Koalisiyanın İŞİD-ə qarşı əməliyyatının nəticələri Dünya

Koalisiyanın İŞİD-ə qarşı əməliyyatının nəticələri

İŞİD-ə qarşı dəstək qərarı verən Türkiyənin isə üç şərti var

Cavid

ABŞ beynəlxalq koalisiyanın 4 gündür Suriyada davam edən aviahücumlarının nəticələrini açıqlayıb. ABŞ liderliyində keçirilən əməliyyatlar nəticəsində 140-dan çox İŞİD terrorçusu öldürülüb. Öldürülənlərin çoxunun xarici vətəndaşlar - əsasən də Avropa Birliyi, ərəb ölkələri, Çeçenistan və Türkiyədən Suriyaya keçən terrorçular olduğu bildirilir.
Suriya İnsan Haqları təşkilatının direktoru Rami Əbdürrəhman ölənlərin 84-nün İŞİD-çi, 57-nin isə Əl-Nüsra cəbhəsindən olduğunu vurğulayıb. Onlardan yalnız 12 nəfəri Suriya vətəndaşıdır. ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya və Bəhreynin də iştirak etdiyi beynəlxalq koalisiya 4 gün ərzində 30-dan çox əməliyyat keçirib.
Onu da bildirək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İŞİD-in nəzarətindəki 12 neft mədənini də vurub. Bu barədə "İnternethaber" açıqlama yayıb.
İŞİD bu mədənlərdən gündəlik iki milyon dollar gəlir əldə edirdi.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən açıqlamaya görə, Suriyanın şərqindəki əl-Mayadom, Əl-Kamal, Haseke və Deyr Əz-Zor bölgəsində qırıcılar və pilotsuz təyyarələrdən istifadə olunmaqla, 13 hava hücumu edilib. Hücumlarda İŞİD-ə qarşı koalisiyaya qoşulan ABŞ-la birlikdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edib. Açıqlamada həmçinin 5 mülki şəxsin, 14 İŞİD silahlısının öldüyü qeyd olunub. İraqın baş naziri Heydər əl-Abadi isə BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında kulislərdə bildirib ki, İŞİD-çilər Paris və Nyu-York metrolarında terror aktları törətmək istəyir.
İraqın baş naziri Haydar əl Abadi İŞİD terror qruplaşmasının planının bir hissəsini açıqlayıb. BMT-nin İqlim sammitində iştirak etmək üçün Nyu-Yorka səfər etmiş baş nazir jurnalistlərə şok açıqlamalar verib. O, bildirib ki, İraq kəşfiyyatının əldə etdiyi məlumatlara görə, İŞİD Fransanın paytaxtı Parisdə və ABŞ-ın müxtəlif şəhərlərindəki metro stansiyalarında terror aktları törətməyi planlaşdırır. Baş nazirin sözlərinə görə, terror aktlarını bu ölkələrdəki İŞİD üzvləri hazırlayıb və onlar da həyata keçirəcək.
"Terror aktlarının qarşısını almaq üçün bizim əlimizdən heç nə gəlmir. Lakin mən təhlükə ilə bağlı BMT-yə müraciət etmişəm", deyə baş nazir bildirib.
İŞİD-ə qarşı əməliyyat keçirən koalisiya qüvvələrinə dəstək qərarı verən Türkiyənin isə üç şərti var: əməliyyatlar Suriya və İraqla əhatələnməlidir, sabitlik bərpa olunmalıdır, silahlar PKK-ya getməməlidir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "beynəlxalq toplumun İŞİD-ə qarşı başlatdığı hərəkatda Türkiyə də öhdəsinə düşəni edəcək" açıqlamasından sonra siyasilər arasında bu dəstəyin nədən ibarət ola biləcəyi müzakirə edilməyə başlanılıb. Yayılan söhbələrə görə Türkiyə İŞİD-ə qarşı qurulan koalisiyaya tam dəstək verəcək. Bu dəstəyin nədən ibarət olması isə Ərdoğan Türkiyəyə qayıdandan sonra Təhlükəsizlik Şurasının toplantısında dəqiqləşəcək. Ancaq bu dəstəyin beş mərhələ ilə verilə biləcəyi iddia edilir. Dəstək aşağıdakılardan ibarət olacaq:
1.Giriş-çıxışlar qapadılacaq, Türkiyə Avropadan gəlib İŞİD-ə qoşulmaq istəyən radikalları Suriyaya buraxmayacaq, sərhəddə nəzarət və yoxlamalar güclənəcək.
2.Kəşfiyyat məlumatlarının ötürülməsi, MİT-in Avropada kəşfiyyat strukturları ilə əməkdaşlığının gücləndirilməsi.
3.Hərbi dəstək (2 oktyabr tarixində İraq və Suriyaya qarşı iki ayrı müdaxilə nəzərdə tutulur. Əməliyyata qoşulmaq üçün razılıq əldə edilsə, bu, sadəcə hava dəstəyi ilə məhdudlaşacaq).
4.Hava dəhlizinin açılması (Türkiyə hərbi dəstək çərçivəsində koalisiya qüvvələrinə hava məkanını açacaq, İncirlik bazasından istifadə edilməsi də gündəmdədir).
5.Humanitar yardımların davam etdirilməsi.