Əli Rəbbi: Qərb mətbuatı İrana qarşı qərəzli təbliğat aparır Dünya

Əli Rəbbi: Qərb mətbuatı İrana qarşı qərəzli təbliğat aparır

“Reuters” agentliyinin noyabrın 15-də İranın müxtəlif şəhərlərində baş verən etiraz aksiyalarında polis tərəfindən guya 1500 nəfərin öldürülməsi xəbəri yalandır və həqiqəti əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi çıxış edib.
O bildirib ki, Qərb dövlətlərinin informasiya vasitələri bir mərkəzdən idarə olunur və İrana qarşı çirkin təbliğat aparılır. Qərbin kütləvi informasiya vasitələri, eləcə də bəzi beynəlxalq təşkilatlar dövlət orqanlarının əlində olan faktlara deyil, yalan şayiələrə inanaraq hesabat hazırlayırlar.
Hökumət nümayəndəsi bildirib: “Qərb mətbuatının İran haqqında yalan xəbərlər yayması heç də təsadüfi yanlışlıq deyil. Bu, İrana qarşı düşünülmüş plandır. Məqsəd İranın beynəlxalq imicini korlamaq və rəsmi Tehrana qarşı sanksiyalar siyasətinə haqq qazandırmaqdır. Lakin istər İran xalqı, istərsə də beynəlxalq ictimaiyyət ölkəmizə İrana qarşı yürüdülən ədalətsiz və qanunsuz təbliğatın əsl mahiyyətini başa düşür. Əsl mahiyyət isə ondan ibarətdir ki, İranda sabitlik pozulsun, hakimiyyət devrilsin və ölkənin sərvətləri nəzarət altına alınsın. İran xalqı buna imkan verməyəcək”.