Sarkisyanın "konstitusiya islahatı” ölkəni qarışdırdı Dünya

Sarkisyanın "konstitusiya islahatı” ölkəni qarışdırdı

Ermənistan müxalifəti mittinq qərarı verdi

Cavid

Ermənistan indi də Sarkisyanın "konstitusiya islahatları" niyyətinə görə çalxalanmağa başlayıb. Cinayətkar rejim ölkədə konstitusiya islahatları aparmaqla qeyri-qanuni yolla hakimiyyətini möhkəmləndirmək niyyətindədir. Əhali sə buna qarşı çıxır.
Elə Erməni Milli Konqresinin mətbuat katibi Armen Musinyan da deyib ki, konstitusiya islahatının əsas və tək hədəfi Serj Sarkisyanın hakimiyyətdə qalmaq cəhdidir.
"Biz əminik ki, indiki prezident və onun komandasının bu islahatları alınmayacaq və Sarkisyan öz hakimiyyət müddətini uzada bilməyəcək", - deyə Musinyan qeyd edib.
Hətta, Ermənistanın parlament idarəçilik sisteminə keçidinin tərəfdarları belə konstitusiya islahatlarının keçirilməsinə qarşı çıxırlar. "İrs" partiyasının lideri Raffi Ovanisyan qeyd edib ki, bugünkü hakimiyyət belə islahatların keçirilməsi üçün qeyri-legitimdir.
Ovanisyan təklif edilən islahatların bundan əvvəl də qəbul olunduğunu və icra edilsə də, heç bir dəyişikliyin yaranmadığını vurğulayıb. Onun fikrincə, bu gün ölkədə yaranan bir çox problemlər məhz konstitusiyaya riayət edilməməsindən irəli gəlir: "Konstitusiya sadəcə mündəricat deyil, eyni zamanda reqlamentdir. Ölkə inkişafı istənilən səviyyəyə çatmayıb, hakimiyyət isə bu cür əhəmiyyətli prosesin reallaşdırılması üçün lazım olan legitimliyə sahib deyil".
Ovanisyan islahatların keçirilməsi üçün müəyyən olunan vaxtın onu təəccübləndirdiyini, eləcə də bu islahatlar barədə danışıqların son prezident seçkilərindən sonra gündəmə gətirildiyini, hazırkı dövlət başçısının prezidentliyə bir daha namizədliyini iddia edə bilməyəcəyini qeyd edib.
"İrs" partiyasının rəhbəri, həmçinin qeyd edib ki, sözügedən prosesi şübhə altına alan digər bir məqam isə konstitusiya islahatlarının hazırlanması komissiyasına Konstitusiya Məhkəməsi sədrinin gətirilməsi ilə bağlıdır. Ovanisyan burada mənfəət güdüldüyünü, hansısa maraqların toqquşmasının olduğunu vurğulayaraq, "məhkəmə hakimiyyətinin nümayəndəsi bu prosesdə iştirak etməməlidir", deyib.
Erməni parlamentinin üzvü Levon Zurabyan isə bildirib ki, hakim zümrənin əsas səyi hakimiyyəti nəyin bahasına olursa olsun saxlamaqdır: "Hamı bilir ki, Serj Sarkisyan öz prezidentlik müddətini tamamlayır. Yeni islahatlar prezidentin baş nazir postuna keçməsinə və Sarkisyana uzun illər öz hakimiyyətini geniş səlahiyyətlərlə davam etdirməyə imkan verəcək".
Parlamentin bir çox deputatları artıq açıq şəkildə deyirlər ki, xalq konstitusiya islahatlarını deyil, iqtisadi islahatları gözləyir. Ölkədə sözün həqiqi mənasında yaşamaq gündən-günə çətinləşir.
