətlərinin şimal xətti üzərindən uçuşu uçuş saatlarını 3-4 saat uzadacaq: "Məsələn, əvvəllər Tokiyoya uçuş 12 saat idisə, bu vaxt indi 16-17 saata qədər uzanacaq. Bunun nəticəsində aviabiletlərin qiymətinin 50-70 faiz qaldırılması gözlənilir".
Avropalı ekspertlər isə Rusiyanın sanksiyalarının "Aeroflot"un özünə sərf etmədiyini bildirirlər. Onların əsaslandırmasına görə, şirkət Sibir uçuşlarından aldığı 180-300 milyon dollar arası gəlirdən məhrum olacaq.
"Rusiya Avropa aviaşirkətlərinin Sibir üzərindən uçuşlarına qadağa qoyarsa, Avropa Birliyi də Rusiya aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan edəcək". "Deutsche Welle"nin verdiyi məlumata görə, bunu Avropa Komissiyasının Almaniyadakı rəsmi nümayəndəsi Rihard Künel deyib.
O bildirib ki, Avropa Birliyi "əvəz əvəz" prinsipi üzrə hərəkət etməyə hazırdır: "Bizim başqa seçimimiz yoxdur".
R.Künel qeyd edib ki, hava dəhlizləri beynəlxalq razılaşmalar əsasında müəyyənləşdirilib, Rusiya bu qaydalara əməl etmək məcburiyyətindədir və birtərəfli şəkildə beynəlxalq hüquqa zidd addımlar ata bilməz.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Avropa aviaşirkətlərinin Rusiya üzərindən tranzit uçuşlarına qadağa qoyulacağı barədə xəbərləri təkzib edib.
Digər bir məlumata görə isə Rusiya ərazisində "Coca-cola" içkisinə əlavə vergilər tətbiq edilə bilər. "RİA Novosti"nin məlumatına görə, Rusiya Kommunist Partiyasının Dövlət Dumasına təqdim etdiyi qanun layihəsi tərkibində şəkər olan alkoqolsuz içkilərə, xüsusilə də "Coca-cola"ya əlavə aksiz vergisi tətbiq edilməsini nəzərdə tutur. Buna görə Vergi Məcəlləsinin "Aksizlər bölməsinə dəyişilik edilməsi nəzərdə tutulur.
Layihənin müəllifləri deyirlər ki, şirin qazlı içkilər, xüsusilə də "Coca-cola" piylənmə, xərçəng, infarkt və digər xəstəliklər üçün zəmin yaradır. Aksiz vergisinin tətbiqi həmin içkilərin qiymətini bahalaşdıracaq. Nəticə olaraq, əhali bu içkilərin istifadəsində maraqlı olmayacaq.
Bəs Moskvanın sanksiyalara cavab tədbirləri Rusiya iqtisadiyyatını xilas edə biləcəkmi? Dünya Bankı mütəxəssislərinin Rusiya iqtisadiyyatına dair yeni hesabatında deyilir ki, Rusiyada iqtisadi tənəzzül yaşanır. Bu ölkədə ÜDM artımı 1,3%-dək enib, halbuki 2012-ci ildə müvafiq göstərici 3,4% olub.
Dünya Bankı vəziyyətin inkişafı ilə bağlı iki ssenari hazırlayıb. Birinci ssenari Krım ətrafındakı böhranın nəticələrinin qısamüddətli olacağını, iqtisadi artımın 2014-cü ildə 1,1%, 2015-ci ildə isə 1,3% təşkil edəcəyini nəzərdə tutur.
İkinci ssenari isə geosiyasi durumun pisləşəcəyi halda iqtisadi və investisiya fəaliyyəti üçün daha ciddi fəsadları nəzərdə tutur. Nəticədə Dünya Bankının eksperləri 2014-cü ildə iqtisadi tənəzzülün 1,8%, 2015-ci ildə isə 2,1% artım səviyyəsində iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar.