Ukraynada prezident kim olacaq? Dünya

Ukraynada prezident kim olacaq?

Bu seçkilərdə də mübarizə gərgin keçəcək

Cavid

Ukraynada hazırda vəziyyət stabil olaraq davam edir. Geridə qalan qanlı aksiyalardan sonra Viktor Yanukoviçi taxtından endirən etirazçı kütlə missiyasını başa vurmuş görünsə də xalqı düşündürən növbəti sual Ukraynanın növbəti prezidentinin kimliyidir.
Yeni prezidentin kimliyini indidən demək müəmmalıdır.
Heç şübhəsiz ki, seçkilərdə əsas mübarizə elə müxalifət daxilində baş tutacaq. Artıq Ukrayna prezidentliyinə keçiriləcək növbədənkənar seçki kampaniyasına start verilib.
Ukrayna mediasının verdiyi məlumata görə, növbədənkənar prezident seçkilərnini mayın 25-də keçirilməsi qərara alınıb. Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) təqvim planına əsasən fevralın 25-dən namizədlərin irəli sürülməsi prosesinə start verildi. Ukrayna qanunvericiliyinə görə, namizədlərin irəli sürülməsi prosesi martın 30-dək davam edəcək. Aprelin 4-də isə namizədlərin qeydiyyatı müddəti yekunlaşacaq.
Xatırladaq ki, Ukraynada "Maydan" hərəkatı zamanı ölkədə qanlı toqquşmalar baş verib. Nəticədə hakimiyyət əleyhidarları və güc strukturları arasında 100-dən artıq adam toqquşmaların qurbanı olub, 700-dən çox vətəndaş isə xəsarət alıb.
Fevralın 22-də isə Ali Rada prezident Viktor Yanukoviçə etimadsızlıq göstərib. Fevralın 24-də isə Yanukoviçin sədri olduğu Regionlar Partiyası müxalifətə keçməsini rəsmi şəkildə bəyan edib.
İlkin siyasi mənzərə onu deməyə əsas verir ki, Ukraynanın yeni tax-tacının rəhbəri "Batkovşina" partiyasının sədri Arseni Yasenyuk, "Udar" partiyasının sədri Vitali Kliçko və həbsdən yenicə çıxan keçmiş baş nazir Yuliya Timoşenko üçlüyündən biri olacaq. Deputat Poroşenko da prezidentliyə namizədliyini vermək fikrindədir.
Ekspertlər hesab edirlər ki, adları çəkilən şəxslər arasında prezidentliyə ən potensial namizəd Arseni Yasenyukdur. Onun Qərblə sıx əlaqələri Yasenyuka prezidentliyə gedən yolda "yaşıl işıq" yandıra bilər. O, ölkənin ali kürüsüsünə daha iddialı təsir bağışlayır.
Vitali Kliçkonun siyasi səriştəsizliyi onun Yasenyukdan bir addım geridə durmasına gətirib çıxara bilər. Söz yox ki, Maydan olaylarında Kliçko sonadək mübarizlik nümayiş etdirərək xalqın yanında oldu. Hakimiyyətlə qanlı "döyüşlərdə" sonadək mübarizə apardı. Bu şücaəti ilə Kliçko istər Qərb dövlətləri tərəfindən, istərsə də xalq arasında müsbət imic qazanmış oldu.
Həbsdən çıxar-çıxmaz prezidentliyə namizədliyini verəcəyini bəyan edən keçmiş baş nazir Yuliya Timoşenkonun seçkilərdə qalib gəlməsi sual altındadır. Ən azından Yanukoviç iqtidarını devirməyi bacaran Kliçko və Yasenyukun Timoşenkoya prezidentlik kürsüsünü rahatlıqda verməsi inandırıcı görünmür. Bu baxımdan Timoşenkonun prezident seçiləcəyi böyük sual altındadır.
Bundan əlavə bəzi analitiklər hesab edirlər ki, Ukraynada növbəti qarşıdurma seçki ərəfəsində müxalifət daxilində baş verəcək. Yəni, şəxsi ambisilar müxalifətin həmrəylini poza bilər.
Politoloq Xəqani Hüseynlinin sözlərinə görə, Timoşenko artıq prezidentliyə namizəd olacağını açıqlayıb, Kliçkonun da yaxın günlərdə iddiasını ortaya qoyacağı gözlənilir: "Poroşenko əvvəllər yüksək vəzifələrdə işləyib, xarici işlər naziri olub. Son proseslərdə fəal iştirak edir. Onun reytinqi çox yüksəkdir. Əgər Timoşenko ilə Poroşenkonun reytinqi müqayisə olunsa, ikincinin daha çox səs toplayacağı gözləniləndir. Son hadisələrə qədər də Poroşenkonun reytinqi çox idi. O, aksiyalar dövründə məsələlərin qan tökülmədən, sülh yolu ilə həllinə çalışırdı. "Maydan"la hökumət arasındakı əsas vasitəçilərdən biri idi. Xalqın ona böyük sevgisi və etimadı var. Potensial namizədlər arasında ən güclü dəstək Poroşenkoyadır".
Xaqani Hüseynlinin fikrincə, diqqətdən kənarda qoyulması mümkün olmayan potensial namizədlərdən biri də Ukrayna milliyyətçilərinin lideri Dmitro Yaroşdur: "Əgər o, namizəd olsa, Poroşenkodan da çox səs toplaya bilər. Amma onun seçkidə iştirak edəcəyi dəqiqləşməyib. O, "Maydan"ın əsas qəhrəmanlarındandır. Namizəd olmağa qərar versə, xalq onu dəstəkləyəcək. Amma çox güman ki, Yaroş baş nazir postunu tutacaq".