Erməni qəzeti "Aravot" bildirir ki, ərzaq məhsullarının qiyməti son bir həftə ərzində kəskin şəkildə bahalaşıb. Hərçənd ki, ərzaqlar arasındakı əsas məhsul olan çörəyin qiyməti artmayıb. Nəşr qeyd edir ki, buna baxmayaraq çörəyin çəkisinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
Hakimiyyət isə xalqı konstitusiya islahatlarıyla "yedirməyə" davam edir.
Qeyd edək ki, yeni konstitusiyaya əsasən Ermənistan faktiki parlamet idarəetmə sistemli respublikaya çevriləcək. Baş nazir vəzifəsinə parlamentdə üstünlük əldə etmiş partiyanın nümayəndəsi seçiləcək və ölkənin idarə olunması ilə bağlı əsas səlahiyyətlər baş nazirə veriləcək. Prezidentin isə 7 il müddətinə parlament tərəfindən seçilməsi nəzərdə tutulur.
Ermənistanda əslində nə baş verir və prezident Serj Sarkisyanın bu siyasi oyunlarının məqsədi nədir? Təbii ki, hakimiyyət ilk növbədə Ukrayna ssenarisinin Ermənistanda təkrarlanmasının əvvəlcədən qarşısını almağa və ölkənin Gömrük İttifaqına daxil olması prosesini ciddi narazılıqlara yol açmadan ötüşdürməyə çalışır. Aparılan siyasi maxinasyaların düşünülmüş və hesablanmış olmasını nəzərə alsaq, rusiyalı siyasi texnoloqların bu işdə ermənilərə yardım etdiklərini ehtimal etmək olar. Çünki Ermənistanda "Maydan"ın təkrarlanması Putinin onsuz da puç olmuş "zorən ittifaqı"nın sonunu yaxınlaşdıracaq.
Konstitusiya islahatları, yaxud müxalifətlə məsləhətləşmələr və s. isə vaxt udmaq üçün və ictimayyətə yeni müzakirə mövzuları verməkdir və təbii ki, etiraz çıxışları zamanı səslənə biləcək tələblərin əvvəlcədən yerinə yetirilməsidir. Görünür, ermənilər Ukraynadan yaxşı dərs alıblar.
Xatırlatmaq yerinə düşər ki, "Maydan"ın ilk tələbi hökumətin istefası, ikinci tələbi isə 2004-cü il konstitusiyasına geri dönmək olub. Ermənistan hakimiyyəti əvvəlcədən hökuməti istefaya göndərir və konstitusiya islahatları həyata keçirir ki, etirazlar nəticəsində prezidentin bu tələbləri yerinə yetirməsi hakimiyyətin zəifliyindən xəbər verə bilər. Bu, həm də pensiya islahatlarının ləğv olunması ilə bağlı tələblər yerinə yetirildikdən sonra hakimiyyətin yeni tələblərlə üzləşməməsi üçün hesablanıb.
Ermənistanda konstitusion islahatlarla bağlı xüsusi komissiyanın üzvləri ilə görüşən prezident Serj Sarkisyan bəyan edib ki, bir daha prezidentliyə namizədliyini irəli sürməyəcək. Hələ ötən ilin payızında hakim Respublika Partiyasının bəzi təmsilçiləri Sarkisyanın bu qərarının arxasında gizlənən bir neçə variantı istisna etmirdilər. Bunlardan biri də məhz 2017-ci ildə Milli Məclisə seçkilərdən sonra parlament üsul-idarəsinə keçidlə bağlı ehtimallar idi. Yaxud hazırki prezidentin adının RP-nin parlamentə növbəti seçkilərdə proporsional seçki siyahısının başında olması onu deməyə əsas verir ki, RP qalib gələrsə, Sarkisyan baş nazir seçilə və Ermənistanı bu statusda idarə edə bilər.
Prezident Yanında Konstitusiya İslahatları Üzrə Xüsusi Komissiyanın (KİXK) rəhbəri Qaqik Arutyunyanın sözlərinə görə, konstitusiya islahatları üzrə referendum 2016-cı ildən tez keçirilə bilməz.
