Pandemiya Ermənistanı çökdürüb Dünya

Pandemiya Ermənistanı çökdürüb

“Ermənistanda koronavirus epidemiyası ilə bağlı situasiya “sadəcə olaraq dəhşətlidir”.
Bu barədə keçmiş baş nazir Qrant Baqratyan yerli KİV-lərə müsahibəsində bildirib.
O xatırladıb ki, martın ortalarında Ermənistanda fövqəladə vəziyyət elan ediləndə baş nazirin müavini Tiqran Avinyan komendant təyin olundu. “O vaxt bizdə 18 koronavirus xəstəsi vardı, bu gün əgər səhv etmirəmsə, 2619-dur, yəni yoluxanların sayı az qala 146 dəfə artıb. 50 gün ərzində xəstələrin sayı 146 dəfə artıb. Martın 15-də dünyada hər yüz min adama 2 xəstə düşürdü, Ermənistanda isə 0.4 xəstə. Bu gün dünyada hər yüz min adama 46 xəstə düşür, Ermənistanda isə 91. Yəni biz bütün dünyanı ötüb keçmişik”,-Baqratyan bildirib.
O qeyd edib ki, Ermənistanda fövqəladə vəziyyət rejimi formaldır. Qrant Baqratyan Gürcüstanı misal gətirib. Deyib ki, martın 35-də Gürcüstanda 35 nəfərin yoluxduğu təsdiqlənmişdi, Ermənistanda isə bu rəqəm 18 idi. “Bu gün Gürcüstanda vəziyyət bizdən 7 dəfə yaxşıdır. Az qala 10 milyon əhalisi olan Azərbaycanda isə cəmi 1800-ə yaxın adam yoluxub”,-Baqratyan belə deyib.
Keçmiş baş nazir xatırladıb ki, 90-cı illərdə Gürcüstan energetika sistemini idarə edə bilməyəndə Ermənistanın energetika naziri öz gürcü həmkarının kabinetində oturdu və onların energetika sistemini qaydaya saldı.
“Bu gün mən arzu edirəm ki, baş nazir Georgi Qaxariya iki həftəliyinə Ermənistana gəlsin və hökumət başçısı postunu tutsun, göstərsin ki, epidemiya ilə necə mübarizə aparırlar”,-Baqratyan bildirib.
“Biz formal olaraq fövqəladə vəziyyət elan etdik. Səhiyyə naziri heç nə dərk etmədən, nə dediyini anlamadan bildirdi ki, tibbi maska heç nəyi həll etmir. Hakimiyyət gücləndirilmiş rejimə hazır deyil, onlar məmuniyyətlə, “kayfla” koronavirusu dəf etmək istəyirlər. Çində artıq bir neçə həftədir heç kim koronavirusdan ölmür, amma maskasız küçəyə çıxanı cərimələyirlər. Ermənistanda isə heç bir mağaza cərimələnməyib”,-Qrant Baqratyan deyib.