Ermənistan cəmiyyəti parçalanıb Dünya

Ermənistan cəmiyyəti parçalanıb

Sarkisyanın təlxəkliyi ölkədəki narazılığı partlayış həddinə gətirib

Cavid

Son günlər minlərlə Ermənistan vətəndaşı mütəmadi olaraq Serj Sərkisyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrinə, prezident sarayının qarşısına və dövlət başçısının iqamətgahının önünə axışmaqdadır.
Armlur.am və 1in.am saytlarının verdiyi xəbərə görə, ötən gün də İrəvanın Kond məhəlləsinin sakinləri Sərkisyanın iqamətgahının önünə toplaşıblar. Prezidentin gəlişini gözləyən aksiya iştirakçıları ondan problemlərinin yerindəcə həllini tələb ediblər. Onlar 7 ilə yaxın müddətdə ev problemlərinin həll olunmamasından narazıdırlar.
Xatırladaq ki, Sərkisyanın istefası tələbi ilə dünən İrəvanın mərkəzi küçələrində daha bir aksiya keçirilib. Prezidentliyə keçmiş namizəd Paruyr Ayrikyanın rəhbərliyi altında şəhərin Azadlıq meydanında keçirilən etiraz aksiyasında Serj Sərkisyanın istefası tələb olunub. Aksiyaçılar, "İstefa, istefa!" və "Azad və müstəqil Ermənistan uğrunda!" şüarları səsləndiriblər.
Son aylarda təmas xəttində atəşkəs rejiminin davamlı olaraq pozulması və Azərbaycan tərəfindən erməni diversiya kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, ermənilərin çoxlu sayda itki verərək geri çəkilməsi də Ermənistan cəmiyyətində Sarksiyana olan nifrəti artırıb. Ona görə də İrəvanda "Müharibəyə yox!" şüarı altında vətəndaş təşəbbüsü yürüşü keçirilib. Yürüş iştirakçıları Respublika meydanından Xarici İşlər Nazirliyinin binasına, sonra Rusiya səfirliyinə və daha sonra Azadlıq meydanına doğru hərəkət ediblər.
Aksiyanın təşkilatçıları hesab edirlər ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginlik üçün Ermənistandakı rejim məsuliyyət daşıyır. Aksiya iştirakçıları bildiriblər ki, həmçinin Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına görə problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu da məsuliyyət daşıyır. Onların sözlərinə görə, ünvansız bəyanatlarla çıxış etməkdənsə, Minsk vasitəçiləri qan tökülməsinin qarşısının alınması istiqamətində konkret addımlar qəbul etməli, eləcə də snayperləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindən götürməlidirlər. Daha sonra aksiya iştirakçıları münaqişə tərəflərinin vətəndaş cəmiyyətlərini birləşməyə və problemin dinc yolla həllini tapmaq məqsədilə ictimai debatlar aparmağa çağırıblar.
Qeyd edək ki, bundan əvvəl də Ermənistanda müharibə əleyhinə mitinqlər təşkil edilmişdi. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusnun erməni təxribatına verdiyi tutarlı cavab, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevin Ağdama səfəri zamanı verdiyi sərt bəyanatlar Ermənistan cəmiyyətinin ciddi narahatlığına səbəb olub. Artıq onlar ölkələrinin Azərbaycan qarşısında duruş gətirə bilməyəcəyini, müharibə başlayarsa, onsuz da sosial problemlər içərisində boğulan, iqtisadiyyatı məhv olmuş, müstəqilliyini itirmiş Ermənistanın mövcudluğunun təhlükə qarşısında qalacağını dərk edirlər.
Bundan əlavə, son hadisələr bir daha göstərir ki, Ermənistan hakimiyyəti ilə cəmiyyəti arasında heç bir vəhdət, heç bir anlayış yoxdur, insanlar terrorçu Sarkisyan hakimiyyətini qəbul etmirlər.