Referendumla bağlı İrəvanda iqtidar -müxalifət qarşıdurması daha da artıb. İqtidar konstitusiyaya düzəlişləri qaçılmaz hesab edir və hazırki konstitusiyanın icraedici hökumətin işinə mane olduğunu bəyan edir, müxalifət, ilk növbədə Erməni Milli Konqresi, Çiçəklənən Ermənistan və İrs partiyaları tamamilə əks mövqe nümayiş etdirir. Müxalifət bəyan edir ki, Sarkisyanın qarşıdakı prezident seçkilərində iştirak etmək hüququ yoxdur, amma bu islahatlar reallaşarsa, Ermənistan yenə də hazırki cinayətkar rejimdən xilas ola bilməyəcək.
"Sarkisyana inanmaq olmaz. Baxın, əvvəlcə Avropa İttifaqı ilə danışıqlar apardı, sonra üzünü Gömrük İttifaqına tutdu. İndi də Rusiya imperializminin yolu ilə gedir"- deyə, Sarkisyanın əleyhinə oturaq aksiya keçirən müxalifət lideri Paruyr Ayrikyan bildirib. Onun fikrincə, Sarkisyan məhz Rusiya prezidenti Vladimir Putinin siyasətini yürüdərək ölkəni baş nazir qismində idarə etmək niyyətindədir:"Bəli, həqiqətən də Ermənistan prezidenti Serj Sarkisyan konstitusiya islahatlarını bəhanə edərək öz hakimiyyətini əbədiləşdirmək niyyətindədir. Aydındır ki, Serj Sarkisyanı hazırda iki şey maraqlandırır - hakimiyyətdə qalmaq; iqtisadiyyata və maliyyə axınına nəzarət etmək. Görünür ki, konstitusiyaya dəyişiklərin əsl səbəbini elə burada axtarmaq lazımdır".
Əslində Serj Sarkisyan yaxşı dərk edir ki, 2018-ci ilədək, yəni prezident səlahiyyətləri bitənə kimi, gələcək müqəddəratını həll edə biləcək məsələləri bəri başdan öz yoluna qoymalıdır. Bu gün hazırki rejim tərəfindən hakimiyyəti qoruyub saxlamaq üçün "yüksək texnologiyanın" varlığına, ölkədə siyasi və iqtisadi monopoliyanın hakim Respublika Partiyasının əlində olmasına baxmayaraq, rejimin, ilk növbədə isə Sarkisyanın qarşısında çox ciddi bir maneə dayanır. Həmin maneə Sarkisyana prezident postuna ardıcıl olaraq 3-cü dəfə namizədliyini irəli sürməyə qoymayan Konstitusiyadır. Qanuna söykənən məhz belə bir güclü maneə Respublika Partiyasının və onun liderinin hakimiyyətinin sonu ola bilər.
Bəzi müşahidəçilər hesab edirlər ki, konstitusion dəyişikliklər yolunu seçməklə, Serj Sarkisyan təkcə hakimiyyət müddətini uzatmaq məsələsini həll etmiş olmur, o, həm də hökumət daxilində mərkəzdənqaçma proseslərini yoluna qoymağa çalışacaq.
Bu, həm də Sarkisyanın digər mümkün namizədlərə bir mesajıdır. Serj demək istəyir ki, hakimiyyət piramidasının zirvəsini heç kimə verməyəcək. Lakin S.Sarkisyanın yaxın ətrafı gözlənilən islahatları o qədər də müsbət qiymətləndirmir.
Qeyd edək ki, dünən Ermənistan parlamentində təmsil olunan 3 siyasi qüvvə - "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" oktyabrın 10-da İrəvandakı Azadlıq meydanında mitinq keçirmək haqda qərar qəbul edib. Ermənistan mətbuatının yazdığına görə, bu haqda "Parlament dördlüyü" adlanan qurumun nümayəndəsi, "Çiçəklənən Ermənistan" fraksiyasının katibi Naira Zöhrabyan məlumat verib.