Politoloq bildirib ki, 2004-cü il inqilabının lideri, keçmiş prezident Viktor Yuşşenkonun seçkiyə qatılması gözlənilmir: "Hazırda Ukrayna cəmiyyəti prezidentliyə kimlərin daha real namizəd olması məsələsini müzakirə edir. Əsas diqqət "Maydan"da aparıcı rol oynayan şəxsiyyətlərə deyil, ümumi idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaşların maraqlarına cavab verən formatın tapılmasına yönəlib. Günün reallığı, meydanlara toplanan insanların gözləntiləri bu yanaşmanı tələb edir".
Xaqani Hüseynli əlavə edib ki, Ukrayna 2004-cü il konstitusiyasına qayıdıb: "Ukrayna avtoritar prezident idarəçiliyindən parlament-prezident idarəetmə üsuluna keçidi. Prezidentin bir sıra səlahiyyətləri baş nazirə ötürülür. Xüsusən də ölkənin daxili siyasəti, iqtisadiyyat məsələlərində baş nazir əsas səlahiyyət sahibi olacaq".
Politoloq Elman Nəsirli isə bildirib ki, istənilən halda Ukrayna 2004-cü il Konstitusiyasına qayıtdı. Ukrayna parlamentli prezidentli respublika olacaq. Yəni faktiki olaraq ölkənin prezidenti müdafiə naziri, xarici işlər naziri və milli təhlükəsizlik nazirinin təqdimatını edəcək. Onları parlament təsdiqləməlidir. Baş nazirin də təqdimatı olacaq və onu da parlament təsdiqləyəcək. Baş nazir isə hökuməti formalaşdıracaq. Bu da o deməkdir ki, ölkədə baş nazirin çox geniş səlahiyyətləri, prezidentin isə məhdud səlahiyyətləri olacaq. Parlamentli-prezidentli respublika quruluşu formalaşacaq. Təbii ki, indi əsas məsələ ölkədə hakimiyyətin, hakimiyyət strukturlarının qurulması məsələsidir və bu istiqamətdə də işlər gedir. Qərbin Ukraynaya köməklik göstərəcəyi barədə də informasiyalar yayılıb.
Politoloq deyib ki, hazırda gündəmdə olan əsas məsələlərdən biri də Rusiyanın təzyiqidir: "Burada Rusiyanın təzyiqləri ilə bağlı məsələlər də gündəmdədir. Ən mühüm təhlükə Yanukoviçin özünün doğulduğu Donetsk, ümumiyyətlə ölkənin şərq hissəsi ilə bağlı məsələlərdir. Separatçı qüvvələr də çalışır ki, bu vəziyyətdən istifadə edib Ukraynada separatizmi artırsınlar və legitim hakimiyyətin qurulmasına mane olsunlar. Belə vəziyyətdə yeni hakimiyyətin formalaşması labüddür və bu hakimiyyət heç şübhəsiz ki, öz sələflərinin buraxdığı səhvləri təkrarlamamalıdır".
Siyasi ekspert vurğulayıb ki, yeni qurulan hakimiyyət güclü olmazsa Yanukoviçin taleyini yaşaya bilər: "Ukrayna xalqı sanki inqilab etməyə artıq vərdiş edib. Ən pis hakimiyyət zəif hakimiyyətdir. Ona görə də hesab edirəm ki, Ukraynada formalaşmış hakimiyyət güclü və xalqın yanında olan hakimiyyət olmalıdır. Belə olan vəziyyətdə Ukraynada hadisələrin ağ ssenari üzrə inkişafı mümkündür. Əks halda isə hadisələr yenə də mürəkkəbləşə bilər. Onsuz da hər kəsə bəllidir ki, inqilabdan sonrakı sindrom deyilən bir məsələ var, çalışmaq lazımdır ki, həmin sindromun qarşısı alınsın".
Ukrayna Azərbaycanlılar Konqresinin sədri Rövşən Tağıyev isə bildirib ki, prezidentliyə namizədlərin siyasi platformasını görəndən sonra bir söz demək mümkündür. Namizədlərin proqramı bəlli olanda söyləmək olar ki, xalq kimi prezident görmək istəyir: "Çox insan öz namizədliyini irəli sürə bilər. Açıq şəkildə Yuliya Timoşenko qeyd elədi ki, baş nazir olmaq niyyətində deyil və prezident seçkilərinə hazırlaşacaq. Vitali Kliçko və Oleq Tyaqnibok, Yatsenyuk da namizədliyini verə bilər. Mən 100 faizlik favorit görmürəm. Təbii ki, reytinqləri olan siyasətçilər var, amma favorit yoxdur".
Politoloq Vəfa Quluzadənin fikrincə isə baş verən inqilabda Qərbə inteqrasiya edən Ukrayna qələbə qazandı, Rusiya isə bu mübarizədən məğlub ayrıldı: "Rusiya hələ Timoşenkonu itirəndə Ukraynadan əli üzülmüşdü. Yanukoviçin getməsi isə Rusiyanın ümidini tamamilə dəfn etdi. Ümumiyyətlə, hesab edirəm ki, Rusiya dağılacaq".
Vəfa Quluzadə hesab edir ki, Timoşenko həbsdən çıxsa da, hakimiyyətə gələ bilməyəcək: "Artıq Maydanda "Timoşenko pensiyaya" şüarları səslənir. Hesab edirəm ki, o, nə prezident seçiləcək, nə də baş nazir olacaq. Hakimiyyətə bu qanlı mübarizədə sinəsini qabağa verən yeni qüvvələr gələcək. Kliçkoya gəlincə, o artıq görkəmli siyasətçidir, amma prezident olmayacaq. Fikrimcə, prezident bizim tanımadığımız siyasətçi olacaq".