Onu da bildirək ki, ölkəsində getdikcə nüfuzunu itirməkdə davam edən Serj Sarkisyan öz partiyasında hərbi nizam-intizam yaratmaq istəyir. Buna görə, Ermənistan prezidenti partiyasının keçirilən hər iclasında tənqid olunur. Hakim partiyanın son iclası da kifayət qədər gurultulu keçib. Sakitliyi pozan partiyanın üzvü Vardan Ayvazyan olub.
Onun replikasından sonra prezident iradını bildirməli olub. "İclas şuluqluq yeri deyil və burada toplaşanların hamısı partiyanın xəttini dəstəkləməlidir". Əsl keçmiş kompartiya kimi...
İclasda söhbət partiya birliyindən gedib ki, bu da Ayvazyanın xoşuna gəlməyib. O, çıxışında deyib ki, fikir ayrılıqları, proseslərə müxtəlif baxışlar əsl demokratiyadır.
Partiyanın lideri və prezident Serj Sarkisyan onun sözünü kəsərək deyib ki, öz fikrini partiya fraksiyasının iclaslarında hər hansı məsələnin müzakirəsi zamanı demək lazımdır: "Təşəbbüs ölkə parlamentinə çatanda isə partiya üzvləri birlik nümayiş etdirməlidir və vahid mövqe tutmalıdır".
İclasda o daqeyd edilib ki, iqtisadiyyat üzrə parlament komissiyasının sədri Vardan Ayvazyan özünü əsl müxalifətçi kimi aparır. Görünür, məhz buna görə Serj Sarkisyan partiya sıralarında sərt rejim yaratmağa çalışır.
Ermənistanda Sarkisyana qarşı çıxışlar HATO-nun Uels sammitindən sonra daha da güclənib. Çünki bu sammitdə Sarkisyana əməlli-başlı "şapalaq" dəyib.
Yeri gəlmişkən, Ermənistanın Gömrük İttifaqına daxil olması prosesində də anlaşılmaz problemlər var. "Erməni Milli konqresi"nin üzvü, iqtisadçı ekspert Zoya Tadevosyan hesab edir ki, Qərbin sanksiyaları fonunda Rusiyanın iqtisadi problemlər yaşaması Ermənistana yaxşı prespektiv vəd etmir.
"Rusiyadakı mövcud iqtisadi vəziyyət optimist əhval-ruhiyyə üçün əsas vermir", deyə Tadevosyan bildirib.
Zoya Tadevosyan Rusiya ilə Ermənistan arasında münasibətləri şərh edərkən bildirib ki, rəsmi Moskva Ermənistana tamamilə onun təsiri altında olan ölkə kimi baxır.
Onu da bildirək ki, İrəvanda Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinə üzv olmaq səylərinə qarşı da etiraz çıxışları artır. Məsələn, bir neçə gün öncə bir qrup ictimai fəal Ermənistan paytaxtının Azadlıq meydanından "Putin, əl çək Ermənistandan!" yazılmış plakatlarla və Ermənistanın Avrasiya İttifaqına daxil olması əleyhinə şüarlarla prezident iqamətgahına doğru yürüş keçiriblər.
Etiraz tədbiri ötən il sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarkisyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqına daxil olmaq niyyətində olduğunu bəyan etməsinə cavab olaraq təşkil olunub.
"Gömrük İttifaqı Rusiya imperiyasının bərpa edilməsinin ssenarisi olub. Ukraynasız isə bu təşəbbüs ciddi qəbul oluna bilməz, Gömrük İttifaqı Ukraynasız iflasa düçardır. Bəzi Rusiya təlxəklərinin bəyanatları isə hətta Qazaxıstan və Belarus prezidentlərini hirsləndirib", - deyə etiraz aksiyasının iştirakçısı, Gümri Jurnalistlər Klubunun rəhbəri Levon Barseğyan jurnalistlərə deyib. Onun sözlərinə görə, Ermənistan prezidentinin "bütün erməni xalqı adından belə bir qərar qəbul etməyə haqqı olmayıb".
"Gömrük İttifaqına daxil olmaq ölkəmizin müstəqilliyini təhlükə altına qoyur. Odur ki, biz Serj Sarkisyanın istefasını tələb edirik", - Levon Barseğyan deyib.
Ermənistan prezidenti Serj Sarkisyanın yarıtmaz addımlarından danışan erməni şərhçi İqor Muradyan rəsmi İrəvanın ruspərəst siyasətini kəskin tənqid edib: "Gömrük İttifaqına girmək istəyini bəyan etməklə Sarkisyan Ermənistanı dalana dirəyib. Hətta nə vaxtsa Avrasiya və Gömrük İttifaqları dağılsa belə, bu, Ermənistanı xilas etməyəcək. Sarkisyan oyunu uduzub.
Çünki Qərb ölkələrinin rəsmi İrəvana silah satmaqdan imtina etməsi, Ermənistanın əsas silah təchizatçısı Rusiyadan asılılığını daha da artıracaq. Amma bu, hələ hamısı deyil. Azərbaycan maddi imkanlarına görə bizdən qat-qat güclüdür. Onun beynəlxalq bazarlardan tam miqdarda silah almaq imkanı var. Rusiya o qədər güclənib ki, Qərblə açıq rəqabət üçün Türkiyə və Azərbaycanla əməkdaşlığa başlayacaq. Bu isə Ermənistan üçün 1 nömrəli təhlükə olacaq".
Politoloq Qabil Hüseynli hesab edir ki, təcavüzkar ölkə cəmiyyəti ikiyə parçalanıb: "Bir qisim Ermənistanın Putinin Gömrük ittifaqına (Gİ) qatılmasını istəyirsə, başqa bir qisim Avropa Birliyi ilə assosiativ sazişə meyillənir. Avropaya inteqrasiyanı dəstəkləyənlər Sarkisyanın yürütdüyü siyasətə qarşı sərt mövqe tutublar".
Q.Hüseynlinin sözlərinə görə, ermənilər düşünürlər ki, Gİ-a daxil olmaq Dağlıq Qarabağın sonrakı taleyi üçün ciddi problemlər yaradacaq: "Avrasiya İqtisadi Birliyi təsis edilərkən, Qazaxıstan, Rusiya və Belarusiya Ermənistana bildirdi ki, birliyə BMT-nin müəyyən edilmiş sərhədləri çərçivəsində qatıla bilər. Düşmən ölkə də razılaşdı. Həmin tədbirdə Rusiyanın siyasi aləti olan Ermənistana arxa çevirməsi ölkədə Sarkisyan əleyhinə etirazları daha da şiddətləndirdi".
Q.Hüseynli diqqətə çatdırıb ki, dünya arenasında Ermənistana saymazyana yanaşılır: "Bunu da erməni politoloqlar yaxşı görürlər. Ermənistanın heç bir beynəlxalq imici qalmayıb. O, Rusiyanın qoltuqaltına çevrilmiş dövlətdir. Sakisyanın bütün məsələlərdə Putinin ağzına baxması, Ermənistan cəmiyyətində qəzəb doğurur".
Q.Hüseynli onu da əlavə edib ki, iqtisadi potensialın və digər sahələrin inkişafı baxımından Azərbaycan Ermənistandan dəfələrlə üstündür: "Bu ölkələrin bütün sahələrdəki gücünü müqayisə etməyə dəyməz. Azərbaycan sürətli iqtisadi inkişafa və demokratik ənənələrə malik ölkədir. Ermənistanda isə Sarkisyan hökumətinin özbaşınalığı, vətəndaşlara qarşı soyğunçuluq, məhkəmə sistemindəki ədalətsiz qərarlar, ölkənin xirtdəyəcən korrupsiya və rüşvətə bürünməsi, əhalinin sosial durumunun ağırlığı cəmiyyəti məhv edib. Hər il ölkədən yüz minlərlə erməni xarici ölkələrə üz tutur. Yaxın bir neçə ilə Ermənistan boşalacaq. Cəmiyyətin hiddətinə səbəb olan başlıca məsələlərdən biri də məmurlarla sadə vətəndaşlar arasındakı uçurumdur. Bu çox böyük problemdir. Bütün bunlar Sarkisyan hökumətinin formalaşdırdığı sistemin bəlasıdır".